Qurultaya hazırlıq BAŞLADI - Əflatun Amaşovun 19 illik fəaliyyətinə MEDİA kapitanlarından RƏY 

Hazırda oxunan: Qurultaya hazırlıq BAŞLADI - Əflatun Amaşovun 19 illik fəaliyyətinə MEDİA kapitanlarından RƏY 

92596

Sentyabrın 24-də Mətbuat Şurasının VIII qurultayının keçirilməsi planlaşdırılır. 2003-cü ildən Mətbuat Şurasına rəhbərlik edən Əflatun Amaşovun yeni qurultayda namizədliyinin verilməyəcəyi bildirilir. Hərçənd ki, bununla bağlı özünün açıqlaması yoxdur. Mətbuat Şurasının 20 ilə yaxın fəaliyyətinin təhlili, Azərbaycan mediasının inkişafında Əflatun Amaşovun töhfələri və yeni seçiləcək sədrdən gözləntilərin müzakirəsi aktuallaşıb. 

Bizim.Media məsələ ilə bağlı tanınmış media mənsubları arasında sorğu keçirib. 

APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı Əflatun Amaşovun və Mətbuat Şurasının fəaliyyətini kifayət qədər yüksək qiymətləndirib.

O, qeyd edib ki, bu müddət ərzində Mətbuat Şurasından xeyli şikayətlər olsa da, bu şuranın yarandığı dövrü əsas götürmək lazımdır:

“Hansı ki, həmin dövrdə mətbuat çoxlu maliyyə sanksiyaları ilə məhkəmədə qalmışdı, böyük media qurumlarının bank hesablarına məhkəmə qərarlarından dolayı sanksilar qolulmuşdu. Media ilə cəmiyyət, eləcə də dövlət qurumları arasında körpü rolunu oynayacaq bir vasitəyə ehtiyac var idi.
Həmin vaxt qeyri-rəsmi redaktorlar birliyi fəaliyyət göstərirdi. Bu sadəcə bir toplantı idi. Həmin toplantılarda Mətbuat Şurasının yaradılması təklifi səsləndirilərək qəbul olunmuşdu. Bir sözlə başqa bir ölkədə mövcud olan belə bir model Azərbaycana gətirildi.

Hesab edirəm ki, bu müddət ərzində Mətbuat Şurası ona nail oldu ki, Azərbaycanda jurnalistlərlə dövlət qurumları, 1cəmiyyətin ayrı-ayrı fərdləri, eləcə də sahibkarlıq subyektləri arasındakı məsələlər daha çox məhkəməyə qədərki mərhələdə həll olundu. Əslində Mətbuat Şurasının missiyası və rolu bundan ibarət idi.

Sonrakı dönəmdə jurnalistlərlə dövlət qurumları arasında isti münasibətlər formalaşdı. Bu müddət ərzində Mətbuat Şurası bir çox jurnalistlərin problemlərinin həllində iştirak etdi və onlara dəstək oldu. Eyni zamanda Azərbaycan Prezidenti də hər zaman Mətbuat Şurasının və Əflatun Amaşovun fəaiyyətini yüksək qiymətləndirib”. 

Baş redaktor hesab edir ki, yeni seçiləcək sədr də eyni missiyanı davam etdirməlidir:

“Təbii ki, cəmiyyətin dəyişən yeni tələbləri var. Mediaya baxış da dəyişib və daha yeni gözləntilər var. Medianın sosial media ilə inteqrasiya olunmuş fəaliyyətinin gücləndirilməsinə, həmçinin hər iki platformada nifrət nitqlərinin azalması üçün iş aparmağa ehtiyac var. Fikrimcə, yeni seçiləcək istənilən həmkarlarımız daha çox bu istiqamətdə fəaliyyətini quracaq.  Indidən Mətbuat Şurasına sədr kim olacaqsa, ona uğurlar arzulayıram”.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, Mətbuat Şurasına yeni seçiləcək sədr Əflatun Amaşov kimi birləşdirici rola malik olmalı və mətbuatın problemlərinə həssas yanaşmalıdır:

“Əflatun Amaşov uzun müddət Azərbaycan mətbuatının inkişafına çalışıb və 19 ilə yaxın bu quruma rəhbərlik edib. Mətbuat Şurası elə bir strukturdur ki, orada daim birləşdirici, müxtəlif fikirləri ortaq məxrəcə gətirə biləcək insanın olmağı müsbət effekt verir. Bu şuranın fəaliyyətini kimlərsə müsbət, kimlərsə mənfi qiymətləndirir. Bir şeyi unutmamalıyıq ki, Mətbuat Şurası qeyri-hökumət və jurnalistlərin könüllü birlik təşkilatıdır. Azərbaycanda 50-yə yaxın jurnalist təşkilatı fəaliyyət göstərir. Fakt isə odur ki, ən böyük tənqidlərin və hədəflərin ünvanı Mətbuat Şurası olub.Amma qurumun səmərəsiz fəaliyyəti ilə bağlı fikirlərə qatılmıram”. 

Akif Aşırlı qeyd edib ki, yeni sədrin də birləşdirici, daha müasir düşüncəyə sahib olması, mətbuatın problemlərinə həssas yanaşması və ciddi şəkildə bunu ictimailəşdirməsi arzuolunandır:

“Düşünürəm ki, budəfəki qurultaya daha ciddi və tənqidi yanaşma müşahidə edəcəyik. Qurultaylar hər zaman demokratik və açıq müzakirələrlə keçirilib. Heç bir gərginliyə yol vermədən Azərbaycan jurnalistləri bir araya gəlməli, Mətbuat Şurasının idarə Heyətini formalaşdırmalı və yeni sədrini seçməlidir”.

Əməkdar jurnalist Azər Ayxanın fikrincə, Mətbuat Şurasına yeni sədrin, İdarə Heyəti üzvlərinin seçilməsindən sonra yeni mərhələ başlayacaq:

“İnanaq ki, bu mərhələ müsbət əlamətlərlə tarixdə qalacaq. Bu dəfə qurultayı fərqli edən sədr dəyişikliyinə gedilməsi olacaq. Dolaşan xəbərlərə görə, Əflatun Amaşovun yerinə Rəşad Məcid seçiləcək. Düzdür, bu məlumat indidən seçkinin obyektivliyini şübhə altına ala bilər. Deyilər ki, əgər sədrin kim olacağına dair xəbərlər indidən yayılırsa, demək, nəticələr adıçəkilən şəxsin, konkret olaraq Rəşad Məcidin xeyrinə saxtalaşdırılacaq. Ehtiyatlı olmaqda fayda var. İndidən belə xəbərlərin dövriyyəyə buraxılması qurultayın işini, seçkinin nəticəsini, gələcək sədrin legitimliyini şübhə altına salar. Əflatun Amaşovun 20 illik fəaliyyətinə gəlincə, onu 90-cı illərin əvvəllərindən şəxsən tanıyıram.
 

İnsan kimi də, sədr kimi də ondan çox razı olmuşam. İnanmıram onun etdiyindən artığını kimsə edə bilərdi. Çünki o dövrdə Prezident Administrasiyasından göndərilən israrlı tapşırıqlardan kimsə kənara çıxa bilmirdi. İndi o tapşırıqlar, mətbuatı və mətbuata bağlı qurumları sıxışdırmaq yoxdur, ya da xeyli azalıb”. 


Azər Ayxan Əflatun Amaşovun çox çətin dövrlərdə Mətbuat Şurasına sədrlik etdiyini vurğulayıb:

“İctimai-siyasi proseslərin gərgin dövründə hər zaman obyektivliyini, peşəkarlığını, ədalətli yanaşmasını qorumağa çalışıb. Ölkədə siyasi abı-havanın kəskinləşdiyi dövrlərdə, etiraz aksiyalarında jurnalistlərin təzyiqlərlə üzləşdiyi zamanlarda hər zaman onu həmkarlarımızın yanında görmüşük. Əlindən gəldiyi qədər nələrsə edib. Bir daha təkrar edirəm, o şərtlər altında MŞ-na sədrlik etmək olduqca çətin idi.

Onu da qeyd edim ki, mətbuata yeni kadrlar təyinatla olmur, bu, istedad və azad mühit nəticəsində yaranır. Hamı deyir, gənclərin önü açılmalıdır. Amma yaşlı nəslin təcrübəsi də nəzərə alınmalıdır. “Gənclər təcrübəsizdir, onları qabağa çəkmək olmaz” fikri yanlışdır. Əksinə, imkan vermək lazımdır ki, onlar da haralardasa təmsil olunsunlar. Dediyim kimi, bu, əsasən peşəkarlığa, istedada və mühitə bağlı məsələdir”.

Editor.az xəbər portalının baş redaktoru Fərid Şahbazlı Azərbaycan mediasının həyatında yeni qurultayın keçirilməsini əhəmiyyətli hesab edir:
 

“Mətbuat Şurasının uzun illik fəaliyyəti var və bu fəaliyyətə birmənalı qiymət vermək mümkün deyil. Müəyyən addımlar atılıb və işlər görülüb. “Heç bir iş görülməyib” demək obyektivlikdən kənar olar. Amma Mətbuat Şurası öz funksialarının öhdəsindən layiqincə gəlib fikri də xeyli müzakirə tələb edən məsələdir.


Hesab edirəm ki, növbəti qurultaydan sonra Mətbuat Şurası öz fəaliyyətini müasir tələblərə və çağırışlara uyğun qurmalıdır. Bu qurumun rəhbərliyində mütləq gənc jurnalistlər yer almalı və koordinasiyalı şəkildə işləməlidirlər. Bilirsiz ki, bu sahədə ölkədə peşəkar və bacarıqlı gənc yetişib. Hansı ki, onlar nəinki ölkə daxilində, xaricdə də media əlaqələrinə sahibdirlər. Mətbuat Şurasını üzvü olan təcrübəli gənc jurnalistlərin namizədləri dəstəklənəcək. İstənilən halda bütün narazılıqlar bir kənara qoyulmalı, Azərbaycandakı islahatlar prosesinin ruhuna uyğun bir heyət formalaşmalıdır”.

"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev hesab edir ki, Mətbuat Şurasının ötən illər ərzindəki fəaliyyətini ümumilikdə qənaətbəxş hesab etmək olar:

"Mövcud şəraitdə mümkün olan töhfələri verməyə çalışıb. Artıq ölkədə medianın inkişafı yeni mərhələyə qədəm qoyub. Bu səbəbdən Mətbuat Şurasının yeni formalaşacağı idarə heyəti müasir çağırışlara cavab verməli, öz fəaliyyətini daha dinamik şəkildə qurmalıdır", - deyə baş redaktor qeyd edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin