Qubanın Haputlu kəndi sentyabr ayından niyə boşaldılır? - Aytəkin Alxaslının REPORTAJI

Hazırda oxunan: Qubanın Haputlu kəndi sentyabr ayından niyə boşaldılır? - Aytəkin Alxaslının REPORTAJI

92477

Sentyabrın ilk günlərində yayın son qızmar günlərindən istifadə edərək yol aldıq üzü dağlara. 

Hər cığırını yaxşı tanıdığım Quba-Xınalıq yolunun 35-ci km-dən - Əlik kəndi başlayan hissəsindən dönərək çayın yatağı ilə  üzü dağlara doğru hərəkət edirik.

Yol yoldaşım yerli icra nümayəndəsinin müavini Mübariz Rüstəmov bu kələ-kötür yollara yaxşı bələd olduğundan "Niva"nı çox ehtiyatla idarə edirdi.

Ağçaydan keçən qara yol

Ağçay sakinlərə əməllicə problem yaradır. Qeyd edim ki, Quba-Xınalıq yolundan Əlik kəndindən keçməklə Haputluyacan olan məsafə 7,5 km-dir. Yerli sakinlər bu torpaq, təmirsiz yolu çayın yatağı ilə qət edir.

Deyirlər ki, hava dəyişən kimi, qış-payız aylarında, yaz daşqınlarında çayın suyu artır, hərəkət etmək çox çətinləşir. Avtomaşınların çaydan necə çətinliklə keçməsini biz də müşahidə edirik.

Haputlu sakinləri uzun illərdir mövcud olan bu problem ilə əlaqədar Quba İH başçısı Ziyəddin Əliyevə müraciət ediblər. Bundan sonra icra başçısı dərhal yolun relyefini yerində araşdırmaq üçün əraziyə mütəxəssislər göndərib.
 

MÖVZU İLƏ BAĞLI:

Şimal bölgəsində 1 şagird təhsil alan 2 MƏKTƏB


Yolun bərpası rayonun imkanları xaricində olduğı üçün rəhbərlik aidiyyatı mərkəzi qurumlar qarşısında məsələ qaldırıb.

Səfər zamanı ara verərək əsrarəngiz təbiət fotolarını kameranın yaddaşına köçürdüyümüz anları nəzərə almasaq, bir saatdan sonra mənzil başına çatırıq.
Budur, artıq Böyük Qafqaz dağ silsiləsinin və Ağçayın sağ sahilində yerləşən, səfalı təbiəti ilə görənləri heyran edən Haputlu kəndindəyik. Kəndi dörd tərəfdən ağuşuna alan dağlar ona daha əsrarəngiz görüntü bəxş edir.

Yazda dolub, qışda boşalan evlər...

Qubanın rayon mərkəzindən 42 km aralıda yerləşən Haputlu kəndi cənubdan İsmayıllı, qərbdən (günbatandan) Xınalıq və cənub-şərqdən Adur kəndi ilə həmsərhəddir. Kənddə 593 sakin, 71 təsərrüfat var. 

Əsasən maldarlıqla məşğul olan kənd camaatı köçəri həyat tərzi sürür. Qışda mal-qoyunu ilə Şirvan zonasına üz tutan haputlular yayda qoyun sürülərini Quba yaylaqlarında bəsləyirlər.

Sentyabrın sonlarında köç yenə üzü qışlaqlara, Şirvana doğru hərəkət etməyə başlayacaq.

Quba İcra Hakimiyyətinin başçısının Əlik İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin müavini Mübariz Rüstəmov deyir ki, qışda kənddə çox az adam qalır. Maksimum 10-12 evdə yaşayış olar, ya olmaz.
Kəndin adı əvvəllər Haput olub, 2016-cı ildən Milli Məclisin qərarı ilə Haputlu adlandırılıb. Haputlular Qubada yaşayan milli azlıqlardan biridir. Onlar kompakt olaraq Qubanın Haputlu və onun cənub sərhədində yerləşən İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli kəndlərində məskunlaşıblar. 

Haputlunun başqa bir dərdi isə mavi yanacaqdır. Kənddə təbii qaz olmadığından sakinlər payız-qış aylarında yanacaq kimi mal təzəyindən və gərmə adlanan qoyun peyinindən istifadə edir.

Bir də bu mənzərəyə bax...

Qonaqpərvərliyi ilə seçilən ölkəmizin digər ərazilərində olduğu kimi Haputlu sakinləri də bizi istiqanlılıqla qarşılayırlar. Bizə bişirdiyi isti çörəyi təklif edən kim, sərin bulaq suyu ikram edən kim... 
Şəhərlilər məndən inciməsin, amma bu kənd camaatı evində olan neməti adama elə səmimiyyət və israrla təklif edir ki, ac olmasan belə süfrədən yan keçmək olmur. 

Məktəb direktoru Şərəf Hüseynov bizi evinə dəvət edir. Özü sadə, ürəyi isə geniş olan bu ziyalının süfrəsində Allah verəndən dadıb kəndi gəzintiyə çıxırıq. Kənd camaatının məsləhəti ilə sərt qayalıqla yerli sakinlərin "Qum"adlandırdığı ən hündür təpəyə qalxırıq.

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən "Qum" təpəsindən kəndi sanki ovucumuzun içinə alırıq. 

Təmiz dağ havası, sərin mehlə ruhumuz dincəlir, ciyərlərimiz sanki bayram edir.
Geri dönəndə Ağçayın sahilində ayaq saxlayırıq. Suyunun təmizliyinə görə Qudyalçayın bir qolu olan bu çayı kənd camaatı Ağçay adlandırır.

Ona baxanda bu il may ayının 30-da Bizim.Media saytında verdiyimiz "Çayların yataqlarında qalaqlanmış tonlarla Zibil sel suları ilə Xəzərə axır" sərlövhəli yazını xatırladım. Mənbəyini dağlardan alan bütün dağ çayları Ağçay kimi təmizdir, dupdurudur. Amma Xəzərə gedib çatanacan zibil poliqonuna çevrilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin