"12-ci İmam Mehdi" ilk dəfə DANIŞDI: "Məni təhdid etdilər" 

Hazırda oxunan: "12-ci İmam Mehdi" ilk dəfə DANIŞDI: "Məni təhdid etdilər" 

92401

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş, "Şaurma N1" restoranlar şəbəkəsinin şəriklərindən olan Natiq Sadıxovun epizodu üzrə Aqil Babayev ifadə verib.

İttihama görə, Natiq Sadıxov Aqil Babayevə zəkat vermək adı ilə 173 min manat, şəhid ailələri üçün evlər tikilməsi üçün 370 min manat verib.
Aqil Babayev qeyd edib ki, Natiq Sadıxovun onun barəsində dedikləri qərəzlidir:  

"İşin mahiyyətindən kənara çıxır, əsas işlər kənarda qalır. Burada şəxsi işləri müzakirə edirlər. Burada belə olmasını onlar əvvəlcədən planlaşdırılıb. Bu hərəkətləri məni təəccübləndirir. Özlərinə hörmət qoymurlar. Qərəzli mövqe nümayiş etdirirlər. Onların dedikləri qeyri-səmimidir".

Təqsirləndirilən şəxs bildirib ki, Natiq Sadıxlı məhkəmədə cəfəngiyyat danışıb:  

"Mən onlardan nə istəmişəm? Bu barədə dəlil-sübut ortaya qoyulmur. Heç kim də bu barədə dəlil-sübut göstərə bilməz. Natiq Sadıxovla bizim ancaq dostluq münasibətimiz olub. Bu da son hadisələrə qədər davam edib".  

Aqil Babayevin sözlərinə görə, Buzovnadakı bağ evinə iş üzrə zərərçəkmişlər Anar və Aslan basqın ediblər:  

"Məni mühasirəyə aldılar, hərəkət etməyimə imkan vermədilər. Sonra Aslan şəhərdəki evimə getdi. Evimdən pul və qızılları götürdü. Oradan bağ evində olanlara zəng etdi, hər şeyin qaydasında olduğunu bildirdi. Bundan sonra məni təhdid etdilər ki, bu barədə heç yerə şikayət etməyin. Şikayət etsəm, mənim üçün yaxşı olmaayacaq.  

Guya onların hər yerdə adamları var. Əgər şikayət etsəm, mənim üçün yaxşı olmayacaq. Bu təhdidlərlə malımı, pulumu alıblar. Bu işlərin də başında Natiq Sadıqov dayanıb. Natiq Sadıxov mən həbs olunandan sonra qohumum Vüqar Tağıyevlə görüşüb. Ona deyib ki, istintaq təcridxanasında sakit dayansın, orada sağ qalıbsa, buna şükür eləsin". 

Aqil Babayev qeyd edib ki, Natiq Sadıxovun onunla bağlı dini baxımdan dedikləri ağ yalandır:

"Mən heç kimə özümü "12-ci İmam" kimi təqdim etməmişəm. O, hədislərlə bağlı deyilənləri düzgün qəbul etməyib. Buna görə də burada yalan danışır". 

Aqil Babayev bildirib ki, onun tərəfindən heç kimdən zəkat pulu yığılmayıb.  

Onun sözlərinə görə, Natiq Sadıxovla biznes şərikliyi olub:  

"Natiq Sadıxov maddi vəziyyəti tənzimləyib, mənim də bizneslə bağlı haqqımı çatdırıb. Şəhid ailələri üçün evlərin tikintisinin aparılması üçün heç kimdən pul almamışam. Bununla bağlı heç kimlə, o cümlədən Natiq Sadıxovla müzakirələrim olmayıb". 
Aqil Babayev qeyd edib ki, Natiq Sadıxovun ona 540 min manat borcu olub: "Amma burada əksini danışır. Deyir ki, bu qədər guya ondan pul almışam. Amma bir fakt göstərmir". 

Aqil Babayev deyib ki, Natiq Sadıxovun ona Xocəsən qəsəbəsində ev tikməyi barədə dedikləri də yalandır:

"Guya məni dindar kimi qəbul edir, deyir ki, Xocəsəndə ev tikib, amma mən bəyənməmişəm. Necə olur ki, Natiq şəhərdə yaşayır, məni özünə böyük kimi qəbul edir, mənə şəhərdə yox, uzaq yerdə ev tikir. Bu, ağ yalandır".

Prokurorun suallarını cavablandıran Aqil Babayev deyib ki, zəkat pulunu zərərçəkmişlər özləri öz aralarında yığıblar:

"Mənim tərəfindən yığılmayıb. Yığılan pullar da ehtiyacı olan şəxslərə siyahı əsasında xərclənib. Elə adam var idi ki, ayda 2-3 min, elə adam da var idi ki, 5 min manat ayda zəkat pulu verirdi. Həmin pulları da mənim qonşum Samir Cəfərov yığıb. Siyahı da onda olub. Samirdən qabaq isə zəkat pullarını Polad Mustafayev yığıb. Bunların hamısı bir-birilərini tanıyıb. Kimin nə problemi var idi, onu da bilirdilər. Bir-birilərinə yardım edirdilər.  

Zəkat pullarının xərclənməsi ilə bağlı mənə də hesabat verirdilər. Bunu öz aramızda belə qəbul etmişdik. Onlar məni etibarlı şəxs kimi tanıyırdılar. Mən də siyahı üzrə xərclənən pulların hesabatına baxırdım, sonra onların özlərinə qaytarırdım". 

Aqil Babayev deyib ki, 1993-97-ci illərdə Daxili İşlər Nazirliyində işləyib və sonradan bizneslə məşğul olub:

"Biznesdə mənə dayım Oqtay Həsənov köməklik edib. Onun 5 qızı var idi, oğlu yoxdur. Məni oğulluğa götürmüşdü. Mənə xırda evlər tikib satmaq üçün 100-150 min pul vermişdi. Bu pullarla da Keşlə qəsəbəsində evlər tikib satmışam. Dəqiq nə qədər ev tikdiyim yadımda qalmayıb. Sonradan Bakının müxtəlif yerlərində də tikinti biznesi ilə məşğul olmuşam". 

Aqil Babayev deyib ki, onun tərəfindən Natiq Sadıxova "İbadulla" ləqəbi verilib: "Natiq Sadıxovla müxtəlif mövzularda söhbətimiz olub. Buna görə də ona bu ləqəbi verdim. Bu ləqəbin mənası Allaha ibadət edən deməkdir". 

Növbəti proses sentyabrın 13-də davam edəcək. 

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.   
O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.  

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.  

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.  

Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin