SOCAR-da kütləvi ixtisar – “Şirkət Əmək Məcəlləsini yerə yıxıb sürüyür”

Hazırda oxunan: SOCAR-da kütləvi ixtisar – “Şirkət Əmək Məcəlləsini yerə yıxıb sürüyür”

9234

“SOCAR Azərbaycanın Əmək Məcəlləsini yerə yıxıb sürüyür. Qanunvericiliyimizə hörmətlə yanaşmır”.

Bunu Bizim.Media-ya açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Dövlət Neft Şirkətində (SOCAR) başlayan ixtisarlarla bağlı danışarkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Neftçilərin maaşı 5 aydır verilmir – SOCAR-a müraciət edildi


O, SOCAR-ın nəzdindəki neft-qaz çıxarma idarələrində kütləvi ixtisarların başlandığını qeyd edib:

“Hələ ötən ilin may ayından etibarən SOCAR-da ixtisarların gedəcəyini bəyan etmişdim. Baxmayaraq ki, şirkətin sözçüsü İbrahim Əhmədov bunu təkzib edirdi. OPEC+ ölkələri əldə olunan razılığa görə gündəlik 718 min barel yox, 554 min barel neft istehsal etməli idi. Buna görə də SOCAR hasilatı azaltmalıydı. SOCAR-da 11 neft-qaz çıxarma idarəsi fəaliyyət göstərir. Bunların işlənmədə olan yataqlarında 5700 quyu var. Hasilatın aşağı salınmasına görə SOCAR 2000-dək neft quyusunu bağlamalı olacaq. Nəticədə kifayət sayda neftçinin işsiz qalması gözlənilir”.

QHT sədrinin sözlərinə görə, ötən il may ayından etibarən hasilatın azalmasını təmin etmək məqsədilə bir sıra neft yataqlarındakı neft quyuları bağlanmalı idi:

“Burada Bibiheybət mədəni, Ə.Əmirov adına Neft-Qaz Çıxarma İdarəsi, Siyəzən, H.Z.Tağıyev və “Abşeronneft” NQÇİ-nin qurudakı mədənlərindəki neft quyularından söhbət gedir. Yalnız orada olan neftçilər deyil, eyni zamanda quruda olan mədənlərə xidmət edən idarələrdəki işçilərin də ixtisara düşməsi gözlənilirdi. Dövlət Neft Şirkəti qeyri-qanuni olaraq imtahan aparmağa başladı. Halbuki bu, Əmək Məcəlləsinə zidddir. Dəfələrlə işçilərin ixtisara düşməməsi ilə bağlı SOCAR-a müraciətlər və çağırışlar etdim. Amma qurum çağırışlara məhəl qoymadı. Yanvarın 18-dən başlayaraq artıq bir çox idarələrə ixtisarla bağlı bildirişlər göndərilməyə başlanıb. Bibiheybət və H.Z.Tağıyev mədənlərində çalışan işçilərin bir çoxuna bildiriş gəlib. Bəziləri məcburən bildirişi almaq üçün sənədə imza atıb, bəziləri isə bundan imtina edib”. 

Hüquq müdafiəçisi SOCAR-ın ixtisarla bağlı keçirdiyi imtahanlardakı sualların qurulması məsələsinə də toxunub. O, imtahana dəxli olmayan sualların salındığını bildirib:

“İşçilərə deyilib ki, ixtisara düşənlər SOCAR-ın keçirdiyi imtahanlardan keçməyənlərdir. Qeyri-qanuni keçirilən imtahanların sualları elə qurulub ki, buna universitetin II kurs tələbələri belə cavab verə bilməzlər. 40 ilin operatoruna və ya 30 ilin çilingərinə bilərəkdən sahələrinə aidiyyəti olmayan sullar verilib ki, balları az toplasınlar. Halbuki ixtisarlaşma Əmək Məcəlləsinin 78-ci maddəsi ilə həyata keçirilməlidir. 62 yaşında işçini ixtisara salıblar. O, harada iş tapacaq? Kim onu işə götürəcək? Qanunvericilik deyir ki, təqaüd yaşına az qalmış işçini ixtisara salıb işdən çıxarmaq olmaz”. 

Mirvari Qəhrəmanlı bildirib ki, SOCAR işə qəbulu çoxdan dayandırmalı idi:

“Dövlət Neft Şirkəti əməliyyat şirkətləri olmadan ildə 6 milyon ton neft çıxarır. 2006-cı ildən bəri qurumda işçilərin sayı süni surətdə artırılıb və paralel lazımsız şöbələr yaradılıb. SOCAR-ın fəaliyyətinə uyğun olmayacaq qədər işçi sayı artırılıb. Yadıma gəlir ki, 1999-cu ildə Natiq Əliyev SOCAR prezidenti olarkən işə qəbulu dayandırmışdı. O, demişdi ki, daxili imkanlar hesabına, vakant yerləri boşalanda işçilər yerləşdirilsin. Dövlət Neft Şirkəti bunu etmədi. İndi isə çoxlu ixtisarlar baş verir”.

Qeyd edək ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi mətbuatda ixtisarlarla bağlı gedən məlumatlara münasibət bildirib. 

Bildirilib ki, hazırda söhbət işçilərin ixtisarından yox, hərbiləşdirilmiş mühafizə komandalarının komplektləşdirilməsindən gedir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin