Nuru Paşanın Bakıda heykəlinin ucaldılmamasının əsasında məmur laqeydliyi dayanır – ZİYALILAR

Hazırda oxunan: Nuru Paşanın Bakıda heykəlinin ucaldılmamasının əsasında məmur laqeydliyi dayanır – ZİYALILAR

9220

“Nuru Paşanın abidəsi insanlarımızın ürəyində qoyulub”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Ziyalılar Forumunun sədri Eldəniz Quliyev “Bakıda Nuru Paşanın heykəlinin qoyulması niyə yubadılır?” sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, Nuru Paşanın heykəlinin qoyulması hər kəsin arzusudur:

“O, Azərbaycanın xilaskarıdır. Bunun danılmaz fakt olduğunu rəsmi strukturlar da qəbul edir”.

Eldəniz Quliyev Nuru Paşaya şəhərimizin mərkəz meydanlarının birində abidə qoyulacağına inandığını deyib.

“Sadəcə bu barədə ictimai rəydə çoxlu fikir yaratmaq lazımdır. Siz bilirsiniz ki, bizim məmurlar astagəldilər. Yuxarıdan göstəriş olmasa, tərpənməzlər. Bu cür müsahibələr, yazılar işin tezləşməsinə xidmət edir. Bu müzakirə etdiyimiz mövzu ilə bağlı yəqin ki, yaxın gələcəkdə işlər görüləcək. Hərə öz işini görsə, yaxşı olar. Məmurlar xalqın arzusunu həyata keçirmək əvəzinə göstəriş gözləyirlər. Dediyim fikirlərə əsasən Bakıda Nuru Paşa üçün heykəlin qoyulması yubadılır”.

Mövzumuzu şərh edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bildirir ki, Nuru Paşanın xatirəsinə heykəlin ucaldılması ilə bağlı dəfələrlə müzakirələr aparılıb:

“Düşünürəm ki, Qarabağ azadlığına qovuşduqdan sonra Azərbaycanla  Türkiyə münasibətləri daha da yüksək bir səviyyəyə gəldi. Bundan sonra yəqin ki, bu məsələdə heç bir əngəl olmayacaq. Bu təkliflərə dövlət səviyyəsində baxılacaq, müsbət bir reaksiya olunacaq. Sovet dönəmindən sonra bu məsələyə əngəl olan  insanlar var idi. Yəqin ki, Nuru Paşanın xatirəsinə heykəlin ucaldılması yaxın zamanlarda baş tutacaq”.

Millət vəkili Fazil Mustafa isə qeyd edir ki, Nuru Paşaya göstərilən münasibət xoşagələn deyil:

“Onun heykəli çoxdan qoyulmalı idi. Təəssüf ki, hələ də bu istiqamətlərdə bizim müraciətimizə baxılmır. Nuru Paşanın heykəlinin qoyulması hökumət səviyyəsində baxılmalıdır. Bu, həm də Türkiyə ilə dostluğumuzun bir simvoludur.

Zəfər tariximizin əsasında Nuru Paşanın Bakını işğaldan azad etməsi faktı durur. Biz tarixi örnək olaraq bu günə daşımalıyıq. Hesab edirəm ki, Bakının xilaskarının xatirəsinə heykəlin ucaldılmamasının kökündə məmur laqeydliyi dayanır”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin