Müğənni Süleyman Abdullayev Əbülfəz Elçibəyin toyunda oxumaqdan imtina edibmiş...

Hazırda oxunan: Müğənni Süleyman Abdullayev Əbülfəz Elçibəyin toyunda oxumaqdan imtina edibmiş...

92073
Avqustun 22 - si Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatının ildönümü idi. Onun tələbələrindən olmuş Ələsgər Siyablı Əbülfəz bəyə həsr olunmuş tələbəlik xatirələri adlı irihəcmli müəllif yazısını Moderator.az - a təqdim edib, onun sonuncu hissəsini oxuculara təqdim edirik:

Əvvəlini bu linkdən oxuya bilərsiniz---moderator.az/index.php?xeber=91911

...Əbülfəz Elçibəy həbsxanadan çıxdıqdan sonra da bütün təhlükələri göz önünə alaraq əzmlə və sarsılmaz iradə ilə öz mübarizəsini davam etdirirdi. O yenə də çox inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi gənclərlə bərabər idi. Müəllimlik fəaliyyəti qadağan olunduğundan o Elmlər Akademiyasının Əlyazmalar İnstitunda elmi işçi olaraq işə düzəldi. Lakin KQB yenə də onun hər bir addımını izləyirdi. Həbsdən çıxdıqdan sonra onun yaxın tanışlarından, dostlarından bir çoxu KQB - nin qara siyahısına düşməkdən ehtiyat edərək onunla ünsiyyət saxlamaqdan çəkinirdilər. Bəzən elə olurdu ki, küçədə getdiyimiz zaman bəyi cox yaxından tanıyan keçmişdə yaxın ünsiyyətdə olan dost və tanışlarından bir çoxu onunla qarşılaşıb görüsməmək üçün tələsik küçənin digər tərəfinə keçirdilər, belə hallarda Bəy mənalı şəkildə gülümsəyib deyərdi ki, fikir verməyin, yazıq neynəsin, KQB xofu bu millətin hələ canından çıxmayıb.
Çoxlu dostları və tələbələri onunla görüşmək və söhbət etmək üçün hər gün yanına getdiklərinə görə, bu hal iş prosesinə maneçilik törədir və institut rəhbərliyinin böyük narazılığına səbəb olurdu, lakin bəy onu ziyarət etməyə gələnləri geri qaytara bilmirdi.
Onun köməkliyi ilə mən Mədəniyyət Nazirliyi sisteminə Nəriman Nərimanov muzeyinə isə düzəlmişdim, eyni zamanda İnşaat Mühəndislər İnstitunda tarixdən dərs deyirdim. İş yerimiz yaxın olduğundan Əbülfəz müəllim işdən sonra muzeyə gəlir, dostlarımızla orda görüşüb söhbətləşirdi. Bir neçə müddət bu belə davam etdi, lakin sonra Əbülfəz bəyin KQB - də müstəntiqi olmuş Qulamov bir neçə dəfə muzeyə gələrək direktorla və partkomla söhbət edərək onlara xəbərdarlıq etdi. Direktor məni cağıraraq dedi ki, Nərimanov muzeyi antisovet fəaliyyəti göstərən adamların görüş yeri ola bilməz, Əbülfəz müllimə söylə, bir daha muzeyə gəlməsin, təbii ki, mən Bəyə bu haqda heç nə demədim və bir müddətdən sonra muzeydən ərizə verib işdən çıxdım və İnsaat İntitutuna tam ştatlı işə keçdim.
70-ci illərdə Əbülfəz bəylə əlaqədar ən maraqlı hadisələrdən biri dostumuz Mehdi Məmmədovun toyunda baş verdi. Mehdi bəy universiteti bitirdikdən sonra onu Universitetin Azərbaycan tarixi kafedrasında işə götürmüşdülər. Tarix fakultəsinin müəllimlərinin çoxu, o cümlədən dostu Əbülfəz bəy də toyda iştirak edirdi, bu həbsdən çıxdıqdan sonra onun öz keçmiş həmkarları ilə ilk görüşü idi. Toyda iştirak edən müəllimlərin bir çoxu vaxtı ilə KQB - də və məhkəmədə bəyə qarşı ifadə vermişdilər, indi də onunla qarşılaşdıqları zaman onda yan gəzir, onunla ünsiyyətdən çəkinir, özlərini laqeyd aparırdılar. Onların bu davranışı biz tələbələrin xoşuna getmədi, onları cəzalandırmaq qərarına gəldik və cəzanı yerinə yetirmək mənə həvalə olundu. Mən toyu idarə edən dekan müavini Samil Məmmədbəyliyə müraciət edib sağlıq üçün mənə də söz verməsini xahiş etdim. Mən şənlik istirakçılarına müraciətlə dedim ki, elə bir sağlıq deyəcəm ki, xahiş edirəm hər kəs bu sağlığı ayaq üstündə içsin. Toydakılar elə güman etdilər ki, mən dövlətin və partiyanın bizlərə atalıq qayğısı şərəfinə sağlıq deyəcəm, ancaq dedim ki, bu məclisdə bizim çox sevdiyimiz, vətənin və xalqın azadlığı uğrunda mərdliklə mübarizə apararaq həbs cəzası çəkmiş Əbülfəz müəllim iştirak edir və mən təklif edirəm bu badələri onun şərəfinə ayaq üstündə içək. Hamı çaşqınlıqla, qorxu ilə bir - birinə baxdı və içdikdən sonra sakitcə oturdular. Əbülfəz bəy də oturdu və utanaraq başını aşağı saldı. Ancaq biz razı qalmışdıq, müəllimimizin intiqamını almışdıq.

Məni ciddi tənbeh edəcəyindən çəkindiyim üçün bir neçə gün Bəyin gözünə görünmədim, nəhayət bir gün rastlaşdıq, o istehzalı bir təbəssümlə mənə müraciətlə dedi ki, “haralardasan, aranı qatıb özün də əkilmisən, sənin sağlığın fakultədə böyük qalmaqala səbəb olub, partkom müəllimləri siyasi məhbusun sağlığına ayaq üstündə badə qaldırmaqla ciddi tənbeh edib, onları siyasi savadsızlıqda, iradəsizlikdə günahlandıraraq ciddi tənqid edib”x9d. Dedim ki, bəy qərar belə oldu ki, onları cəzalandıraq, bağışlayın, sizi də çətin vəziyyətdə qoydum, Bəy dedi ki, yaxşı, çox fikir vermə, toyda şuluqluq salmaq olar.

Əbülfəz bəy geniş qəlbli böyük bir insan idi, qisasçılıq, intiqam kimi cılız hisslər onun xarakterinə uyğun deyildi. Onun prezidentliyi dövründə keçmişdə onun istintaq işini aparmış, onun əleyhinə ifadə verən, donos yazaraq həbsinə səbəb olmuş insanların bir çoxu hələ də təhlükəsizlik və ədliyyə orqanlarında mühüm vəzifələrdədə işləməkdə davam edirdilər. Həmin adamları o sovet idarəçilik sisteminin qurbanları hesab edir, onları günahlandırmayaraq yalnız KQB - nin təzyiqlərinə dözməyərək zəiflik, qorxaqlıq və iradəsizlikdə qınayırdı. Hətta çox zaman onları dostların tənələrindən belə müdafiə edirdi. 70 - ci illərdə Bəy haqqında donos yazmış keçmiş tələbələrindən biri 80 - ci illərdə yenidən onun yanında peyda olaraq yaxınlıq göstərdi, biz bəyə bunu irad tutduqda o həmin adamı müdafə etdi və dedi ki, onun yazmış olduğu donos əvvəlcədən razılaşdırılmış məsələlər haqqında yazılıb. Lakin həmin adam Heydər Əliyev hakimiyyətə gəldiyi zaman Əbülfəz bəyə qarşı yenidən xəyanət edərək əks cəbhəyə keçdi.

Elçibəyin prezidentliyi dövründə, bir gün o xüsusi bir iş üçün məni Prezident Aparatının yaxınlığında yaşadığı prezident iqamətgahına çağırmışdi, mən içəri daxil olanda o qarşısındakı iri bir qovluğu vərəqləyirdi, məni gördükdə ciddi bir tövrlə mənə müraciətlə dedi ki, yaxşı gəlmisən, çox özündən deyirdin, əleyhimə verdiyin ifadələrin hamısı burdadır. Mən özümü itirmədim, çünki orda mənim tərəfimdən onun əleyhinə deyilmiş bir kəlmə sözün olması belə mümkün deyildi, ona görə də dedim ki, Bəy, əgər orda mənim tərəfimdən sizin əleyhinizə deyilmiş bir kəlmə sözə belə rast gəlsəniz məni ən ağır sözlərlə tənbeh edə bilərsiniz. Bu sözümdən sonra Bəy gülərək mənə bir vərəq uzatdı və dedi ki, səni sınayırdım, bu mənim istintaq materiallarımdır, orda sənin haqqında da donoslar var. Bəyin mənə uzatdığı vərəqə mənim təşəbbüsümlə tələbələrin Əbülfəz bəyi müdafiə üçün məhkəməyə təqdim olunmuş müraciət idi. Çox acizanə xahişimdən sonra ordakı adları heç vaxt açıqlamayacağım şərti ilə Bəy bir neçə dəqiqə dosyeni vərəqləməyə izn verdi. Dosyedə adı çox hallanan və haqqında donoslar yazılmış şəxslərdən biri Rafiq bəy İsmayılov idi. Məndən başqa Etibar Məmmədov və Mehdi Məmmədov haqqında çoxlu donos var idi.

70-ci illərdə Elçibəylə əlaqədar ən əlamətdar hadisələrdən biri də 1979 - cu ilin payızında Kələki kəndində toyu idi. Onun toyunda iştirak etmək xoşbəxliyi mənə də nəsib oldu. Toyda KQB - nin qara siyahısına düşməkdən qorxmayan Bəyin ən yaxın dostları Rafiq bəy İsmayılov, Abbas Musayev, Kamil Vəliyev, İsmayıl müəllim, Cəlil müəllim, Cabbar Bəydilli, Əbülfəz Hüseynli, AzTV-nin aparıcı diktorlarından Qara Tağızadə, sair Vaqif Cəbrayılzadə - Bayatlı, Arif Acalov, Arif Məmmədov, o zaman Naxcıvan Pedaqoji İnstitutunun tələbəsi olan gənc şair Rüstəm Behrudi, bəyin tələbəsi əslən Cəbrayıllı olan o zaman KQB - nin Ordubad rayon söbəsində işləyən Cahid bəy və başqaları iştirak edirdilər. Toyu yerli musiqiçilər idarə edirdilər. Əbülfəz bəylə o zaman yaxın münasibətdə olan müğənni Süleyman Abdullayev də toyda iştirak edəcəyinə söz versə də, naməlum səbəblərdən toya gəlmədi, buna görə də toyda müğənnilik vəzifəsini dostların xahişi ilə Qara Tağızadə yerinə yetirdi. Qara bəy doğrudan da Zəki Mürəni xatırladan məlahətli səsi ilə çox gözəl türk və azərbaycan mahnıları ifa etdi. Bəyin Kələkidə çox səmimi bir şəraitdə keçən toyu onun dostlarının yaddaşında əbədi olaraq xoş bir xatirəyə çevrildi.
Əbülfəz Elçibəyin yetişdirdiyi onlarla, yüzlərlə tələbəsi milli - azadlıq hərəkatı zamanı onunla çiyin -çiyinə mübarizənin ön sıralarında yer alaraq aktiv fəaliyyət göstərdilər, onların bir çoxu, o cümlədən hamının yaxşı tanıdığı Etibar Məmmədov, Cəmil Həsənli, İsmayıl Musayev, Məhərrəm Zülfüqarlı, Mehdi Məmmədov, Fəzail Ağamalı, Bəxtiyar Nəcəfov və başqaları ölkədə çox məşhur siyasətçi və elm adamları kimi azərbaycanın ictimai-siyasi, elmi həyatında mühüm mövqeyə malikdirlər.

1980-ci illərin ortalarından etibarən Elçibəyin həyatında və siyasi mübarizəsində keyfiyyət baxımından yeni dövr başladı ki, bu da ayrıca bir yazının mövzusunu təşkil edir.
 
Ələsgər Siyablı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin