Sentyabrın 3-ü günorta saatlarında Zaqatala rayonunun Axaxdərə kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib. Əraziyə cəlb edilən FHN, ETSN, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də yerli sakinlər tərəfindən yanğın söndürülüb, daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yanğını törədən şəxsin rayon sakini Abdulla Qurbanov olduğu müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
FHN-dən İsmayıllı, Qəbələ və Oğuz rayonlarındakı yanğınlarla bağlı MƏLUMAT - VİDEO
Araşdırmalar zamanı onun çay qaynatmaq məqsədilə orada ocaq qaladığı, ocağın közlərinin isə ətrafa yayılaraq yanğın törətdiyi məlum olub.
Eyni zamanda Şabranda da 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğu müəyyən edilib. Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bizim.Media