“Fred Asif Əbülfəz bəyə qarşı kobudluq edən nəzarətçinin başını unitaza soxmuşdu”x9d

Hazırda oxunan: “Fred Asif Əbülfəz bəyə qarşı kobudluq edən nəzarətçinin başını unitaza soxmuşdu”x9d

91911
Avqustun 22 - si Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatının ildönümü idi. Onun tələbələrindən olmuş Ələsgər Siyablı Əbülfəz bəyə həsr olunmuş tələbəlik xatirələri adlı irihəcmli müəllif yazısını Moderator.az - a təqdim edib, onu hissə-hissə oxuculara təqdim edirik:

Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/index.php?xeber=91792


...Qeyd etdiyim kimi tələbələrin çox cüzi hissəsi məhkəmə zalına daxil ola bilirdi, artıq məhkəmə binasının qarşısında böyük bir izdiham toplanmışdı və zaman - zaman onların “Əbülfəz, azadlıq“ hayqırtıları məhkəmə zalının açıq pəncərələrindən aydınca eşidilirdi və bəy də bu səsləri duyurdu, bu hayqrıslarda əsas məqsəd o idi ki, Əbülfəz müəllim tələbələrinin onu unutmadığını, onu müdafiə etdiklərini bilsin. İçəridə olan tələbələr də məhkəmənin gedişində sakit oturmur, Bəyin üzünə duran tələbə və müəllimlərə replikalar atır, onlara qarşı təhqiramiz sözlər işlədir, səs-küy salırdılar. Məhkəmə sədri dəfələrlə tələbələri sakitliyə dəvət edərək onları zaldan çıxaracağı ilə hədələyirdi, lakin qısa sakitlikdən sonra hay - küy yenidən davam edirdi. Məhkəmənin təxminən 3-cü günü yenə tələbələrin zalda hay-küylü etirazı zamanı bizim arxamızda oturan Şərqşünaslıq fakultəsinin qocaman müəllimlərindən Yusif Şirvanın əsəbləri dözmədi, ayağa qalxıb üzünü tələbələrə tutaraq yüksək səslə “sovet dövlətinin çörəyi sizə haram olsun, burda da sakit durmursunuz, o Əbülfəz sizin başınızı xarab edib, özü də indi oturub müttəhim kürsüsündə”x9d dedi, sonra o məhkəmə sədrinə müraciətlə tələbələri içəri buraxmamağı xahiş etdi.
Səhərisi gün məhkəmənin qarşısına gələndə məhkəmə zalına daxil olmaq üçün xüsusi buraxılış vərəqələrinin tətbiq olunduğunu gördük. Məhkəmənin qarşısındakı izdiham kiçik bir mitinqi xatırladırdı.Tələbələrdən heç kəs içəri buraxılmadı və məhkəmənin mühafizəsi daxili qoşunların gətirilən əlavə dəstəsi ilə möhkəmləndirildi. Bütün bunlar tələbələrin həyəcanının və narazılığın artmasına səbəb olurdu, tələbələr acıqlarını Bəyin üzünə duran tələbələrdən çıxırdılar, onlardan bir neçəsi ifadə verib çıxdıqdan sonra həyətdə döyüldülər. Tələbələr içəri girə bilmədiklərindən məhkəmə prosesinin gedisindən xəbərsiz qalırdılar, qeyri azərbaycanlı millətlərdən olan daxili qoşunların əsgərləri ilə tələbələr arasında gərginlik daima artmaqda davam edirdi.

Günlərin birində məhkəmə binasını mühafizə edən əsgərlərdən birinin içəri girmək istəyən tələbə qıza kobudluq etməsi onsuz da gərginlik içərisində olan tələbələrin səbr kasasını daşdırdı, tələbələr əsgərlərin müqavimətinə baxmayaraq məhkəmə binasına daxil olub məhkəmədə iştirak etməyə qərar verdilər. Əsgərlər və tələbələr arasında qarşıdurma şiddətləndi və əlbəyaxa savaşa çevrildi. Həmin gün stadionda "Neftçi" komandası ilə Ermənistanın "Ararat" komandası arasında futbol görüşü olduğundan, məhkəməni mühafizə edən əsgərlərin bir hissəsi ora göndərilmişdi. Əsgərlərlə tələbələr arasında qarşıdurma zamanı qəzəblənmiş tələbələr məhkəmənin 1-ci mərtəbəsindəki pəncərələrin şüşələrini sındırdılar, əsgərlərin müqavimətini qıraraq giriş qapısını sındırıb içəri daxil oldular, qarşıdurma yuxarı mərtəbələrə qalxan pilləkənlərdə davam etdi, pilləkənin məhəccərləri tələbələrin təzyiqinə dönməyib sındı, qarşılıqlı müqavimət xeyli davam etdi, tələbələrdən və əsgərlərdən bir neçəsi yüngül xəsarət aldı. Həmin gün məhkəmə prosesi təxirə salındı. Bu hadisədən sonra hamı güman edirdi ki, Əbülfəz müəllimin məhkəməsi son dərəcə qapalı, ciddi mühafizə şəraitində davam etdriləcək. Lakin gözlədiyimizin tərsinə oldu, görünür hakimiyyət dairələri tələbələrin həyəcanın daha da artacağından narahat olaraq güzəştə getməyi qərara almışdılar, növbəti məhkəmə iclasına gəldikdə gördük ki, məhkəmə prosesi binanın birinci mərtəbəsinə daha geniş bir zala təyin olunub. Zala daxil olmaq sərbəst idi, yay vaxtı olduğundan zala daxil ola bilməyənlər açıq pəncərələrin qarşısında duraraq məhkəmənin gedişini izləyirdilər.

Məhkəmənin davam etdiyi günlərin birində binanın qarşısından keçən, xarici görünüşündən qocaman ziyalı olduğu bəlli olan yaşlı bir kişi bizə yaxınlaşdı, bura toplanmağımızın səbəbini soruşdu. Biz müəllimimizin məhkəməsinə görə burda oldugumuzu söylədik, kişi müəllimin yəqin rüşvət aldığına görə həbs olunduğunu qeyd etdi, lakin onun antisovet və pantürkizm ittihamı ilə həbs olunduğunu eşidəndə buna çox heyrətləndi və soruşdu ki, bəs müəllimi müdafiə etdiyinizə görə KQB-dən qorxmursunuzmu, biz də cavab verdik ki, yox, qorxmuruq. Cavab onun çox xoşuna gəldi və dedi ki, "sizin müllimin ittiham olunduğu bu ideyaları müdafiə etdiyimə görə 15 il Sibirin həbs düşərgələrində cəza çəkmişəm, Hüseyn Cavidlə və bir çox böyük insanlarla eyni həbsxanalarda olmuşam, çoxlu işgəncələrə məruz qalmışam, ancaq Sibirdə maral bəsləyən türklər məni himayə etdilər və mən ölmədim, sağ qaldım. Mən xalqımızın azad gələcəyi üçün bütün ümidlərimi itirmişdim, ancaq bu gün sizin burdakı qətiyyətiniz və qorxmazlığınız məni yenidən ümidləndirdi, halal olsun sizə, müəlliminiz də çox igid adamdır, nə qədər çalışsalar da bu xalqı köləyə çevirə bilmədilər, ehtiyatlı olun, balalar, Allah köməyiniz olsun". Nurani görkəmli kişi bunu deyib üzündə sevinc dolu təbəssümlə bizimlə sağollaşıb yoluna davam etdi.

Məhkəmənin qərarı ilə Əbülfəz Elçibəyə il yarım həbs cəzası verildi. O zaman Krasilnikovun rəhbərlik etdiyi Azərbaycan KQB-si Əbülfəz Elçibəyin başçılığı ilə respublikada fəaliyyət göstərən antisovet və pantürkist şəbəkənin ifşa olunmasını özünün böyük uğuru hesab edirdi, sonralar istintaq materiallarından da göründüyü kimi Elçibəylə birlikdə onun bir neçə mübarizə dostları, o cümlədən Rafiq bəy Ismayılov, Aydın Abbasov və digərləri də həbs olunmalı idilər. Lakin o zaman Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyev bu hadisənin onun siyasi karyerasına böyük zərbə vura biləcəyindən ehtiyat edərək, məsələni yalnız Elçibəyin həbsi ilə məhdudlaşdırdı.1993-cü ildə Elçibəylə görüşündə Heydər Əliyev ona demişdi ki, mən o zaman bir neçə dostunu həbs olunmaqdan xilas etdim, Elçibəy də ona cavab olaraq demişdi ki, Heydər bəy, siz onlara qarşı mərhəmət hissi bəslədiyinizə görə deyil, bu hadisədən Moskvadakı düşmənlərinizin sizin əleyhinizə istifadə edəcəklərindən ehtiyat etdiyiniz üçün həbs etdirmədiniz.

Mən Universiteti bitirdikdə Əbülfəz müəllim hələ həbsdə idi, tələbə dostlarımızla qərara aldıq ki, bizə dərs demiş müəllimiz kimi onun da şəklini buraxılış venetkasına salaq, mən onun bir şəklini əldə etdim və venetkaya qoyduq. Tələbələrdən kimsə artıq bu haqda dekanatlığa xəbər vermişdilər. Fakultənin dekanı məni çağırdı və dedi ki, Əbülfəz müəllim siyasi bir məhbusdur, onun şəklini rektorun və universitetin digər rəhbərləri ilə yanaşı qoymaq düzgün deyil, dekana dedim ki, artıq gecdir, venetkalar hazırdır və pulu ödənib, o daha bir şey demədi.
Elçibəyin həbs müddətini Qaradağdakı ümumi rejimli həbsxana lagerində çəkməsi təyin olunmuşdu. Qohumları hər ay və hətta ayda bir neçə dəfə Elçibəyin görüsünə gedir, ehtiyacı olduğu şeyləri ona çatdırıdılar. Mən də bir neçə dəfə Elçibəyin görüşünə getdim, lakin içəri buraxmadıqlarından onunla uzaqdan uzağa hal - əhval tutdum. Elçibəyi lagerdə ən çox ziyarət edən onu bu ağır həbsxana şəraitində yalnız buraxmayan ən yaxın dostu Rafiq bəy İsmayılov idi. Ümumiyyətlə Rafiq bəyin Elçibəyə münasibətini təkcə dostluğa sədaqət nümunəsi kimi deyil, mərdlik, cəsarət, fədakarlıq nümunəsi kimi dəyərləndirmək lazımdır.

Qaradağ lageri ümumi rejimli adlansa da əslində burda çox ağır bir iş şəraiti mövcud idi. Dustaqlar burda Bakının yayda qızmar yandırıcı günəşi altında, qışda isə qılınc kimi kəsən soyuq dondurucu küləyi altında açıq havada kubik daşları kəsərək ağır gündəlik normanı yerinə yetirməli idilər, bu son dərəcə ağır fiziki güc tələb edən bir iş idi.
Əksəriyyəti haqsız yerə sovet hakimiyyətinin yerlərdəki azğın məmurlarının, sovet milisinin şər və böhtanlarının qurbanı olaraq həbsxanaya salınmış məhkumlar onları günahsız yerə məhkum etmiş sovet hakimiyyətinə qarşı mübarizə bayrağı qaldıran, hakimiyyətin haqsızlıqlarına, özbaşınalığına qarşı mübarizəsinə görə həbsə məhkum edilmiş bu cəsur, qorxmaz müəllimi ilk gündən müdafiə edirdilər. Dustaqlar öz aralarında razılaşıb Əbülfəz müəllimin iş normasını yerinə yetirməyi öz üzərlərinə götürərək onu ağır zəhmətli işdən azad etmişdilər. Lagerdə Əbülfəz bəyin hörməti böyük idi, həbsdən azad olunduqdan sonra da o həbsxana dostlarının bir çoxu ilə yaxın əlaqə saxlamaqda davam edirdi. Onun həbsxana yoldaşlarından biri gələcəkdə Ağdam könüllü batalyonunun komandiri, Milli Qəhrəman rəhmətlik Asif Məhərrəmov - Fred Asif idi. Lagerdə Əbülfəz bəyə qarşı kobudluq edən nəzarətçilərdən birini Asif döyərək başını unitaza soxmuş, buna görə cəzası ağırlaşdırılaraq Sibirdəki həbsxanalardan birinə göndərilmişdi...

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin