Bir zamanlar orta məktəbi bitirənlərə verilən sənədə “kamil attestat”ı deyirlərdi. Ona görə ki, orta məktəbi bitirən məzun attestat qiymətlərindən asılı olmayaraq 10 il müddətində təlim-tərbiyə alırdı. Nəticədə, müstəqil həyata kamil şəxsiyyət kimi atılırdı. Amma dövrün təlatümləri fonunda hər şey dəyişdi. Hətta təhsil sistemimiz də. Orta məktəblərdə kurikulum sisteminə keçildi. Və çox təssüf ki, bu müddətə qədər bir çox valideylər və şagirdlər bu kurikulumun nə olduğunu doğru-dürüst anlamır.
Məsələ ilə bağlı tanınmış təhsil eksperti Nadir İsrafilovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu sistemə keçərkən bəzi normativlərdə, hüquqi aktlarda və qaydalarda müəyyən səhvlər buraxılıb:
MÖVZU İLƏ BAĞLI:
Kompüter mühəndisliyi ixtisasına maraq niyə ARTIB? – “Bir azdan ixtisaslı işsizlər ordusu yaranacaq”
“Bunu nazir də son brifinqdə etiraf elədi. Tədrisə o dərəcədə aludəçilik yaranıb ki, təlim yaddan çıxıb. Bu gün biz orta məktəbdə təhsilin keyfiyyətini yalnız ali məktəblərə qəbulla müəyyən edirik. Bu da məktəbin digər vəzifələrini kölgədə qoyub. Biz yeni qəbul olunan kurikulumlardan heç bir nəticə çıxarmadıq. Məlumdur ki, ənənəvi təhsil sadəcə bilik yönümlü idi. Amma kurikulum səriştəyə əsaslanan şəxsiyyət yönümlüdür. Yəni orta məktəb təkcə savadlı abituriyent yox, həm də kamil vətəndaş yetişdirməlidir. Çox təəssüf ki, indi orta məktəblər üçün ali məktəblərə qəbul əsas barometrdir. Bu isə kökündən yanlış yanaşmadır”.
Nadir İsrafilov onu da əlavə etdi ki, bu gün orta məktəblərdə tədrisin keyfiyyətini ali məktəbə qəbula əsasən ölçə bilirik, amma şəxsiyyət yönümlü vətəndaş yetişdirilməsini ölçə bilmirik:
“Orta məktəb var ki, bir dənə də olsun ali məktəbə qəbul olunmuş məzunu yoxdur, amma 5 şəhid verib, 10 şəhid verib, qəhrəmanlar yetişdirib. Bunun analizini aparan var, yoxdur?! Bundan böyük uğur olar? Şəhidlərimizin böyük hissəsi orta təhsilli gənclərimizdir. Biz səhv yanaşmamızla şəhidlərimizin ruhunu incidirik. Ali məktəbə qəbulun nəticələri uğur sayılır, amma Vətən üçün şəhid olmağa hazır olan vətəndaş yetişdirilməsi uğur sayılmır. Niyə?”
Sonda ekspert onu da bildirdi ki, kurikulumlar hazırlananda müəyyən normativlər də hazırlanmalıydı:
“Amma bu günədək o normativlər olmadığı üçün orta təhsilə qiyməti obyektiv verə bilmirik. Səhv yanaşmanın nəticəsidir ki, bir çox təhsil müəssisələrində məktəb direktorları zəif oxuyan şagirdləri məktəbdən uzaqlaşdırırlar”.
Orta məktəb təlimlə tərbiyənin vəhdət təşkil etdiyi yerdir. Yəni tərbiyə olmadan heç bir tədris uğurlu sonluq verə bilməz. Ona görə də biz təhsilimizə baxış bucağımızı, yanaşma tərzimizi dəyişməliyik.
Orta məktəbin vəzifələrini bir daha dərindən öyrənməliyik. Ali məktəblərə qəbul üçün bədnam “sosializm yarışı”ndan əl çəkməliyik. Unutmayaq ki, təhsil ümummilli məsələdir.
Keçmişlərdə belə bir söz vardı: “Zəhmətkeş uşaq həm əlaçı, həm tərbiyyəli, həm də vətənpərvər olmağı bacarır”.
Surxay Atakişiyev, Bizim.Media