Sosial şəbəkələrdə tütün və alkoqol reklamlarına kim nəzarət etməlidir? – QANUNLARDAKI BOŞLUQLAR

Hazırda oxunan: Sosial şəbəkələrdə tütün və alkoqol reklamlarına kim nəzarət etməlidir? – QANUNLARDAKI BOŞLUQLAR

91567

Yəqin ki, sosial şəbəkələrdə hər birimizin qarşısında spirtli içki və tütün məmulatlarının reklamları çıxır. Qanunvericilikdə isə bu cür məhsulların reklamı ilə bağlı qadağalar mövcuddur.

Belə ki, “Reklam haqqında” qanunun 28-ci maddəsinə əsasən, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Spirtli içkilərlə bağlı isə vəziyyət bir qədər fərqlidir. Belə ki, sözügedən qanunun 27.4-cü maddəsində  nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla) alkoqollu içkilərin reklamının yerləşdirilməsi qadağandır.
 

MÖVZU İLƏ BAĞLI:

Tütün və spirtli içkilərin reklamını məhdudlaşdırmaq üçün YENİ TƏKLİFLƏR hazırlanır  


Qanunun 27.2-ci maddəsində isə tündlüyü 5%-dən yuxarı olan içkilərin telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş nəşrlərdə reklamı qadağandır.

Teleradio proqramlarında isə (verilişlərində) tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7.00-dan 23.00-dək yayımlanması qadağan edilib.

Göründüyü kimi qadağalar əsasən informasiya resurslarına aiddir. Lakin günümüzdə informasiya axınının təşkilində əsas yerlərdən birini tutan sosial şəbəkələrdə spirtli içki və tütün məmulatlarının reklamı ilə bağlı hər hansı müddəa qanunvericilikdə öz əksini tapmayıb.

Bu da bir sıra satıcı və şirkətlərin bu tip məhsulların reklamını sosial şəbəkələr üzərindən aparması üçün əlverişli imkanlar yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Reklamçılar İttifaqının icraçı katibi Cahid Həsənov təəssüflər olsun ki, sosial şəbəkələrdə bu cür reklamlar üçün nəzarət mexanizmi yoxdur:

“Açıq formada bu qəbildən olan reklamların yayımlanması baş alıb gedir. Üstəlik bu gün saytlar artıq televiziya məkanını belə auditoriyasının genişliyinə görə geridə qoymağı bacarıb. Amma burada nəzarətin olmaması süni istifadəyə yol açır və bu tip zərərli reklamlar külətvi şəkildə sosial şəbəkələrə yönləndirilir. Doğrudur, Azərbaycan Dövlət Reklam Agentliyi yaradılıb, lakin onların yalnız açıq məkanlara nəzarət etmək hüququ var. Milli Teleradio Şurasının isə fəaliyyət istiqaməti fərqlidir”.

Ekspertin sözlərinə görə, bu cür halların qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var:

“Hal-hazırda Reklamçılar İttifaqı olaraq, bu istiqamətdə təkliflər paketi hazırlanır. Yaxın günlərdə təkliflərimiz Milli Məclisə təqdim olunacaq. “Reklam haqqında” qanunun müddəaları beynəlxalq standartlara uyğun hazırlansa da son illər geniş yayılan sosial şəbəkə sektoru ilə bağlı məsələlər öz əksini tapmayıb”.

Cahid Həsənov bu cür məhsulların reklamlarının tamamilə qadağan edilməsini də doğru hesab etməyib:

“Reklamların tamamilə qadağan edilməsi, partizanlığa gətirib çıxara bilər. Ona görə də, reklamların sosial istiqamətli olmasına diqqət yetirilməlidir. Digər məhsulların reklamlarının 5%-ə qədər hissəsi sosial reklamlara yönəlməlidir. Çünki tütün və alkoqollu içkilər istehsal edənlər də vergisini ödəyən sahibkarlardır və onlar qanunsuz fəaliyyətlə məşğul olmurlar.
Onlara icazə verilə bilər ki, ümumi reklamların 5%-i həcmində məhsulun deyil, firmanın reklamına şərait yaradılsın”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin