Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə prosesdə cinayət işində olan sənədlərin elanı davam edib.
Nərminin anası Aynurə İsmayılovanın və nənəsinin ifadəsi elan edilib. Onların ifadələrinin bir-birlərini təkzib etdiyi məlum olub.
Məlum olub ki, Nərminin nənəsi kürəkəni Şərif Quliyevi ittiham edib. Qadın ifadəsində deyib ki, Şərif Quliyev qızı Aynurəni bir dəfə öldürmək istəyib, bununla bağlı Tovuz Rayon Polis şöbəsinə şikayət olunub.
Həmçinin, Nərminin nənəsi Minaya İsmayılovanın cinayət işində olan məktubu elan edilib. O, məktubda qeyd edib ki, İlkin Süleymanovun qatil olmasına inanmır, əsl qatilin tapılmasını istəyir. Nərminin atası Şərif Quliyev isə bu məktuba etiraz edib.
Aynurə İsmayılova isə ifadəsində anasının yalan danışdığını deyib.
Bundan başqa, cinayət işində Nərminin məktəbli yoldaşlarının dindirilməsi barədə ifadələr elan olunub.
Növbəti proses sentyabrın 8-də davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
MÖVZU İLƏ BAĞLI:
İlkin Süleymanovun bacısının ifadəsi elan edilmədi - MƏHKƏMƏ
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media