Bu xidmətlər də elektronlaşdırıldı

Hazırda oxunan: Bu xidmətlər də elektronlaşdırıldı

91324

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə “AzInTelecom” MMC tərəfindən yaradılan Vahid Elektron Xidmətlər Portalına (//portal.rinn.az/az) daha 3 yeni xidmət inteqrasiya olunub. Bununla da portalda təqdim edilən xidmətlərin sayı 15-ə çatdırılıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, sonuncu inteqrasiya nəticəsində “Aztelekom” MMC-nin 2, “Azərpoçt” MMC-nin 1 yeni xidməti portala əlavə edilib.

Bunlar “Əvvəlki aylar üzrə aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc”, “Telefon (şəhərlərarası danışıqlar) üzrə ödənilmiş qəbzlər” və “Küçə adına və poçt indeksinə görə küçələrin axtarışı” xidmətləridir.

Vətəndaş “Əvvəlki aylar üzrə aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc” xidmətindən istifadə edərək adına olan telefon nömrəsi ilə əvvəlki aylar ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borclar haqqında məlumat ala bilər.

“Telefon (şəhərlərarası danışıqlar) üzrə ödənilmiş qəbzlər” xidməti vasitəsilə istifadəçi əvvəlcə adına olan şəhərdaxili nömrə və ya nömrələri əldə edir. Daha sonra hər nömrə üzrə ay ərzində zəng edilən nömrələr, zənglərin tarixi, danışıq müddəti, məbləğ və ödəmə qəbzləri barədə məlumat ala bilər.

“Azərpoçt” MMC-nin “Küçə adına və poçt indeksinə görə küçələrin axtarışı” xidməti ada uyğun axtarış edərək ölkə üzrə həmin adda küçələrin yerləşdiyi şəhər və ya rayon, orada yerləşən ev nömrələri, küçə şifri və poçt indeksi haqda məlumat almaq imkanı verir.
Qeyd edək ki, RİNN müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi həmin xidmətlər vahid portalda toplanılır. Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlərdən vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.

Portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim etməkdir.

RİNN ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.
Həmçinin portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin və şəffaflığın daha da artırılmasına təkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin