Dayanacaqlarda toz basmış monitorlar: Milyonların yuyulması, yoxsa BNA oyunu?

Hazırda oxunan: Dayanacaqlarda toz basmış monitorlar: Milyonların yuyulması, yoxsa BNA oyunu?

9127

9 il əvvəl Bakı şəhərində avtobus dayanacaqlarında avtobusların nə vaxt yaxınlaşacağını göstərən iri monitorlar quraşdırılmışdı. Sonradan onun fəaliyyəti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən ləğv olundu.

Ancaq həmin monitorlar dayanacaqlarda yenə də “asılı” vəziyyətdə qalıb. Onun niyə götürülməməsi və yaxud yenisi ilə əvəz edilməməsi indi paytaxtımızın hər bir sakinini narahat edir. 

Bizim.Media-nın əməkdaşı bununla bağlı bir neçə dayanacağa baş çəkib.

Dayanacaqların çoxunda hələ də toz basan və yığışdırılmayan nasaz monitorların “asılıb” qaldığının şahidi olduq.

 

MÖVZU İLƏ BAĞLI:

Bakının “Bakıkart” dərdi ....

BNA ona tapşırılan işləri yola verir, sahibkarı sıxışdırır – İDDİA

 

Dilarə Əliyeva küçəsinin S.Vurğun bağındakı dayanacaqda monitor 5 ildən çoxdur ki, işləmir. Sərnişinlər illərdir işlək vəziyyətdə olmayan monitorun fəaliyyətsizliyindən gileylənirlər.

Onların dediyinə görə, monitorların vaxtilə informasiya vermək xüsusiyyəti baxımından əhəmiyyətli böyük olub:

“İndi isə avtobusların intervalı ilə bağlı informasiya almaq üçün heç bir lövhə quraşdırılmayıb. Bu monitorların əvəzinə başqa informasiya terminalları quraşdırılacaqdı. Avtobusun nə vaxt dayanacağa yaxınlaşacağını bilmək sərnişinlərin hüququdur, çünki hər hansı bir məkana getmək üçün vaxtı öncədən müəyyən edir. İndi niyə belə lövhələr yoxdu?”,- deyə söhbətləşdiyimiz sərnişinlərdən biri etiraz edib. 

Paytaxtımızın digər dayanacaqlarında da eyni mənzərini müşahidə etdik.

Məlumat üçün bildirək ki, Bakıda avtobusların gəlmə intervalını göstərən monitorların quraşdırılması üçün Cənubi Koreyanın “SK C&C” şirkəti ilə razılıq 2008-ci ildə əldə olunub.

Amma onun gətirilməsi və quraşdırılması 2012-ci ildə reallaşıb. Amma onların fəaliyyəti qısamüddətli olub. 

Vaxtilə paytaxtın 1200 dayanacağından 611-də monitor quraşdırılıb. Onlardan 400-dən çoxu sistemə inteqrasiya olunub.

Qalan digər monitorlar isə sistemə salınmayıb. Bu monitorlar külli miqdarda vəsait hesabına başa gəlsə də, hazırda həmin cihazlar işlək vəziyyətdə deyil. Dayanacaqlarda quraşdırılmış monitorların hər biri dövlətə təxminən 10 min dollara başa gəlib.

Dövlət vaxtilə bu terminallara təxminən 10 milyondan çox pul xərcləsə də, nasaz vəziyyətə gətirilən monitorlar asanlıqla sıradan çıxarılıb. 

Bir neçə il öncə Bakı Nəqliyyat Agentliyinin (BNA) rəsmiləri işlək olmayan monitorların dayanacaqlardan yığışdırılacağı, əvəzində yeni və müasir informasiya lövhələrinin quraşdırılacağını bəyan etmişdi. Amma bu sahədə də işlər yarımçıq qalıb. 

Qeyd edək ki, xarici ölkələrdə monitorlar harada quraşdırılmasından asılı olmayaraq, daim işlək vəziyyətdədir.

Yəni avtobuslararası intervalı müəyyən edən sistem sərnişlərin daim ixtiyarındadır. Türkiyədə bu informasiya terminallarının bizdən sonra tətbiq olunmasına baxmayaraq işlək vəziyyətdədir.

Hər dəfə monitorlara cavabdehlik daşımadıqlarını bəyan edən Bakı Nəqliyyat Agentliyi bu dəfə də sorğumuza susqunluq nümayiş etdirib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin