"ŞaurmaN1" restoranlar şəbəkəsinin şərikindən ŞOK AÇIQLAMALAR 

Hazırda oxunan: "ŞaurmaN1" restoranlar şəbəkəsinin şərikindən ŞOK AÇIQLAMALAR 

91212

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan proses həmişə olduğu kimi səs-küylə başlayıb.  

Zərərçəkmişlər Aqil Babayevin ünvanına söyüşlü ifadələr işlədiblər. Bu zaman zala gələn hakim zərərçəkmişləri sakitləşdirərək deyib:  

"Nə səs-küy salırsız? Dünənə kimi səcdə etmisiz. İndi bu şəxs məhkəməyə verilib. Amma barəsində məhkəmə hökmü yoxdur. Barəsində nə qədər ki məhkəmə hökmü yoxdur, o, təqsirsizdir. Heç kim təqsirli deyə bilməz". 

Daha sonra zərərçəkmiş şəxs qismində "ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriklərindən olan Natiq Sadıxov ifadə verib.  

O bildirib ki, Aqil Babayevi ortaq tanışları vasitəsilə tanıyıb:

"Aqil Babayevlə tanış oldum, onu din alimi kimi tanıdım. Bundan sonra tez-tez görüşməyə başladıq. Onun yaşadığı evə gedirdim, itaət edirdim, səhərə kimi söhbətlər edirdik. Hamı bu şəxsə qulluq edirdi. Biri ona su aparırdı, bununla fəxr edirdi". 

Zərərçəkmiş qeyd edib ki, Aqil Babayev bir dəfə onları toplayıb, özünü İmam elan edib və bunu sir kimi saxlamağı deyib:  

"Bildirdi ki, bunu sir kimi qoruyaq. Biz də fəxr edirdik ki, Allah bizə belə bir sirri saxlamağı nəsib edib. Düşünürdük ki, bu Allah tərəfindən bizim üzümüzə açılan qapıdır. Bu hər adama qismət olan deyil". 

Natiq Sadıxov deyib ki, Aqil Babayevin Əhmədli qəsəbəsində yaşadığı ev təmirsiz, yararsız evdə yaşayıb. Onun sözlərinə görə, Aqil Babayevin evini təmir etdirib, ona yaşaması üçün şərait yaradıb.  

Qeyd edib ki, Aqil Babayevə "Lexus" markalı maşında alıb. Bildirib ki, Aqil Babayevin özünə və ailə üzvlərinə çox hörmət edib, bacısının toyunun xərcini çəkib. Zərərçəkmiş deyib ki, Aqil Babayevin atası xiyar satan olub, anası qapıları təmizləyən. 

Zərərçəkmiş şəxsin sözlərinə görə, Aqil Babayevlə söhbət etməyə gedəndə gecə saat 4-5-ə kimi evə gəlməyib, bu halda valideynlərinin narazılığına səbəb olub:

"Bir həftə evə gəlmədim". 

Natiq Sadıxov bildirib ki, 2007-ci ildən kimsəsiz ailələrə yardım edilməsi üçün zəkat verib:

"Bu 1000 manat da olub, 2000 min manat da. Bu ümumilikdə 173 min manat olub. Həmin pulun hara xərcləndiyi ilə maraqlanmamışam. Çünki Aqil Babayevi imam kimi qəbul etmişəm, ona inanmışam". 

Zərərçəkmiş bildirib ki, Qarabağ müharibəsi dövründə silahlı qüvvələrə 20 min manat ödəniş edib, bundan başqa ərzaq yardımı da edib:

"Bunu eşidən Aqil Babayev mənə dedi ki, şəhid ailələri üçün ev tikməyi qərara alıb. Başqalarının da yardım edəcəyini dedi, mənim də köməklik etməyimi istədi. Şəhid ailələri üçün ev tikilməsinə iki dəfəyə ümumilikdə 370 min manat vermişəm". 

Natiq Sadixov deyib ki, 2001-ci ilin mayında Aqil Babayevin onları aldatmasını eşidib, bundan sarsıntı keçirib:

"Biz onu böyük kimi qəbul etmişdik. İyunun 8-də Aqil Babayevlə görüşdük. Söz verdi ki, pulları axırına kimi qaytaracaq. Səhəri gün məni yenə də görüşməyə çağırdı. Onunla görüşməyə getmədim". 

Prokurorun sualını cavablandıran zərərçəkmiş bildirib ki, Aqil Babayevi 2004-cü ildən tanıyıb:  

"Aqil Babayevlə söhbət edəndə görürdüm ki, onun dini savadı çox güclüdür. Haradan sual verirdim, oradan cavab verirdi. Belə olan halda bu da məndə ona qarşı itaət etmək istəyi yaratdı. Mən də bu itaəti Allahın vergisi kimi qəbul edirdim. Bu bizdə inanc hissi yaratmışdı. Bu başa gəlməzsə, başa düşmək olmur. Allahın möcüzəsi kimi Aqil Babayevi qəbul etmişəm. Bu möcüzəyə də inanmışam. Buna görə də Aqil Babayevi İmam Mehdi Zaman kimi qəbul etmişəm". 

Növbəti proses sentyabrın 6-da davam edəcək. 

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.   

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.  

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.  

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.  
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin