Zərdabın İCRA BAŞÇISI: "Elə bil bura bankdır, mən pul paylayanam?!"

Hazırda oxunan: Zərdabın İCRA BAŞÇISI: "Elə bil bura bankdır, mən pul paylayanam?!"

91211

Daha bir icra başçısı Vətən müharibəsində yaralanan qaziyə hörmətsizlik edib. Söhbət Zərdab rayonunun icra başçısı Mərdan Camalovdan gedir. 

Bu şikayətlə Bizim.Media-ya müraciət edən qazi Cavid Sahib oğlu Həsənovun sözlərinə görə avqustun 22-də icra başçısı Mərdan Camalovun qəbulunda olub və kənd təsərrüfatı ilə məşğul olmaq üçün ona torpaq ayrılmasını xahiş edib.

Amma icra başçısı qazini nə dinləyib, nə də istəyi ilə bağlı köməklik göstərib. Hələ üstəlik qazini hərəkəti ilə təhqir də edib.

Bu azmış kimi 16 ilə yaxın Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edən və Vətən müharibəsində qəhrəmanlıq göstərərək yaralanan qaziyə dilənçi payı da təklif edib:

“Məni qəbul etdiyi üçün icra başçısına təşəkkür etdim və kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq ayrılmasını xahiş etdim. Mərdan Camalov məni heç dinləmək də istəmədi və sözümü kobud şəkildə kəsib "hamınız üstümə gəlirsiniz, elə bil bura bankdır, mən pul paylayanam?!" deyə deyinməyə və məni acılamağa başladı. Daha sonra yanındakı köməkçisinə üzünü tutub “bunun sənədlərini araşdırın, ümumiyyətlə bu kimdir, haranın qazisidir”- deyə bildirdi. Cavab verdim ki, “mən bura dilənməyə gəlməmişəm. 2 ildir müharibə bitib. Mən həm əlil, həm onkoloji xəstəyəm. Sosial ödənişlərlə ailəmi dolandıra bilmədiyim üçün torpaq götürüb əkin-biçinlə məşğul olmaq istəyirəm. Buna mənim haqqım var”. İcra başçısı məni heç dinləmədən “torpaq-filan yoxdur, sənədlərini gətir 100-200 manat verərik” deyib otaqdan çıxdı”. 

Qazi Zərdab Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Zinhar Bayramovun da ona etinasız və hörmtsiz münasibətindən şikayətlənib:

“Zinhar Bayramov 20 ilə yaxın rayonda yaşamadığımı əsas gətirərək guya icra hakimiyyətindən nəsə istəməyimdə haqsız olduğumu dilə gətirdi. Mən isə bunun tutarlı səbəbini Xüsusi Təyinatlı Qüvvələrində xidmət etməklə anlatdım. Bildirdim ki, 2 ildir qazi, yaralı və ağır xəstə olduğum zaman Zərdab rayonunun nə icra hakimiyyəti, nə deputatı mənimlə maraqlanıb. Yalnız rayonun polis şöbəsinin rəisi cənab Azər Əfəndiyevdən müəyyən köməklik görmüşəm. Bunları deyəndə icra başçısının köməkçisi “sən gərək zəhmət çəkib sənədlərinlə bizə müraciət edərdin” deyə bəhanə gətirdi. Ona yataq xəstəsi olduğumu xatırladaraq, “mənimlə maraqlanmaq sizin işinizdir. Cənab Prezident bunu icra başçılarına dəfələrlə tapşırıb” dedim. İcra başçısının köməkçisi də Mərdan Camalovun sözünü təkrarlayaraq “sənə torpaq verə bilmərik, sənədlərini gətir sənə 100-200 manat yardım verərik” deyib sanki dilənçiyəm kimi davranaraq qovmaqdan betər etdi. “Mənə olan bu münasibətiniz doğru deyil və bununla bağlı cənab Prezidentə müraciət edəcəyəm” desəm də, heç bir məhəl qoyulmadı”. 

Zərdab Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Zinhar Bayramov Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirib. O, qazinin tələbinin yaxın zamanlarda yerinə yetiriləcəyini bildirib:

“Həmin vətəndaş ayın 22-si İcra hakimiyyətinə gəlib və mənim, Hüquq Şöbəsinin müdirinin iştirakı ilə başçı tərəfindən qəbul olunub. Qəbulda vətəndaş başçıdan 1 hektar əkin üçün torpaq istəyib. İcra başçısı ona bildirdi ki, gərək əvvəlcədən deyəydin, bələdiyyə sədrini də dəvət edərdik. Yəni harada boş torpaq sahəsi olduğunu öyrənərdik”. 

İcra başçısının köməkçisi qaziyə 100-200 manat yardım edilməsi məsələsinə də toxunub. O, qeyd edib ki, icra başçısı hər bir qaziyə, müharibə iştirakçılarına və şəhid ailələrinə yardım edir:

“Cavid Həsənova da bildirdik ki, ərizə və digər lazımi sənədləri təqdim etsin və Kapital Bank vasitəsilə ona da yardım edilsin. Vətəndaş bununla razlaşmadı və narazılığını bildirdi. Cavid Həsənov Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib və bizim qürurumuzdur. Biz bütün müharibə iştirakçılarına eyni gözlə baxırıq. 1999-cu ildən o, ailəsi ilə birgə Bakıda yaşayır. Kənddəki evlərini və həyətyanı sahələrini satıblar. Yalnız kənddə onların 8 və 31 hektar çöl torpaqları var. Qazi qəbuldan gedəndən sonra bunu araşdırmışıq və öyrənmişik ki, həmin torpaqları Cavid Həsənovun qayınatası istifadə edir. Başçı bildirdi ki, bələdiyyə sədri çağırılacaq və Ehtiyat Fondundan qaziyə torpaq sahəsi veriləcək. Bu barədə onun özünə də bildirmişik”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin