"Bu il məhsulumuz bol olmadı. Avqust ayında müşahidə edilən isti küləyin dalğası pomidoru yerindəcə qurutdu".
Bu sözləri Xaçmazın Qaraçay Cek kəndindən olan fermer Cəfər Həsənov Bizim.Media-ya deyib.
Fermer qeyd edib ki, bundan əlavə məhsulun daimi satış bazarının olmaması da çətinlik yaradıb, paytaxt bazarları üçün yerində gəlib alan "işbaz"ların sayəsində pomidorun satış qiyməti su qiymətinə endirilib:
"Gəlib bizdən pomidorun yeşiyini 7-8 manata alırlar. Kiloqramı yerində 25-30 qəpiyə düşən pomidoru Bakı bazarlarında isə 1 nmanatdan aşağı satmırlar".
Belə qiymətin kəndliyə qətiyyən sərfəli olmadığını deyən fermer hər yay olduğu kimi, bu il də suvarma suyu sarıdan korluq çəkdiklərini vurğulayıb.
Cəfər Həsənov bu il 40 sot sahədə pomidorun "Lazen" və"Soltan"sortlarını əkib. Deyir ki, Xaçmazın məşhur "Xaçmaz-18" sortunun toxumunu tapa bilmədiyimizdən əkməmişik.
Xaçmazda mövzu ilə bağlı söhbətləşdiyimiz digər fermerlər də eyni fikri səsləndirdilər. Bildirdilər ki, isti küləkli hava məhsuldarlığa mənfi təsir edib.
Suvarma suyunun düzgün bölünməməsi və satış bazarının kasadlığı və ucuz qiymətə alınması kəndlinin il ərzində çəkdiyi əziyyət və xərci heçə endirir.
Fermerləri narahat edən məsələlərlə bağlı Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən də münasibət aldıq. Qurumun açıqlanmasına görə, “bu il Xaçmaz rayonunda 2003 hektar sahədə pomidor əkilib. İndiyədək sahələrdən 35000 ton pomidor yığılıb. Məhsuldarlıq hazırda hektardan 175 sentner təşkil edir. Məhsuldarlığın aşağı olduğunu hələ demək olmaz, çünki yığım davam edir”.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən avqust ayında isti küləyin sahədə məhsula zərər verdiyi təsdiqlənib.
Qeyd olunub ki, suvarma suyunun yay aylarında bölgü ilə verilməsinə nəzarət olunur, amma avqust ayında quraqlığın olması problemi nisbətən qabardıb.
Xaçmazın məşhur "Xaçmaz-18" sortunun toxumunun tapılmamasına gəlincə, məlumat verildi ki, Kənd Təsərrüfatı Nazirliyinin Elmi -Tədqiqat Tərəvəzçilik İnstitutunun Xaçmazdakı sort-sınaq stansiyasında "Vətən"sortunun toxumu kifayət qədərdir. İndi "Xaçmaz-18" sortu belə adlanır:
“Amma fermerlər özləri "Lazen "və "Soltan"sortlarının toxumlarına üstünlük verirlər. Çünki, bu sortlar daşınmaya davamlı olduğu üçün kəndliyə onları yetişdirmək sərf edir.
Amma tədricən Xaçmazın adla məşhur olan pomidor sortlarının daha çox əkilməsi müşahidə ediləcək”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu