Azərbaycan gəncliyinin ictimai fikir daşıyıcısı Şəhriyar Məcidzadədən danşacam. Müasir anlamda belə insanları fəal və ya gənc fəal adlandırırlar. Onu gənc fəalların sırasında görüb bu qənaətə gəlmək olar. Amma qısa müddətli ünsiyyətim əsasında deyə bilərəm ki, Şəhriyarın ictimai-mənəvi mövqeyi digərlərindən çox fərqlidir. Belə ki, mütaliələri və ictimai-siyasi müşahidələrindən çıxış edərək ölkəmizin gündəminə yeni suallar qoymağı, maraqlı yanaşmalar ifadə etməyi bacarır. Diqqətimi çəkən sonuncu addımı azərbaycanlı alim A. İmanquliyevaya həsr etdiyi ictimai-siyasi, mənəvi mədəniyyət yönümlü tədbiri idi. Tədbirin təşkili məqsədləri haqqında mətbuata açıqlamasında maraqlı fikir çalarları aşılamışdı. Manşetdə dini radikalizm meyllərinin təhlükəli təsir formalar ala biləcəyi kimi ifadə önə çəkilsə də daha bir neçə maraqlı məqamlar nəzərə çarpırdı. Odur ki, tədbirin məramları və konfransdakı (Milli Fikir Mərkəzinin təşkil etdiyi “İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası”x9d konfransı) çıxış mövzusu ilə tanış olduqdan sonra aşağıdakı tezislər üzrə qiymətləndirmə aparmağı özümə borc bilirəm:
* Aida İmanquliyevanın azərbaycan elmi ictimaiyyətində tanıtdırılması cəmiyyətdə birmənalı qarşılanmadığı halda Şəhriyarın özünün də təmsil olunduğu tənqidçi və inkarçı dairəsində dönüş etməsi gənc fəallar düşərgəsində fərqli fikirlərə yol açır, müasir gəncliyin mövqeyinə rəng qatmış olur- özü də burdakı gənclər azad düşüncəli, fərqli baxışlı və dəyişməyi bacaranlar kimi görünsələr də...
İctimai fikirdə qütbləşmə var. Xüsusən gənclər (gənc fəallar) düşünürlər ki, məşhurlaşmanın təməlində üzgörənlik, şəxsi umacaq, tapşırıqla davranma kimi korrupsiya elementləri var. Və ya bir tanıtımın təsir dairəsini düzgün anlamayaraq soyuq mülahizələrdən çıxış edirlər. Digərləri gənclərin təşəbbüskarlığını sadəcə cəmiyyətdəki boşluğu doldurma cəhdi kimi qiymətləndirərək faydasız iştirakçılıq edirlər. Susmaq da yolverilməzdir. Milli Fikir Mərkəzinin səmimi mühitdə müzakirəyə çıxardığı mövzu İslam mədəniyyəti, İslam sosiolojisi, İslam siyasəti prinsiplərinin ölkəmizin bu və ya digər dairələrində, o cümlədən rəsmi-inzibati qurumlarda, ictimai həyatda, elmi münasibətlər sistemində təsirli məna daşımaqla əhəmiyyətlidir. Burada azərbaycanlını düşündürən suallara yenidən baxmaq, bir daha araşdırmaq və uyğun nəticələrə gəlmək kimi vəzifələr ortaya qoyulur. Fikrimcə, mövzunu A. İmanquliyevanın adının müşayiətilə təqdim edilməsi bu səpkidə gözə dəyən tədbirlərdən, müxtəlif fəaliyyət proqramlarından fərqli olaraq daha ciddi araşdırma, doğru maarifləndirmə, alimi obyektiv tanıtma cəhdlərini ifadə edir.
* Aida İmanquliyeva adının Azərbaycanın birinci xanımının anası olaraq vurğulanması ilə (Ş.Məcidzadə tərəfindən) iqtidarçı mövqe nümayiş etdirən qarşı düşərgədə formalaşmış müthi təsəvvürlər hədəflənir;
Söhbət ondan gedir ki, yanlış nüfuzçuluq hökm sürür cəmiyyətimizdə. Bir alim və ya ictimai xadim haqqında fikir yürüdərkən, onu ictimaiyyətə tanıdarkən əyər onun varisləri hakimiyyətdədirsə “icazəli”x9d davranmalısan. Ya da bu təşəbbüsün xüsusi dairələrə aid olduğunu nəzərdə tutmalısan. Ş. Məcidzadə bu tabuların öhtəsindən gəlmiş biri kimi görünməkdədir.
* Alim mövqeyinin ictimailəşməsi, cəmiyyətin müqəddəratında vacib obraz olaraq aktuallaşdırılır;
Dünyəvi dövlətçilik anlayışı onu ehtiva edir ki, cəmiyyətdə bərqərar olan ictimai mədəni durum, o cümlədən dini-mənəvi gerçəklik elmi təmayüldə öz rasional təsdiqini tapmalıdır. Cəmiyyətimizdə dini fəaliyyətlə bağlı konkret olaraq məsul qüvvələr Qafqaz müsəlmanları İdarəsi və Dini məsələlər üzrə dövlət qurumunun varlığı məlumdur. Fəaliyyətlərində isə yalnız ictimai nəzarət, inzibati idarəetmə vasitələrinin təsirli olduğunu görmək olar. Bir nüfuzlu dövlət təşkilatı kimi onların elmi konseptual münasibətlər çərçivəsində uyğun mexanizmlə işləmədiklərinin şahidiyik. Müşahidələr onu göstərir ki, nəzarətçilik etmək yaradıcı və ya tənzimləmə imkanlarından məhrum işdir. Cəmiyyətə, kütləvi mədəni gerçəkliyə töhfəli, faydalı təsir bağışlamır. Eyni zamanda dini baxışları ifadə edən bu və ya digər formalizasiya, hər hansı subyektli nümayəndələrin (ilahiyyatçı və mollalar, din xadimləri) cəmiyyətə təqdimatı yersiz tənqidlə və ya süni dəstəklənmə ilə qarşılanmaqla qeyri-ciddi qəbul olunur, onların fəaliyyətləri doğru qiymətləndirilmir. Yəni cəmiyyətimizdə dini qurum kimi kütləvi dairənin olduğu halda hadisələri adlandırmada, dəyərləndirmə aparmada müşkül yaşanır. Konkret elmi münasibətlər, sistemli təfsirin irəli sürüldüyünü görmürük. Şərqşünas alimlərin fəaliyyətindəki qeyri-aktuallıq və ya həssaslığın yoxluğu müşahidə olunur. Düşünmürəm ki, elm xadimi yalnız elm naminə yaradıb inkişaf etməlidir, əslində alimin təsir dairəsi və nüfuzu onun vətəndaşlıq mövqeyinin nümayişindən qaynaqlanır. O öz nəzəriyyəsini, mücərrəd təfəkkür apparatını çoxluğa şamil edincə ictimaiyyətə yeni təmayül, maraqlı və faydalı baxışlar gətirmiş olar. Alimin tanınması onun dəyərləndirilməsinə xidmət edir. Ona görə də günlük məsələlərin, rast olunan faktların yersiz, keçici deyib diqqətdən uzaqlaşdırılması, o cümlədən ciddi nəzəri həll edilmə imkanlarının axtarılıb tapılmaması alim müdaxiləsinin zəifliyi və bəlkə də yoxluğu ilə bağlıdır.
* Məmurların əksəriyyətinin Azərbaycanın yaxın tarixi klassikası və elitar qurumunun parlaq nümayəndələrinin qohumları, varisləri, o cümlədən ailə üzvlərinin bugünkü hakimiyyətdə uğursuz və laqeyd təmsilçiliyi dövründə məmur rolunun gerçək üzünün tanıtdırılması üçün altşüur amillərinə toxunulur;
İnsanların obrazçılıq deyə bir yanğısı var. Bu obrazlar toplumun içindən çıxıb böyük mənalı həyat yükünün daşıyıcıları kimi tarixdə qalırlar. Onlar həm hamı kimi, həm də heç kim kimi deyə ziddiyyətli mövqedən qiymətləndirilirlər. Bu ziddiyyətlə də onların əbədiyyəti cəmiyyət üçün qəbul olunandır. Cəmiyyətin istənilən qatında onların təbii birmənalı qəbul olmaları labüddür. Amma bu təbiiliyin davamında süni meyllər də öz təsirini göstərir. İnzibati hakimiyyət dairələrinin kadr formalaşdırmaq işində tənbəlliyi, səlahiyyətsiz toplumun seyrçilik rəftarı ilə uzlaşması belə məşhur insanların qohumlarının hökumətdə, səlahiyyətli qurumlarda yaxından iştiraklarına şərait yaradır və bu heç də uğurlu nəticələrə gətirib çıxarmır. Üstəlik onların bu mənəvi himayədən sui istifadə etmə cəhdlərinin də şahidi oluruq. Milli Fikir Mərkəzinin sədri Ş.Məcidzadənin özünün də Azərbaycan ictimaiyyətinin parlaq nümayəndələrindən biri olan keçmiş nazir İsgəndər Həmidovun yaxın qohumu olaraq bu eyhamı vurması vəziyyəti dəstəkləməmək cəhdi kimi nəzərə çarpır.
* Azərbaycanın köklü siyasi problemlərinin tələskən qərarlarla, anlaşılmaz bəyanatlarla guya ki həll olunacağı pərdəsi altında məsələyə elmsiz, qeyri-rasional, proqnozdan məhrum təsəvvürlərin yayqınlaşmasına etiraz duyğusu aşılanır;
Məsələ ondadır ki, ölkəmiz üçün təhlükəli və naməlum tale ehtimalları hökm sürür. Bu ehtimallar siyasi münaqişə, müharibə, mənəvi-mədəniyyət amillərinin dəyişilməsi kimi vacib hadisələrin uğursuz və ya dağıdıcı sonluqla bitmə təsəvvürlərilə doludur. Səbəb təkcə mənzərələrlə bağlı deyil. Məsələ ondadır ki, fundamental sosial-siyasi problemlərin həllini göstərən tutarlı fikir və ya ideyalar irəli sürülmür. Problemlərin anlaşılmasına və tanıdılmasına yönələn fəaliyyət prinsipləri sistematik şəkildə işlənib hazırlanmır. Bu cəhddə bulunan kimsələri də tanımaq istəyi bir nəticə vermir.
* Dini təfəkkürün rasional ifadə mədəniyyəti fonunda inkişaf etdirilməsi tələbləri qoyulur.
Hər bir cəmiyyətin dini onun mənəvi tələbatı ilə bağlıdır. Mədəni həyatın qurulması, mənəviyyatın ifadəsi, cəmiyyətin əxlaqi təşkili insanların birgə iştirakı ilə kütləviləşir. Çox təəssüf ki, kütləvi fəaliyyət, kütləvi təsir kimi bir qabiliyyətimizi gerçəkləşdirmə iradəsindən məhrumuq. Bunun səbəblərindən ən əsası anlamlı davranma, quru icraat deyil, mənalı fəaliyyətə dair münasibətlərin formalaşmamasıdır. Bu prosesin çox vaxt tələb edəcəyi, tarixən qadağaların müşayiətilə günümüzə qədər zəif təsirli olması deyə bəhanələr ortaya atılır. Milli Fikir Mərkəzinin yanaşmasına görə bu zəifliyi və müşküllüyü aradan qaldırma hallarının üzə çıxarılması üçün konkret resurslar vardır ki, həmin resurslar A.İmanquliyevanın simasında əcnəbi deyil, yerli alimlərimizin elmi əsərləri ola bilər.
Yuxarıdakı tezislər üzrə qeyd edilən aspektlər uğurlu və ya uğursuz, təsirli və ya təsirsiz, təbii və ya süni görünə bilər. «Ya», «ya da...» bağlayıcıları ilə fikrimi ifadə etməyimin səbəbləri iqtidar-müxalif, ateist-dindar mövqelərinin müzakirədə rolunun zəifliyi ilə bağlıdır. Tədbirdə gənc fəalların, müxtəlif təşkilatların iştirakı ilə əks baxışların, azad iradi münasibətlərin qarşılaşması fürsəti reallaşmalı idi. Cəmiyyətimizin mənəvi problemləri çoxdur. O cümlədən ictimai ünsiyyəti yaratmaq, olduğu halda qoruyub saxlamaq imkanlarını arayıb axtarmırıq. Kəskin ictimai bölgüdə bulunaraq süni ayrıseçkiliyə yuvarlanmışıq. Eyni dili, eyni vətəni, uyğun məqsəd və məramlarımızı anlatmağı, paylaşmağı bacarmırıq. İnsanları görməli, dinləməli olsaq görərik ki, qruplaşma, qütbləşmə, tərəfkeşlik ictimai mövqe baxımından nə qədər miskin seçimdir. Cəmiyyətin vəhdəti problemlərinin həlli, konkret siyasi mövqe seçiminin texnoloji düşünülməsi öz aktuallığını hələ də qoruyub saxlayır. Vəhdətlilik amili isə yalnız siyasi iqtidar və ya siyasi müxalifət məzmununda deyil, istənilən ayrıseçkilik meyllərinin, o cümlədən gender hüquqlarına zidd ola biləcək halların aradan qaldırılmasına yönəlik inkişaf etdirilməlidir. Bu yolda mübarizəyə zəmin olacaq addım kimi müasir gənclərin qadın ağlına güvənməyi, qadının ciddi istimai-siyasi, tarixi-mədəni hadisənin həllində təsirli qüvvə olaraq təqdim edilməsi məni xeyli sevindirir. Bu faktı bugünkü azərbaycanlı kişilərin təfəkkür tərzindəki stereotiplərə qarşı əks təsir kimi qiymətləndirərək belə ciddi uğura görə Milli Fikir Mərkəzini, o cümlədən Şəhriyarı təbrik edirəm.
Südabə Babazadə
































































































