Zərərlə çalışan DÖVLƏT ŞİRKƏTLƏRİ – “Rəhbər dəyişikliyi problemi həll etmir”

Hazırda oxunan: Zərərlə çalışan DÖVLƏT ŞİRKƏTLƏRİ – “Rəhbər dəyişikliyi problemi həll etmir”

91013

Azərbaycanda bir sıra dövlət şirkətlərinin illik büdcə hesabatları açıqlanarkən adətən oxşar mənzərəyə şahidlik edirik:

“Qurum ötən ili zərərlə başa vurub”.

Bu zərərin həcmi bəzən 10, bəzən də 100 milyonlarla manat həcmində olur. Bəzi qurumların adlarını isə demək olar ki, hər il zərərlə çalışanların siyahısında görməyə adət etmişik.

“Azərsu” ASC, “Azərenerji” ASC,  “Azəriqaz” İstehsalat Birliyi, “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC kimi qurumları bu aspektdən mənfi mənada fərqləndirə bilərik.
Zərərlə işləyən bu qurumlar öz fəaliyyətlərini davam etdirmək üçün faktiki olaraq büdcədən ayrılan dotasiyaya məhkumdurlar. 

Bəs, bu cür vəziyyətin yaranmasına səbəb nədir?

Sualı Bizim.Media üçün cavablandıran  iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, dövlət şirkətlərinin hesabat dövrlərini zərərlə başa vurması artıq tendensiya halını alıb:

“Bu da düşünürəm ki, xərc istiqamətlərinin qeyri-adekvat idarə olunmasından qaynaqlanır. Çünki gəlirlər, zatən mümkün olduğu qədərdir. Xərclər isə gəlirlərə uyğunlaşdırılmadığı, idarəetmənin adekvat olmayan formaları tətbiq oldunuğu təqdirdə, ciddi şəkildə artır. Bu da nəticədə hesabat dövrünün zərərlə başa vurulması ilə nəticələnir”.

Ekspert sözügedən problemin həlli yolları ilə bağlı da fikirlərini bölüşüb:

“Belə şirkətlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi, korporativ idarəetmə formalarının tətbiqinə ciddi ehtiyac var. Eləcə də, beynəlxalq təcrübədə bu tip şirkətlərin idarə olunmasında “A-Z” tətbiq edilən təcrübəni yerli şirkətlərə daşımaqla uğurlu nəticələr əldə etmək olar. 

Bilirik ki, bu cür şirkətlərin əlavə alt qurumları yaradılır. Eyni zamanda tenderlərlə bağlı xərcləri artıran, lakin səmərəni artırmayan addımlar atılır. Düşünürəm ki, bunların qarşısını almaq üçün sadalanan addımların atılmasına ehtiyac var. 

Bundan əlavə istənilən qərarların qəbulu prosesində geniş müzakirələrin aparılması da zəruridir. Çünki bəzən verilən qərarlar ciddi maliyyə itkisi ilə nəticələnir. Yəni, hər hansı layihənin gerçəkləşdirilməsi üçün maliyyə vəsaiti ayrılır, lakin həmin vəsaitin geri dönüşü olmur.

Maliyyə ilində bir neçə bu cür uğursuzluq isə böyük maliyyə itkilərilə nəticələnir.

Digər tərəfdən, əlavə effekti olmayan, gəlirə fokuslanmayan xərc strukturları da vardır ki, onlara da nəzarəti gücləndirməyə ehtiyac böyükdür”.

Eldəniz Əmirov bəzi dövlət şirkətləri istisna olmaqla, böyük əksəriyyətinin özəlləşdirilməsinin mümkünlüyündən də danışıb:

“Bu şirkətlərin özəlləşdirilməsi problemin kökündən həll olunmasına gətirib çıxara bilər. Çünki dövlət şirkətində bu gün bir, səhər digər rəhbər təyin olunur və bu problemi həll etmir. Hətta təcrübə onu göstərir ki, bəzi dövlət şirkətləri rəhbər tərəfindən elə bir vəziyyətə qoyulur ki, sonra digər rəhbər gəlib bir neçə il çalışmasına rəğmən, yenə də həmin dövrün fəsadlarını aradan qaldıra bilmir. 

Bir neçə şirkətdə bu tendensiya müşahidə olunur. Problemlər səbəbindən Cənab Prezident həmin yerlərdə dəyişikliklər etsə də, məsələ yenədə həllini tapmayıb. Çünki onun kökləri olduqca dərindir və 1-2 ilə həll olunacaq problemlər deyil.
Elə şirkətlər də var ki, onların mövcudluğuna, ümumiyyətlə, ehtiyac yoxdur. Məsələn, “Azərxalça” ASC”.


Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin