İntellektual əmək nədir? – Azərbaycanda onun QİYMƏTİ - AÇIQLAMA

Hazırda oxunan: İntellektual əmək nədir? – Azərbaycanda onun QİYMƏTİ - AÇIQLAMA

90933

Hazırda dünyada baş verən proseslərə, yeni nizamlara baxsaq, artıq deyə bilərik ki, iqtisadiyyatın intellektuallaşması prosesi gedir. Yəni sözügedən sahədə yeni texnologiyalara, rəqəmsallaşmaya innovasiya əsaslı inkişafa önəm verirlər.

Bu nə deməkdir? Bu o deməkdir ki, iqtisadiyyatın bütün sahələrində elm və texnologiyaların tətbiqi nəticəsində fiziki əmək zehni əməklə əvəz olunur, yaradılan əlavə dəyərdə zehni əməyin payı artır.
Bəs intellektual əmək nədir? Zehni əmək və intellektual əmək arasında fərq varmı? Zehni əməklə fiziki əməyin, intellektual əməklə zehni əməyin, sərhədləri haradan başlayır və harada bitir?

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov Bizim.Media-ya mövzu ilə bağlı aydınlıq gətirib.

Onun sözlərinə görə, intellektual əmək və onun qiymətləndirilməsi ciddi və maraqlı mövzudur.

Lakin təəsüflə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatında intellektual əməyin payı çox-çox aşağıdır:

“Bu mövzuda suallara cavab tapmaq olduqca mürəkkəb və mübahisəli məsələlərdir. Qısacası, belə bir fikir söyləyə bilərəm ki, bütün növ fiziki əməklərin içərisində zehni əmək, bütün növ zehni əməklərin içərisində də fiziki əmək vardır. Eyni fikri intellektual əməklə də bağlı söyləmək olar və bu inkarolunmazdır.
Əsas məsələ əmək hara qədər olduqda fiziki, hara qədər olduqda zehni, hara qədər olduqda isə intellektual əmək olduğunu ayırd edə bilməkdir və əsl çətinlik də burada yaranır. Fikrimcə, fiziki və zehni əməyin qiymətləndirilməsi olur (bu gün və ya saat hesabı ilə qiymətləndirilə bilər), intellektual əməyin isə dəyəri olur və bu dəyərin ölçülməsi cəmiyyətə, topluma, sosial qruplara, təbiətə və s. verdiyi fayda əsasında aparıla bilər.

Bu fikirlə razılaşmayanlar da ola bilər. Fikrimi əsaslandırmaq üçün bir neçə misal çəkim: məsələn bir və ya bir neçə kompüter mühəndisi və ya proqramçı birləşərək heç bir maliyyə vəsaiti almadan (müstəqil şəkildə) bank sistemində istehlakçılara daha yaxşı xidmət göstərmək və bakın fəaliyyətini daha da optimallaşdırmaq üçün bank sektoruna həmçinin cəmiyyətə faydalı olan sistem proqramı hazırlayır.

Bu proqramın hazırlanması mənim fikrimcə intellektual əməkdir. Çünki proqramçı öz biliyi ilə yeni bir dəyər yaratdı.

Nəticədə proqramçılar öz əməklərini və yaratdıqları proqramın faydalarını da dəyərləndirərək onu yüksək qiymətə banklara satırlar. Bankın mütəxəssislərinin bu proqramın istifadə qaydasını mənimsəməsi və ondan istifadə etməyə başlayır.
Bankın mütəxəssisləri bu proqramdan istifadə etməsi əslində zehni əməkdir. Çünki müəyyən bilik və yaddaş tələb edir. Bəs fiziki əmək bunun harasındadır?  Burada fiziki əmək istənilən halda vardır.  Amma intellektual əməyin yaratdığı dəyər fiziki əməyi geridə qoyur”, - deyən A.Muradov həmçinin bildirir ki, bəstəkarın əməyi intellektual əmək, mahnını ifa edənin əməyi isə zehni əmək hesab olunur.

Bəs intellektual əməyin qiymətləndirilməsi necə aparılmalıdır? 

“Düşünürəm ki, intellektual əməyi qiymətləndirmək üçün fəaliyyətdən, faktiki görülən işdən başlamaq daha məntiqlidir. Beləliklə, mənim fikrimcə intellektual əmək araşdırma, yaradıcılıq, yeni məhsul (müxtəlif sahələrdə müxtəlif məhsullar ola bilər) yaratma və dünyanı dərk etməyə yönəlmiş bir fəaliyyətdir.

Bəzən intellektual əmək cəmiyyət üçün faydalı olmaya da bilər: məsələn cəmiyyətdə qarşıdurmanın yaradılması məqsədilə yazılmış əsərlər. Bu intellektual əmək olsa da, cəmiyyət və toplum üçün faydalı deyildir. Amma onun da ünvanlandığı topluma görə dəyəri vardır.

Ümumiyyətlə fərdi və ya kollektiv olmasından asılı olmayaraq bütün axtarış, araşdırma və yaradıcılıq fəaliyyətləri (bu bütün fəaliyyət sahələrinə aiddir) intellektual əməkdir. İntellektual əməyin nəticəsi olaraq ortaya çıxan məhsul isə intellektual məhsuldur.
Bu fəaliyyət sahələri çox genişdir. İntellektual əməyin iş günü və iş saatı əsasında qiymətləndirilməsinin doğru olmadığını düşünürəm. İntellektual əmək məhz bu əməyin nəticəsinə görə qiymətləndirilə bilər.

Baxmayaq ki, bunu özü də nisbidir. Ona görə də bu baxımdan intellektual əməyin dəyərini və təsirini qiymətləndirmək asan deyil”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin