1990-cı ilin 20 Yanvar hadisələrindən 31 il keçir. Bu faciə Azərbaycan tarixinə insanlığa qarşı dəhşətli terror kimi həkk olunub. Bu gün, həm də yenilməz iradəmizin qəhrəmanlıq səhifəsidir.
44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizlə yanaşı Azərbaycanın müstəqilliyi uğrunda 31 il əvvəl qanları və canları ilə tarix yazan 20 yanvar şəhidlərinin əziz xatirələri yad edilir.
Havanın soyuq və yağışlı olmasına baxmayaraq, insanlar xiyabana axın edir...
Xiyabanın girişində və bir neçə fərqli nöqtəsində güllərdən müxtəlif kompazisiyalar yaradılıb. Qara yanvarın qırmızı simvolu olan minlərlə qərənfildən 20 yanvar yazıları düzəldilib. Qara rəngin qırmızı ilə qarışığı matəmə zəfər yanğısının bürünməsini ifadə edir....
Səhər saatlarından etibarən Azərbaycan xalqı Şəhidlər Xiyabanına üz tutaraq, bütövlüyümüz və azadlığımız uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edirlər.
Şəhidlərin məzarı önünə gül dəstələri düzülür, onların ruhuna dualar oxunur.
Artıq Azərbaycan qalib ölkə kimi qeyd edir 20 Yanvarı...
Xiyabana düzülən qərənfillərin şux duruşu göz oxşayır bu dəfə...
“Biz qalibik, düşmənə əyilmədik, başınızı dik tutun Şəhidlər” deyə səs-səsə qarışıb. İşğaldan azad olunan Şuşamızın simvolu Xarı Bülbül şəhidlərimizi ziyarətə gəlib. Qələbə müjdəsini xəbər verməyə gələn Xarı Bülbül 1990-cı ildən matəm rəmzi olan qərənfilləri təsəlli edərək, onların yalnız şəhidlərin deyil, həm də qələbənin rəmzinə çevrildiklərini eşitdirir...
Ziyarətçilərin üzlərində məğlub deyil, QALİB MİLLƏT əhval ruhiyyəsi hiss olunur...
Şəhidlər Xiyabanına gələn hər bir ziyarətçi “sizin qisasınız alındı. Azərbaycan qalib dövlətdir”,-deyə qürurlanır.
Məyusluq günü məğrurluqla əvəzlənib...
Şəhidlər Xiyabanında izdiham var. Amma ziyarətə gələnlər arasında Vətən müharibəsində əzmlik nümayiş etdirən qazilərmiz, şəhid övladları və müharibə iştirakçıları daha çox diqqət çəkir. Onlar tək-tək məzarları dolaşır, gül dəstələri düzür və mənəvi rahatlıqlarını beləcə ifadə edirlər...
Həm də şəhidlərə düşməndən qisas aldıqları barədə hesabat verirdilər...
Bakıda havalar kəskin soyusa da nəfəslərimiz Şəhid ruhlarımızla birlikdə isti tutur ŞƏHİDLƏR XİYABANINI!
Bizim.Media şəhidlərin 31-ci ildönümü ilə bağlı görntüləri təqdim edir:
Alçina Amilqızı, Bizim.Media