Bu gün Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi Prezident İlham Əliyevə məruzə olunub.
Bizim.Media xəbər verir ki, Prezidentə məruzə edən hərbçi 5-ci Ordu Korpusunun komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovdur.
K.Seyidov İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Korpus komandiri Ümummilli Lider Heydər Əliyev sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, Prezident İlham Əliyevin sərəncamları ilə isə “Vətən uğrunda” və “İgidliyə” görə medalları ilə təltif olunub.
MÖVZU İLƏ BAĞLI:
Laçının nəzarətə götürülməsi prezidentə belə məruzə edildi – VİDEO
Qeyd edək ki, Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə K.Seyidova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
2021-ci ilin iyulunda Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib.
Bizim.Media