Vətəndaşlıqdan imtina edən şəxs ölkədə yaşaya bilərmi? – Hüquqi İZAH

Hazırda oxunan: Vətəndaşlıqdan imtina edən şəxs ölkədə yaşaya bilərmi? – Hüquqi İZAH

90250

“Vətəndaşlığa bərpa və ya vətəndaşlığa xitam verilmə barədə Azərbaycan ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, vətəndaşlıqdan imtina etmık istəyən şəxslər öncə vəsatətlə dövlət orqanlarına müraciət göndərməlidir:

“Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanunun 17-ci maddəsində Azərbaycan vətəndaşlığından çıxmaq imkanı nəzərdə tutulub. Buna görə həmin şəxs müəyyənləşdirilmiş qaydada vəsatətlə dövlət orqanlarına müraciət edir. Yəni bu məsələ prezidentin səlahiyyətində olduğu üçün birbaşa şəxs ona müraciət etməlidir. Azərbaycan vətəndaşlığından çıxan şəxs sözügedən vətəndaşlığa aid bütün hüquq və vəzifələrdən imtina etmiş olur. Bu siyasi, mülki və digər hüquqlara aiddir. O nə seçkilərdə iştirak edə, səs verə, nə də torpaq sahəsi almaq hüququna malik ola bilər. Lakin bu o demək deyil ki, vətəndaşlıqdan imtina etmiş şəxs hökmən ölkəni tərk etməlidir. O, Azərbaycan ərazisində qalıb vətəndaşlığı olmayan şəxs qismində yaşaya bilər. Miqrasiya idarəsinin razılığı ilə iş fəaliyyəti ilə də məşğul ola bilər. Digər halda isə hər hansı ölkəyə müraciət edib vətəndaşlığını qəbul edərək, ölkəni tərk edə bilər”, - deyə Ə.Mustafayev qeyd edib.

Bundan başqa vətəndaşlıqdan imtina edən şəxs bütün borclarını da sıfırlamalıdır. Əks təqdirdə o məsuliyyət daşıyır. 

Ona görə də vətəndaşlıqdan çıxmaq üçün aşağıdakı sənədlər zəruri qaydada tələb olunur:

1. Ərizə-anket – 2 ədəd;

2. Azərbaycan Respublikası Prezidentinin adına ərizə (vətəndaşlıqdan çıxma səbəbi göstərilmək şərti ilə) – 2 ədəd;

3. Tərcümeyi-hal– 2 ədəd;

4. 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

5. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz;

5. Şəxsiyyəti təsdiq edən sənədin surəti;

6. Kredit öhdəliyinin olmaması barədə Azərbaycan Kredit Bürosundan sənəd;

7. Dövlət qarşısında vergi öhdəliyinin olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən sənəd;

8. Alimentin tutulmaması və barəsində hər hansı icra sənədinin olmaması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin müvafiq yerli şöbəsindən sənəd;

9. Hərbi xidmət öhdəliyinin olmaması barədə sənəd (hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış);

10. Mənzil kommunal xidmətlərinə görə borcunun olmaması barədə yaşayış yeri üzrə mənzil istismar sahəsindən arayış;

11. Sudan istifadəyə və çirkab suyun axıdılmasına görə borcunun olmaması barədə “Azərsu” ASC-nin müvafiq yerli şöbəsindən arayış;

12. Qazdan istifadəyə görə borcunun olmaması barədə arayış;

13. Elektrik enerjisindən istifadəyə görə borcunun olmaması barədə arayış;

14. Telefon danışıqlarına görə borcunun olmaması barədə arayış.

Qeyd edək ki, tələb olunan dövlət rüsumunun məbləği isə 200 manatdır.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin