Allahdan ruhuna sonsuz rəhmətlər dilədiyimiz dəyərli dostumuz, həmkarımız jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində adı hallanan "Qəbələ" futbol klubunun sabiq oyunçusu Cavid Hüseynov və daha 5 nəfərin həbsi xəbəri bir qədər əvvəl Respublika Prokurorluğu tərəfindən elan edildi. Əlbəttə ki, mən heç kimin nə həbs olunmasının, nə də digər mərhumiyyətlərinin tərəfdarı olmamışam və deyiləm. Tanrıdan da heç kimə belə bir ağır durumu arzulamıram. Görün bir dənə ehtiyatsızlığın və düşüncəsizliyin bədəli necə ağır və dəhşətli oldu. Doğrusu mən futbolçu Cavid Hüseynovun atasının Qarabağ savaşında şəhid olmasını da yalnız bu faciə baş verəndən sonra öyrəndim. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, onların onsuz da narahat ruhları belə ağır faciələri görəndə bir az da narahat olur, inciyir. Mən Cavidin də doğmalarının hazırda düşdükləri çətin vəziyyətini başa düşməyə çalışıram. Amma, hadisə baş verən andan mənim fikrim ondan ibarət olmuşdu ki, Cavidin çılğınlığı və bağışlanılmaz səhvi çox böyük faciəyə yol açdı, onlarla ailənin göz yaşlarına səbəb oldu. Əslində isə onun son vaxtlar bir qədər populyar olması, mən hətta deyərdim ki, özünü əvəzedilməz hesab etməsi bax belə faciəyə gətirib çıxartdı. Buna cavanlıq səhvi də demək olar. Amma, bu səhv addım elə bir faciəyə gətirib çıxartdı ki, təkcə özünün deyil, eyni zamanda bir neçə bu məsələyə qətiyyən aidiyyatı olmayan gənc uşaqların da həyatını korladı. Xətrini çox istədiyim, təbiətən sakit olan, qorxmaz, mərd həmkarımız jurnalist Rasim Əliyevin belə namərdcəsinə xəsarətləndirilməsi isə tam əminliklə demək istəyirəm ki, bu cavan uşaqlar tərəfindən qətiyyən belə ağır faciəyə gətirəcəyi proqnozlaşdırılmırdı. Onlar sadəcə Rasimi qorxutmaq üçün belə bağışlanılmaz səhvi etdilər və bundan sonra isə Kliniki Tibbi Mərkəzin (KTM) avqustun 8-də növbədə olan MƏSULİYYƏTSİZ, SƏHLƏNKAR həkim personalı onların həbsinə səbəb oldular. Bəli, bəli, mən qətiyyən səhv etmirəm. Məhz həkimlərin həmin günü etməli olduqları bir sıra vacib prosedurlar VAXTINDA edilmədiyi üçün həm dəyərli bir gənc jurnalist dostumuz Rasim Əliyev həyatını itirdi, həm də bu 6 nəfər gənc həbsə düşdü. Hesab edirəm ki, bu cinayət işini araşdıran hüquq-mühafizə orqanları cinayətin baş verməsində əli olan hər bir kəsin əməlinə hüquqi qiymət verməklə yanaşı, cavan bir insanın ölümünün qaşısını vaxtında ala bilməyən Kliniki Tibbi Mərkəzin cavabdeh şəxsləri barəsində də ciddi ölçülər götürməlidirlər. Həbs edilən gənclərin vəkilləri istintaq orqanı qarşısında bu ağır faciənin baş verməsində həkimlərin də səhlənkarlığı, məsuliyyətsizliyi haqqında vəsadət qaldırmalıdır. Bu həm Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanan cinayət işində müəyyən qədər bəzi şəxslərin cəzasının yüngülləşdirilməsinə, eyni zamanda KTM həkimlərinə də gələcəkdə dərs olması üçün lazım olan çox vacib məqamlardan biridir. Kim nə deyir desin, mən tam məsuliyyətimlə deyirəm ki, bir çox hallarda bizim bəzi üzdəniraq həkimlər mütləq mənada xəsarət alan, yaxud xəstələnən insanın doğmaları və yaxınları ilə müəyyən maddi maraq məsələlərini danışmayınca, razılaşdırmayınca əsla ağır və ya kritik durumda olan əksər pasiyentlərə yaxın durmur və sonra da utanmaz-utanmaz "xəstələrdən öləni də olur, sağ qalanı" da kimi iyrənc sözləri dilinə gətirməyə belə çəkinmirlər. Səhiyyə Nazirliyinin iki addımlığında yerləşən KTM-in dəhlizlərində hələ də 70-80-ci illərin xoşagəlməyən abu-havası hiss edilməkdədir. Yəqin ki, mənim nə demək istədiyimi səlahiyyətli orqanlar və onların rəhbərləri yaxşı anlayırlar.
Ən sonda balaca bir iradımı da həm mətbuatdakı, həm də sosial şəbəklərdəki dostlara, millət vəkili statusunu daşıyan bəzi cənab və yoldaşlara çatdırmaq istərdim. Həmkarımız Rasim Əliyevin faciəli ölümündə birbaşa günahı olan şəxsləri açıq-açığına guya müdafiə etmək məqsədi ilə fikirlər səsləndirmək, bunu bəzən acıqcasına və etinadsızcasına etmək əsla düzgün deyil. Ən azından onu düşünmək lazımdır ki, əgər jurnalist Rasim Əliyev hər hansı təhlükəni hiss etsəydi, yəqin ki, məsələni danışb yoluna qoydugu futbolçu Cavid Hüseynov və dəstəsi ilə görüşə ya getməzdi, ya da dostlarından və həmkarlarından kimisə özüylə ora götürərdi. Fakt-faktlığında qalır ki, namərdcəsinə aldadılaraq evdən çağırılan bir cavan, çəlimsiz, arıq oğlanı bir dəstə idman cüssəli şəxslər amansızcasına əl və ayaq zərbələri ilə vurur və sonra da heç nə olmamış kimi cinayət yerini tərk edib gedirlər. Bir sözlə,gəlin ağır günlərini yaşıyan mərhum dostumuzun, həmkarımızın ruhuna, ailəsinin ağrı-acısına hörmətlə yanaşaq və cavanlıqları və HƏKİM məsuliyyətsizliyinə görə həbsə alınmış övladlarına görə valideynlərə də imkan verək ki, onlar daha da dərin sarsıntı keçirməsinlər.
Tanrı heç kimə haqsız yerə ağır günlər yaşamağı nəsib etməsin!!
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert































































































