10 milyon əhalisi olan ölkəmizdə 50-ə qədər ali təhsil müəssisəsi var. Bu ali təhsil müəssisəsinə qəbulu Dövlət İmtahan Mərkəzi aparır. İllik qəbulun 60 faizə yaxını isə ödənişli təhsil alır. Bununla belə Azərbaycandakı ali təhsil müəssisələrinin heç biri dünya reytinqində “TOP-1000”-ə düşə bilmir. Bu isə yaxşı nəticə deyil. Ötən il Bakı Dövlət Universiteti və UNEC yalnız “TOP-1300”-ə düşə bilib. Bəlkə də elə buna görə bizim universitetlərin verdiyi diplomlar dünyanın inkişaf etmiş əksər ölkələrində tanınmır.
Ali məktəblərimiz “TOP-1000”-ə niyə düşə bilmir?
Məsələ ilə bağlı xaricdə təhsil üzrə ekspert Samil Niftalıyevin fikirlərini öyrəndik. Bizim.Media ilə söhbətində o bildirdi ki, Azərbaycan universitetlərinin əksəriyyətində müəllim tədqiqatçı deyil:
“Yəni, bu müəllimlərin çoxu uzun illərdir ki, auditoriyada eyni şeyləri təkrarlayır. Yeni şeyləri öyrənmək istəməyən müəllim, elmi nailiyyətlərdən xəbərdar ola bilmir. Bu da, həm akademik nüfuza, həm də elmi tədqiqatların statistikasına çox böyük mənfi təsir göstərir”.
Akademik stimul çatışmazlığı
Tanınmış ekspert problemin İkinci səbəbi kimi elmə qarşı stimulun olmamasını görür:
“Məsələn, doktor adını almış şəxs, maaşındakı artımın cüzi olduğunu görəndə istər-istəməz həm elmi fəaliyyətdən, həm də tədqiqat işlərindən uzaqlaşmaq istəyir. Mənəvi stimul çatışmazlığı da Azərbaycanda ən böyük problemlərdən biridir. Azərbaycan mətbutında və televiziyalarında maarifçilik ənənələri unudulub.Məsələn, günün ən baxımlı vaxtında Azərbaycan kanalları bayağı insanlardan və verilişlərdən başqa heç nə göstərmir”.
Elm üzərində senzura
Samil Niftalıyevin fikrincə, digər bir problem isə azad fikirli elm atmosferinin olmamasıdır:
“Yəni, tədqiqat aparan şəxs dünya elminin tələblərinə uyğun bir iş görmək istəyirsə, mütləq şəkildə məsələlərə azad fikirli və kritik şəkildə yanaşmalıdır. Eyni zamanda tədqiqatçının istinad etdiyi mənbələr etibarlı olmalıdır ki, real vəziyyət ilə ziddiyyət təşkil etməsin. Azərbaycanda həm mənbə, həm də elm üzərindəki senzura keyfiyyətli və qərəzsiz elmi yanaşmaların qarşısını alır”.
Tələbələr üçün münbit şərait əksikliyi
Şamil Niftalıyev problemin başqa bir səbəbini isə həm tələbələr, həm də pedaqoji heyəti üçün münbit şəraitin olmamasında görür:
“Məsələn, tələbə Avropa ölkələrinin əksəriyyətində ictimai nəqliyyat vasitələrindən 50% endirimlə istifadə etdiyi halda, Azərbaycanda belə bir güzəşt yoxdur. Eyni zamanda, təqaüd məsələləri ilə də bağlı böyük bir sıxıntı var. Azərbaycan çox nadirən hansısa bir şirkət və ya dövlət qurumu tələbənin tam təqaüdlə təhsil almağına şərait yaradır və s. Dolayısıyla, bu kimi hallar istər-istəməz xarici tələbələrin də Azərbaycana olan marağını azaldır. Və son nəticə olaraq, azərbaycanlı tələbələrin də xaricdə təhsilə olan marağının kəskin dərəcədə artırır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:45 / 24.08.2022
Niyə universitetlərimiz dünyanın “TOP-1000” sıralamasında yer almır? - Maraqlı SƏBƏBLƏR
Hazırda oxunan: Niyə universitetlərimiz dünyanın “TOP-1000” sıralamasında yer almır? - Maraqlı SƏBƏBLƏR
Hazırda oxunan: Niyə universitetlərimiz dünyanın “TOP-1000” sıralamasında yer almır? - Maraqlı SƏBƏBLƏR
90193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.