Şimal bölgəsində baş verən yanğınların dəhşətli mənzərəsi FOTOLARDA və ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Şimal bölgəsində baş verən yanğınların dəhşətli mənzərəsi FOTOLARDA və ÖZƏL AÇIQLAMA

90165

Avqust ayında Şimal bölgəmizdə baş verən yanğınlar Şabran, Xaçmaz, Quba və Siyəzən rayonlarında 5 min hektardan çox ərazini külə döndərib.

Ekoloji fəlakət halını almış sürətli yanğınlarda biçilmiş taxıl və otlaq sahələri, örüş, bələdiyyə mülkiyyətində olan və dövlət təyinatlı torpaqlar zərər görüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Bizim.Media-ya bildirib ki, hazırda nə qədər meşə fondunun zərər çəkdiyi bəlli deyil, hələ dəqiqləşdirmələr aparılır: 
 

MÖVZU İLƏ BAĞLI:

Meşə yanğınlarında heyvanların tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA  


"Yanğınlar zamanı iki komissiya yaradılıb. Komissiyanın biri Fövqəladə Hallar Nazirliyinin yaratdığı ümumi komissiyadır. Bura FHN-lə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası daxildir. Bizim nazirlikdə isə konkret olaraq nə qədər meşə fondunun yandığını müəyyən etmək məqsədilə daxili komissiya da yaradılıb. Hazırda hər iki komissiya yanğının vurduğu ziyanın həcminin dəqiqləşdirilməsi ilə məşğuldur".

Nazirlik rəsmisi bildirib ki, yanğının əhatə etdiyi Quba rayonunun Zərqava və Vəlvələ İnzibati Ərazi Dairələrində 7640 hektar bələdiyyə sahəsi,1500 hektar meşə fondu var. Bu kəndlərdə 2700 fərdi təsərrüfatda 10 min əhali yaşayır: 

“Kəndlərin, əhalinin qorunması yanğın zamanı bir nömrəli prioritet məsələ idi və çox şükürlər olsun ki, buna nail olduq. Amma çox təəssüf, isti havalarda biçilmiş zəmilərin, bələdiyyə torpaqlarının qorunmasında nə bələdiyyələr maraqlıdır, nə də əhali. Taxıl biçinindən sonra guya torpağın münbitliyini artırmaq üçün biçilmiş sahəni kor-təbii yandıran kəndli özü də bilmədən təbiətə nə qədər xəyanət etdiyinin, bununla da özünə necə ziyan vurduğunun fərqinə varmır.

Bu, konkret Quba rayonuna deyil, yanğın qeydə alınan Şabran, Siyəzən, Xaçmaz rayonlarına da aiddir. Bələdiyyələr yanğın təhlükəsizliyi ilə maarifləndirmə məsələsində çox  passiv mövqe tuturlar. Nəticə isə faciəvidir, Şabranda biçilmiş sahədən bsşlayan yanğın sonda görün nə boyda ərazini əhatə etdi”.

Xalıqverdi Hüseynov yanğınlar zamanı qiymətli ağac fondunun da diqqətə çatdırıb:

"Meşələrimizdə fıstıq, vələs, palıd ağacları və diğər cinslər göz görə-görə yandı, təsəvvür edin, diametri 1metr 80 sm olan, sağlam meşə ağaclarımızı alov məhv elədi. Nə qədər kol-kos, yaşılĺıq alova qurban getdi. İndi bu meşələrin əvvəlki görkəmini alması üçün ən azı 50-60 il lazımdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidmət rəisi yanğınlarda faunamıza dəyən ziyandan da ürək ağrısı ilə söhbət açıb: 

“Yanğın zamanı hesablanması qeyri-mümkün olan ziyanlarımız da var. Nə qədər sürünənlərin, müxtəlif böcəklərin və vəhşi heyvanların yanıb kül olduğunu gördük. Şimal meşələrimizin daimi sakinləri olan ayı, tülkü, canavar, dağ kəli, cüyür, müxtəlif vəhşi quşların yanıb tələf olduğunu təxmin edirik. Nə qədər quş yuvaları yerlə-yeksan oldu. Bunların heç biri hesaba gəlmir və acısı uzun müddət hiss olunacaq”.

İdarə rəisi onu da açıqladı ki, son yanğınlar əsasən çətin relyefli sildırım dağ və qayalıq ərazilərdə, hündür təpəliklərdə müşahidə edilib. Ona görə də indi dəqiq hesablamalar aparmaqda çətinlik çəkirik:

“Məlum olan hələlik odur ki, Azərbaycanın şimalı son 20-30, bəlkə də 50 ilin ən çox davam edən və ciddi fəsadlar verən yanğınını yaşadı”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin