Artıq son bir neçə aydır ki, Bakı kəndlərinin sakinləri saxladığı mal-qaranı bazara çıxararaq dəyər-dəyməzinə satmağa başlayıb.
Sakinlər səbəb kimi ot və yemin həddindən artıq bahalaşmasını göstərirlər. Onların bildirdiyinə görə, indiki yem qiymətləri ilə südün 1 litrini 2 manata satmaq lazımdır. Bu isə indi mümkün görünmür:
“Onsuz da əhali qiymət artımları ilə bağlı kasıblaşıb. Onlarda südə 2 manat verəcək hal qalmayıb. Biz mal-qaranın ot-ələfinə, yeminə pul çatdıra bilmirik. Hələ bunun qısırı, erkəyi var. Bir bağlama otu 8-10 manata alıb mal bəsləmək olar? Yem də ki, günbəgün qiyməti qalxır. Belə getsə, Bakı kəndlərində təzə süd arzusunda olanlar bu adətlərini unutmalı olacaqlar”.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bu vəziyyətin gözlənilən olduğunu deyir.
Onun sözlərinə görə, bu durumun yaranmasına zərərvericilərin otun 60-70 faizini məhv etməsi səbəb olub:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda qoyunlar sığortalanacaq
“Çünki bu il rayonlarda otun birinci və ikinci biçini zamanı yonca sahələrinə zərərvericilərin kütləvi hücumu olub. Bunun nəticəsində demək olar ki, otun 60-70 faizi məhv olub. Fermerlər tərəfindən zərərvericilərə qarşı normal mübarizə tədbirləri də görülməyib. Otun sonrakı çalımları isə adətən zəif olur.
Bu vəziyyət ona gətirib çıxarıb ki, ötən il 2-3 manata olan yoncanın kipinin qiyməti 5-6 manat qalxıb. Bakıya həmin ot 8-10 manata gəlib çıxacaq. Həmin qiymətə ot alıb heyvan bəsləmək heç kimə sərf etməz.
Keçən il arpanın qiyməti 25-27 qəpik olsa da, indi 50-60 qəpiyə çatıb. Buğdanın qiyməti 30-35-dən 60-70 qəpiyə qalxıb. Yəni yemin bahalaşması da heyvandarlıqla məşğul olmağı çətinləşdirib. Ona görə də əhali sərf etmədiyindən heyvan saxlamaqdan imtina etməli olur”.
Rüfət Sultan, Bizim.Media