Birinci Qarabağ müharibəsinin veteranı Əli Əliyevin oğlu jurnalist İmdad Əlizadə 29 il sonra ilk dəfə ayaq basdığı doğma yurdlarına səfər haqqında Bizm.Media-ya danışır:
“Erməni işğalı dövründə bütün məcburi köçkünlər kimi mən də heç olmasa bir dəfə doğma yurdumu görmək arzusu ilə yaşayırdım. Elə bir gün olmurdu ki, xəyalən Oğuldərəyə getməyim. Hər axşam oğlum Turquta danışdığım nağıllar belə başlayırdı:
“Biri var idi, bir yox idi, sənin ata-baba yurdun olan Laçın rayonunun Oğuldərə kəndi vardı. Mən uşaq olanda biz o kənddə yaşayırdıq...”.
Uşaq ədəbiyyatında olan bütün nağılları belə girişlə başlayırdım, nağılların məkanı isə Oğuldərə olurdu. Cırtdan və dostları Oğuldərənin Həsənağa meşəsinə gedirdilər, Məlikməmmədin qarovul çəkdiyi bağ yenə bizim kəndimizdə yerləşirdi və s.
İndi bu nağıl gerçək olub, işğaldakı torpaqlarımız azadlığa qovuşub. Biz də sərbəst formada oraya gedə bilirik”.
Jurnalist deyir ki, işğaldan azad olunan ərazilərə hələ müharibə davam etdiyi dövrdə jurnalistləri aparırdılar, döyüşlər bitəndən sonra isə belə səfərlər intensiv xarakter alıb. Amma mən birinci Oğuldərəyə getmək istəyirdim, özü də tək yox, atamla birlikdə mühasirədə qalmış adamları da aparım, o yerlərə baş çəksinlər, hadisələri yerindəcə danışsınlar. Belə də oldu...
“1993-cü ilin aprel və may aylarında Laçın-Kəlbəcər ərazisində mühasirədə qalan adamları vaxtilə çətin günlər yaşadıqları ərazilərə apardıq. Səfərin məqsədi həmin hadisələri xatırlamaq, mühasirədə qalan şəxslərin öz dili ilə bunu gündəmə gətirmək və reportajlar, sənədli film hazırlanmaq idi. Səfərdə mühasirədə qalan 19 nəfərdən çoxu iştirak edə bilmədi. Çünki atam da daxil, bəziləri vəfat edib. Bir neçə nəfər isə üzrlü səbəbdən gedə bilmədi. Səfər çərçivəsində 3 ərazini ziyarət etdik.
İlk dayanacağımız Kəlbəcər rayonunun Çaykənd kəndi idi. Çünki 1993-cü il aprelin 3-də həmin qrup Çaykənd istiqamətində Tərtər çayını keçərək erməni mühasirəsini yarmağa cəhd edib. Orada erməni quldurları həmin qrupu pusquya salıb və döyüş olub.
Nəticədə bir neçə nəfər şəhid olub, bəziləri itkin düşüb. Laçın rayonunun Oğuldərə kənd sakini Temir İbrahimov, oğlu Ağaşirin İbrahimov və kəndimizin digər sakini Mötəbər İbrahimov itkin düşüblər. Onların sonrakı taleyindən indiyədək heç bir məlumat yoxdur.
Səhər isə Oğuldərəyə getdik. Atamgilin mühasirədə qaldıqları əsas yer kəndimizdən təxminən 10 kilometr məsafədə yerləşir. Çətinliklə də olsa, kəndə qədər avtomobillərlə gedə bildik. Oğuldərənin yolları 30 ildir istifadə edilməyib deyə tamamilə dağılıb.
İşğaldan əvvəl kəndimizin yaylaqlarına da avtomobil yolu vardı, amma indi həmin yolların haradan keçdiyini müəyyənləşdirmək, ümumiyyətlə, mümkün deyil. Hər yeri ot basıb, bundan sonra sel suları, yağış nəticəsində yol tamamilə dağılıb”.
İmdad Əlizadə bildirir ki, 19 nəfərin sığındığı ev atamın bibisi oğlu Əliheydər İbrahimovun yay evidir. Evə çatanda 29 illik işğalın izlərini gördük.
Əşyalar tamam çürüyüb, ev dağılıb. Buna baxmayaraq, istifadə etdikləri qablar, əşyalardan qalıqlar var idi. Orada atamın ruhunu hiss etdim:
“Oğuldərədə evimizə baş çəkdik - 29 il 3 ay 15 gündən sonra... Anam Zeynəb Əliyeva, bacım Turac Əlizadə, qardaşlarım Babək və Mirzə Əlizadə də ilk dəfə idi Oğuldərəyə gedirdi. Düşmən ikimərtəbəli evimizi dağıdıb, ancaq divarları qalıb. Üstünün dəmirini, qapı pəncərələrini söküb aparıblar.
1993-cü ilin aprelin 2-də Oğuldərdən ayrılanda ailəm çox çətin anlar yaşayıb. Atam danışırdı ki, “ikinci mərtəbənin qapılarını açıq qoydum. İkinci mərtəbə, pilləkanın başında divarları öpüb ağladım. Aşağı düşüb, birinci mərtəbədə pilləkanın ayağında diz çökdüm.
Göz yaşlarımla divarları islatdım və dedim ki, bağışla məni, ata yurdum, səni qoruya bilmədim, əlimdən ancaq bu gəlir”. Bu dəfə gedəndə mən atamın etdiyini etdim. Dedim ki, “ata, ruhun şad olsun, biz yurdumuza qayıtmışıq!”.
Laçınlı jurnalist deyir ki, Laçın dəhlizindən keçəndə adətən uzun müddət gözləməli olursan. Amma biz cəmi bir saat ərzində keçdik. Bizi müşayiət edən hərbçilərimiz dedilər ki, ilk dəfədir, belə rahat keçmək olur:
“Mən ötən 29 il 3 ay 15 gündə hər gün doğma torpağıma getməyi arzulamışam. Ömər aşırımını keçdik. Sonuncu dəfə 1992-ci ildə 4-5 dəfə oradan aşmışdıq.
Mənim 12-13 yaşım var idi. İki dəfə piyada keçmişik aşırımdan, iki gecəni qar göydən yağa-yağa oranın dolambaclarında keçirmişik. Bu dəfə isə çox rahatlıqda, sevinclə, qürurla aşdıq. Həmişə avqust ayında aşırımın təpəsi qar olurdu. İndi heç nə yox idi.
Çox böyük təəssüratlarla qayıtmışam. İnsanı yaxşı mənada heyrətə salan böyük işlər görülüb. Bəlkə minillərdir insan ayağı dəyməyən yerlərdə indi yol çəkilir, yaşayış bərpa olunur.
Bu səfər mənim ömrümün ən yadda qalan səhifəsidir. Ən böyük arzum həyata keçib. İnanmıram ki, bundan sonra bundan daha da böyük arzum olsun. Daha ürəyim nə zaman istəsə, torpağıma gedə biləcəyəm. Gözəl duyğudur”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:48 / 23.08.2022
LAÇINLILAR: “29 il 3 ay 15 gündən sonra Oğuldərədə evimizə baş çəkdik”
Hazırda oxunan: LAÇINLILAR: “29 il 3 ay 15 gündən sonra Oğuldərədə evimizə baş çəkdik”
Hazırda oxunan: LAÇINLILAR: “29 il 3 ay 15 gündən sonra Oğuldərədə evimizə baş çəkdik”
90007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.