“Xəzər dənizi qapalı hövzə olduğundan burada dövrü olaraq səviyyə dəyişmələri baş verir. Amma indiyədək bunun səbəbi alimlər tərəfindən tam və birmənalı qiymətləndirilmir”.
Bu sözləri Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Xəzərdə dalğanın hündürlüyü 2.8 metrə çatıb – Faktiki hava
“Xəzərin səviyyəsində enmə 2050-ci illərə qədər davam edəcək” - Coğrafiya İnstitutu
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.
Nazirliyin rəsmisi deyib ki, dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil, çünki bugünədək heç biri özünü doğrultmayıb.
“Xəzərin səviyyəsinin dəyişəsinin bir çox amillərdən asılı olduğunu nəzərə alsaq, bunun dəqiq proqnozu, ssenarisi olmalıdır. Səviyyə tərəddüdünə gətirib çıxaran amillərdə kifayət qədər qeyri-müəyyənliklər olduğuna görə, məncə belə bir uzunmüddətli proqnoza skeptik yanaşmaq lazımdır”.
Qeyd edək ki, çoxillik məlumatların təhlili Xəzər dənizinin səviyyəsi 20-34 metr arasında dəyişdiyini göstərir. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq 29 metrə qədər azalıb.
Lakin 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq 26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb.
Gülşanə Mustafayeva, Bizim.Media