Fazil Mustafa: "O bizə öyrətdi ki, baş düşünmək üçündür, yarmaq üçün yox"

Hazırda oxunan: Fazil Mustafa: "O bizə öyrətdi ki, baş düşünmək üçündür, yarmaq üçün yox"

89603

"Mənim üçün Şəkidə bir ziyarət yeri, bir ibadət yeri varsa, o da Mirzə Fəthəlinin evidir.O burada doğulub. Biz isə bir millət olaraq onun mürəkkəbqabından doğulmuşuq. O, olmasaydı nə olardı? Biz kimliyi bəlli olmayan, şəxsiyyəti şəkillənməyən cahil bir dinçi kütlə olacaqdıq". 

Bizim.Media xəbər verir ki, bu sözləri ailəsi ilə Şəkiyə istirahətə yollanan millət vəkili Fazil Mustafa yazıb.

O qeyd edib ki, M.Fətəli Axundov Türk dilini ədəbiyyat dilinə çevirən, fəlsəfi düşüncəni öyrədən tarixi şəxiyyətdir:

"O, bizə xurafatın, cahilliyin, danabaşlığın şərəfsiz üzünü göstərdi. İlk dəfə o bizə öyrətdi ki, baş düşünmək üçündür, yarmaq üçün, pir daşına, qəbir daşına sürtmək üçün deyil. Biz "Mirzə Fəthəliyə doğru, geri" qayıtmadıqca irəliyə, tərəqqiyə doğru start götürə bilməyəcəyik. O, bizi üfunətli iranlı kimliyindən çıxarmaq üçün həyatını sərf etdi, əslində milli dövlətimizin də yolunu açan məhz Mirzə Fəthəli oldu.

Azərbaycan cəmiyyəti rus işğalından sonra maarifçilik hərəkatı ilə tanış oldu. Az sayda da olsa maarifçilərimiz yetişdi. Seyyid Əzim, Zərdabi, Mirzə Cəlil, Sabir, Yusif Vəzir... Ancaq maarifçilikdən aydınlanmaya keçə bilmədiyimizə görə həmişə müasir görünən obrazımızın altında bir cəhalət və xurafat lili bulanıqlığını qoruyacaqdır. Aydınlanmaya mən Arifçilik deyirəm.

Azərbaycanda üç böyük Arifçi zühur etdi: Mirzə Fəthəli, Əhməd Ağaoğlu və Hüseyn Cavid. Onlar Maarifçi deyildilər, Arifçiydilər. Onları tanımadıq. Onları öyrənmədik. Onlar düşünməyi öyrətdilər, babalarımız da, bizlər də düşünməmək üçün dirəşdik. İndi də dirəşirik".

Millət vəkili Mirzə Fətəli Axundovun ev muzeyinin xanım əməkdaşlı ilə aralarındakı maraqlı dialoqdan da bəhs edib:

"Bura Şəkidə Mirzə Fəthəlinin ev muzeyidir. Hamı Xan Sarayına, pitixanaya, karvansaraya, Şəki halvasına axışırdı. Uşaqları alıb bura gəldim. Muzeyin olduqca nəzakətli xanım əməkdaşı təəccübünü gizlətmədi: "Bura nadir hallarda kimsə gəlir. Hamı başqa görməli yerlərə gedir". Ürək acısı ilə: "Bəs siz nə deyirsiniz,  bu xalq Mirzə Fəthəliyə doğru gəlsəydi bunca fəlakətlər yaşayardıqmı?"  söylədim".

O qeyd edib ki, bura görməli yer yox, düşünməli yerdir: 

"Və Mirzə Fəthəlinin evinin kandarında oturub düşündüm: Bu ev Azərbaycandan niyə görünmür?".

Bizim.Media














 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin