Hüquq müdafiəçisi gömrükçülərlə niyə problem yaşayıb? – Qalmaqalın SƏBƏBİ 

Hazırda oxunan: Hüquq müdafiəçisi gömrükçülərlə niyə problem yaşayıb? – Qalmaqalın SƏBƏBİ 

89435

Bu gün Azərbaycana demək olar ki, bütün xarici ölkələrdən məhsul idxal edilir. Onlar arasında ərzaq, geyim, parfümeriya, oyuncaqlar, dərmanlar və digər mallar yer alır. 

Bizim.Media-nın paytaxtın əksər mağazalarında apardığı müşahidələr zamanı məlum olub ki, əksər idxal məhsullarının üzərindəki məlumatlar yalnız xarici dildə yazılır. Ana dilimizdə isə heç bir təlimata rast gəlinmir. 

Bu da yerli istehlakçıların haqlı narazılığına səbəb olub. Əksər alıcılar deyirlər ki. Məhsulların üstündə adətən rusca təlimatlar var:

“Bu nə deməkdir, kimin təşəbbüsüdür? Bizə elə gəlir ki, bunu qəsdən edirlər. Məqsədyönlü şəkildə çalışırlar ki, hələ də imperiya havası yaşasın. Bir də yeni yerişən nəslin rus dilindən anlayışı yüksək deyil, ona görə də təlimatlardan anlayışsız qalırlar” 
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti də vətəndaşlara bildirib ki, markalanmayan məhsulları almaq məsləhət deyil. Lakin çoxluq onu göstərir ki, markalanan məhsullar o qədər də çox deyil.

Bəs, ölkəmizə idxal edilən xarici malın üzərində Azərbaycan dilində məlumatların yerləşdirilməsinə necə nail olmaq mümkündür?  Bu mövzuda qanunvericilik nə deyir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bizim.Media-ya mövzu ilə bağlı açıqlamasında bildirib ki, markalanmayan məhsulların satışı qanunla icazəsizdir, lakin illərdir ki, bu problem öz həllini tapmır:

“Azərbaycanda “Dövlət dili”, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında və Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə qeyd olunur ki, ölkənin əmtəə bazarında olan bütün mallar (texniki, ərzaq malları) xarici dillə yanaşı, milli dildə də markalanmalıdır. Bu tələb ucuz vətənpərvərlik deyil, bu istehlakçının mal haqqında informasiya almaq kimi beynəlxalq və yerli hüquqlarından biridir. Qonşu ölkələrdə artıq neçə illərdir ki, bu məsələ öz həllini tapıb və milli dildə markalanmayan heç bir mal ölkənin əmtəə bazarına yollanmır.

Milli dildə markalanmayan malların ən acınacaqlı halı əsasən İran mallarında müşahidə olunur. Bizdə isə demək olar ki, bu sahədə heç bir iş görülmür. Və məni ən təəccübləndirən məsələ budur ki, dövlət orqanları da bu məsələnin həllində maraqlı deyil. Bu yaxınlarda efirlərin birində bu mövzu ətrafında gömrük əməkdaşları ilə böyük polemika yaşadım. Onlar deyir ki, bizim əsasnamədə bu məsələ yoxdur və bu məhsulları ölkəyə daxil olmağa icazə veririk. Lakin bu qanun pozuntusu deməkdir”.

E. Hüseynovun sözlərinə görə, ölkədə xarici market şəbəkələrində satılan məhsullarda da markalaşma yox dərəcəsindədir. Bununla bağlı aidiyyatı qurumlar addım atmalıdır:

“Azad İstehsalçılar birliyi UNİCEF-in dəstəyi ilə milli dildə 150 adda körpə qidalarını Azərbaycan dilinə tərcümə edərək təqdimatlarını hazırlanmasına nail olub. Ölkənin əmtəə bazarına baxsaq, avtomobillər, mürəkkəb texniki cihazlar, telefonlar və s. əksəriyyətinin sənədləri xarici dildədir.
Heç rus dilində də əksəriyyəti haqqında məlumat yer almır. Əgər kontinental marketlər şəbəkəsinə girsək, xarici ölkələrin buradakı mağazaları illərdir ki, tənqid olunur. Lakin heç bir müsbət addım atılmır. Dövlət orqanları arasında üfüqi əlaqələrin olmaması məni çox narahat edir. Nazirlər Kabineti bu kimi problemlərə son qoyulması üçün addımlar atmalıdır”, - deyə o, bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin