Azərbaycan-Qazaxıstan arasında ticarət 6 dəfədən çox artıb

Hazırda oxunan: Azərbaycan-Qazaxıstan arasında ticarət 6 dəfədən çox artıb

89418

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan-Qazaxıstan Ekspert Şurasının iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu (SAİ) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə hibrid formatda təşkil olunan tədbirdə Ekspert Şurasının üzvləri çıxış edib.

Giriş nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və SAİ-nin direktoru Erkin Tukumov Qazaxıstan-Azərbaycan münasibətlərində hazırda aktual olan məsələlərə toxunub.

E.Tukumov qeyd edib ki, iki ölkə ekspertləri arasında əlaqələr son dövrlər sistematik və məhsuldar xarakter alıb.

F.Şəfiyev də Azərbaycan-Qazaxıstan ekspert icmaları arasında möhkəm platformanın yaradıldığını təsdiq edərək bəyan edib ki, bu görüşün Qazaxıstan Prezidenti Tokayevin səfəri öncəsi baş tutması xüsusi məna kəsb edir. 

Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Aidos Sarım parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunaraq bildirib ki, 44 günlük müharibə zamanı Qazaxıstan ictimaiyyəti Azərbaycanın yanında olduğunu açıq şəkildə ifadə edib.

Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu və Rasim Musabəyov çıxış edərək Azərbaycan və Qazaxıstan arasında siyasi və təhlükəsizlik sahəsində əlaqələrin yüksək səviyyədə olmasının iki xalq arasında ortaq tarix, etnik, mədəni, dini kimlikdən qaynaqlandığını qeyd ediblər. 

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyətinin sədr müavini Amangeldi Tajenov regionda və dünyada geosiyasi hadisələrin son dövrlər neqativ yöndə inkişaf etdiyini və buna görə də, Qazaxıstan və Azərbaycanın öz xarici siyasət fəaliyyətlərini xüsusən beynəlxalq təşkilatlarda qarşılıqlı koordinasiya etməsi zərurəti yarandığını vurğulayıb. 

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iki ölkə arasında mövcud olan təhsil və mədəni əlaqələrdən bəhs edib.

TALAP Tətbiqi Tədqiqatlar Mərkəzinin direktoru Rahim Oşakbayev yeni geosiyasi reallığın düşüncə mərkəzləri arasında fikir mübadilələrini intensivləşdirməsi zərurətini diqtə etdiyini qeyd edərək, MDB, Avrasiya İttifaqı kimi təşkilatların ətalət (inersiya) vəziyyətində olduğunu, yeni inteqrasiya modellərinin, bu kontekstdə Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya formatının nəzərdən keçirilməsinin vacibliyinə toxunub.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov regionun qonşuluğunda baş verən geosiyasi dəyişikliklərin Qazaxıstan və Azərbaycan üçün bir sıra daxili və xarici təhlükəsizlik çağırışları yaratdığını, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün tarixi şans yarandığını, bunun üçün investisiya təhlükəsizliyi mühitinin yaradılmasının, ticarət və gömrük sahəsində dövlət strukturlarının fəaliyyətlərinin sinxronizasiya edilməsinin vacibliyini bildirib. 

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov son dövrlərdə Orta Koridora tələbatın artdığını açıqlayıb. BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov Orta Koridor ilə tranzit yükdaşımalarının artması ilə yanaşı, Azərbaycan ilə bu koridor üzərində yerləşən Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstan arasında son illərdə ticarət dövriyyəsinin həcmində artım tendensiyasının müşahidə olunduğunu bildirərək, bu ilin birinci yarısında Azərbaycan və Qazaxıstan arasında ticarətin ötən ilə nisbətən altı dəfədən çox artaraq tarixi zirvəyə çatdığını bəyan edib.

Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun baş eksperti Lidiya Parxomçik isə Xəzər regionu ölkələri arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etməsiylə bərabər bir sıra texniki və bürokratik problemlərin həllini gözlədiyini qeyd edib. 

Qeyd edək ki, cari ilin may ayında “Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin