““Bolt” və “Uber” taksi şirkətləri Azərbaycandakı şirkətlər arasında xaotik vəziyyət yaradıb. Həm də bazarda manapoliya yaradaraq suni qiymət endirib və bunun adına rəqabət qoyurlar. Bununla da digər taksi şirkətlərini sıradan çıxarırlar”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, sahibkarlar işsiz gəncləri qəpik-quruş verərək taksi fəaliyyətinə cəlb edirlər və bununla da iş əmsalı aşağı düşür. Nəticədə bu problem gündəlik taksi istifadəçilərinin böyük narazılıqlarına səbəb olur:
“Artıq bəzi şirkətlər fəaliyyətini dayandırıb bəziləri isə güclə ayaqda qalmağa çalışırlar. Bir neçə sahibkar da bundan səmərəli şəkildə istifadə edir. Məsələn, onlar 10-15 minik maşını alırlar bu xüsusən də "Toyota prius" markalı olur və onları "Uber", "Bolt" kimi şirkətlərə yönlədirərək, sürücüləri maaşla işə götürürlər. Lakin sahibkarlar sürücünü istismar edərək, digər məsələləri nəzərə almırlar və nəzarət yox dərəcəsindədir. Sürücülər səhər saat 9-dan axşam 9-a hətta daha gec saatlara qədər fasiləsiz işləyirlər. Sözügedən şirkətlərin dünya səviyyəsində fəaliyyətləri fərqlidir. Hər ölkənin bu sahədə özünəməxsus qayda-qanunları var. Azərbaycanda isə hələlik taksi şirkətləri və onların fəaliyyəti məsələsi çox xaotikdir”.
E.Muradlı həmçinin bu mövzuda ürəkaçan xəbəri də diqqətimizə çatdırıb. Belə ki, hazırda bu sahədə yeni qanunvericilik layihəsi hazırlanır:
“Məndə olan məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) bu sahədə digər aidiyyatı qurumlarla birlikdə yeni qanunvericilik layihəsi hazırlayır. Yəgin ki, bu yaxınlarda məsələ öz həllini tapacaq.
Çünki ilin əvvəlində Prezident İlham Əliyev Bakı şəhərində yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanda öz yerini tapıb. Burada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Nəqliyyat Avtomobil Xidməti eləcə də Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat agentliyi , DİN və digər qurumlar prosesdə iştirak etməlidir. Yəgin ki, ilin sonuna qədər problemlərin həlli istiqamətində müəyyən addımların atılmasının şahidi olacağıq”.
Səkinə Yusibli, Bizim.Media