Bakıda 8 beynəlxalq sərgi keçiriləcək – Bu tarixlərdə 

Hazırda oxunan: Bakıda 8 beynəlxalq sərgi keçiriləcək – Bu tarixlərdə 

89013

Bu ilin sentyabr-noyabr aylarında Bakı Ekspo Mərkəzində “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərin təşkilatçılığı ilə 8 sərgi keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə "Caspian Event Organisers" məlumat yayıb.

Məlumata görə, sərgi mövsümü sentyabrın 6-dan 8-nə qədər davam edəcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - "ADEX 2022" ilə başlayacaq. Müasir silah və texnika sərgisində yerli və xarici şirkətlərinin hərbi-sənaye kompleksinin gücü və qüdrəti nümayiş etdiriləcək.
Bu sərgi Azərbaycanın II Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutacaq "ADEX 2022" ilə paralel olaraq Bakıda 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Sərgisi - “Securex Caspian” keçiriləcək.

Sərgi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək beynəlxalq tədbirdir.

Sərgidə Azərbaycan, Belarus, Çin, İsrail, Cənubi Koreya, Rusiya və digər ölkələrdən şirkətlər təmsil olunacaq. 

5-9 oktyabr tarixlərində isə 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi - “Baku International Book Fair 2022” olacaq. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq sərgidə bir sıra yerli və xarici nəşriyyatlar və mətbəələr, eləcə də kitab mağazaları, universitetlər, mədəniyyət mərkəzləri, muzeylər və s. iştirak edəcək.
Sərginin məqsədi bu rəqəmsal əsrdə kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır. 

19-21 oktyabrda 2-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi - "Rebuild Karabakh 2022" olacaq. Bu il sərgidə Azərbaycan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası və digər ölkələrdən şirkətlər iştirak edəcək.

"Rebuild Karabakh 2022" Qarabağın yenidən qurulması ilə bağlı layihə və strategiyalarını təqdim edəcək yerli və xarici şirkətlərin, eləcə də aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələri arasında işgüzar dialoq üçün kommunikasiya platforması yaratmağa imkan verəcək. 

Eyni tarixlərdə 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi - “BakuBuild 2022” və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi - “AquaTherm Baku 2022” keçiriləcək.

“BakuBuild 2022"də yerli şirkətlərlə yanaşı Almaniya, Hindistan, İran, İsveç, İtaliya, Macarıstan, Rumıniya, Rusiya, Türkiyə və daha artıq ölkələrin nümayəndələri öz xidmətlərini və yeniliklərini - inşaat materialları; dam örtükləri və izolyasiya; fasadlar, pəncərələr, qapılar; inşaat avadanlıqları və texnologiyalar; metalın həddələnməsi; plitələr təqdim edəcəklər.

“Aquatherm Baku 2022” isə Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və bir sıra digər ölkələrdən şirkətləri bir araya gətirəcək. Təqdim olunacaq sektorlar fitinqlər və zolotniklər; istilik sistemləri; borular və boru kəmərləri; su və kanalizasiya texnologiyaları; su təchizatı və çirkab suların təmizlənməsi; hava kondisionerləri; ventilyatorlar olacaq. 

Sərgi mövsümünü noyabrın 3-dən 5-nə qədər keçiriləcək Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - “Medinex 2022” və Azərbaycan Beynəlxalq Gözəllik Sənayesi Sərgisi - “Beauty Azerbaijan 2022” yekunlaşdıracaq.

“Medinex 2022” Azərbaycanda tibb və səhiyyə sahəsində hərtərəfli tədbirdir, həmçinin istehsalçılar, distribyutorlar və sənaye peşəkarları üçün görüş yeridir. Sərgi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilir.

Sərgidə tibbi avadanlıqlar, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunacaq.
“Beauty Azerbaijan 2022”də isə kosmetologiya və estetik tibb üçün məhsullar, parfumeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq vasitələri, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri və bir çox başqa məhsullar təqdim ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin