Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yanğının söndürülməsində relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır.
MÖVZU İLƏ BAĞLI:
“Hirkanda yanğın bilərəkdən törədilib”- EKOLOQ
Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.
Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, 2 texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, 2 texnika, Xüsusi Riskli Xilastemə Xidmətindən 31 nəfər şəxsi heyət, 2 texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, 2 texnika, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub. Əməliyyata, həmçinin Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb edilib.
Əlavə məlumat veriləcək.
Bizim.Media