Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bizim.Media xəbər verir ki, dördzolaqlı yolun uzunluğu 64,8 km, yolun hərəkət hissəsinin eni 15 metr olacaq.
Hazırda yolda torpaq işləri aparılır, yol yatağı salınır, 275 və 150 metr uzunluğunda körpülərə beton dayaqlar və digər mühəndis konstruksiyaları quraşdırılır.
O cümlədən, yolun 63-cü kilometrliyində yerləşən 275 metrlik avtomobil körpüsünün 11 sütunundan 9-u artıq tam hazırdır, ikisinin tikintisi aparılır.
Yol boyu müxtəlif ölçülü su kəmərlərinin çəkilməsi, eləcə də yeraltı keçidlərin tikintisi davam etdirilir. Layihənin əhəmiyyətini nəzərə alaraq, işlər gecə-gündüz, üç növbə ilə həyata keçirilir.
Bu yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən, uzun illər erməni işğalından azad edilmiş şəhər, rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biridir.
Bizim.Media