Evlənənlər nə üçün NİKAH MÜQAVİLƏSİ bağlamalıdırlar? – Hüquqi İZAH

Hazırda oxunan: Evlənənlər nə üçün NİKAH MÜQAVİLƏSİ bağlamalıdırlar? – Hüquqi İZAH

88601

Ailə Məcəlləsində nikaha daxil olanlara nigah müqaviləsinin bağlanması tövsiyə olunur. Lakin mental dəyər səbəbilə gənclər və onların valideynləri nigah müqaviləsindən qaçırlar.

Çox təəssüf ki, tərəflərin evlənməzdən öncə boşanma haqqında düşünərək müqavilə tələb etməsinin bədniyyətlilik və utancverici bir hal kimi qəbul edirlər.

Əksəriyyətin belə düşünməsi sadəcə savadsızlıqdan irəli gəlir.

Bu yanlış mövqedən çıxış edənlər nikah müqaviləsinin mahiyyətinə varmır, onun üstünlüklərini düşünmür.

Nigah müqaviləsi gənc ailəyə nələri qazandırır?

Nikah müqaviləsinin bağlanması tərəfləri lüzumsuz mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir.

Müqavilədə tərəflərin bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələri, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəa müəyyənləşdirilə bilər.

Etiraf edək ki, ailə quran gənclər içlərindən keçəni çox zaman dilə gətirə bilmirlər. Məsələn, gənc qızlar çox zaman oğlanın valideynləri ilə birgə yaşamaq istəmir, ayrıca ev arzusunda olurlar. Və yaxud əksinə gənc oğlan qızdan müəyyən gözləntiləri olur.

Amma utandıqları üçün bunu heç kim dilə gətirmir, sonradan isə bunlar ciddi problemə çevrilir. Sonda iş boşanmaya qədər gedib çıxır.

Tanınmış hüquqşünas Əsabəli Mustafayev Bizim.Media ilə söhbətində son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanan əmlak xarakterli olduğunu bildirdi. O, bunun tək səbəbi kimi nigah müqaviləsinin olmamasını görür:

“Son illər nigah müqaviləsinin statistikasına rast gəlinmir. Belə statistika yoxdursa, deməli müqavilə də yoxdur. Boşanmaların sayınıın və boşanarkən mübahisələrin durmadan artması onu göstərir ki, nigah müqaviləsi günün prioritetidir. Əgər belə müqavilələr olsa onda məhkəmə prosesi və ondan əvvəlki mediasiya proseslərində əmlak, yaşamaq hüququ, uşaqlarla görüşmək hüququ, aliment məsələlərində bu qədər çox problemlər olmazdı. Əgər nigah müqaviləsi olsa onda məhkəmlərdə və məhkəmələrdən sonra bu qədər problem olmazdı. Və bir çox məsələlər məhkəməsiz də həll olunardı”.

Qadın körpə uşaqları ilə küçədə necə qalır?

Nigah müqaviləsi təkcə tərəflərin öhdəliklərini müəyyən etmir, həm də onların gələcək gözləntilərinin sərhədlərini müəyyən edir. Əsabəli Mustafayev deyir ki, bəzən məhkəmədə belə bir halla rastlaşırıq ki, qız qayınata evinə gəlin köçür. Bir müddət sonra gənclər boşanmalı olurlar:

“Bəlli olur ki, ev qaynatanın mülküdür. Və gəlin evə heç qeydiyyata da düşməyib. Bu zaman hətta məhkəmə də boşanan qadına və uşaqlara əmlakla bağlı heç bir köməklik edə bilmir. Nəticədə, ana uşaqlarla küçəyə atılır. Amma nigah müqviləsi bağlanmış olsa onda bu cür problemlər ortaya çıxmaz”.
Göründüyü kimi nigah müqaviləsi ailə institutunun qorunub inkişaf etdirilməsi üçün ən gözəl platformadır. Çünki, hər iki gənc müqavilə sayəsində gələcək gözləntilərinin nə qədər real olacağını bilir. Və bu zaman, “mən belə bilmirdim...”, “mən düşünmüşdüm ki...”, “mən elə zənn edirdim ki...” aldadıcı fikirlərlə gənclər özlərini yormazlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin