“Quyruqoğdu” yoxsa “quyruqdondu”? – Avqustun 15-dən sonra suyun da tərkibi dəyişir

Hazırda oxunan: “Quyruqoğdu” yoxsa “quyruqdondu”? – Avqustun 15-dən sonra suyun da tərkibi dəyişir

88394

Ta qədimdən insanlar təqvimi çox zaman təbiət hadisləri ilə tərtib ediblər. Məsələn, “Ceyran kölgəyə gələn ay”, Qorabişirən ay”, “Mundar üşüyən ay” və sair. Bundan əlavə digər bəzi bildirişlər də var idi. Deyək ki, xalq arasında yayın ortası, yay fəslinin yarı olan günü “quyruqdoğdu” adlanır. “Quyruqdoğdu” avqust ayının 15-nə təsadüf edir.

El arasında deyərlər ki, bu dövr səmada quyruğa oxşayan ulduzların görünməsinə uyğun olaraq, bu cür adlandırılıb.

Amma bəzi yerlərdə ilin bu dövrünə “quyruqdondu” adlanır. Bu da onunla izah olunurdu ki, tərəkəmə elatı yaylaqda olanda havaların sınmasını məhz bununla müəyyən edirdilər. Beləki, yay yarı olandan sonra yatan qoyunların quyruğu gecələr donurdu. Bunu görən elat əhli yavaş-yavaş yaylaqdan köç etməyə başlayırdı. 

“Quyruqoğdu” yoxsa “quyruqdondu” daha doğrudur?

Tarixçi alim Asəf Orucov Bizim.Media ilə söhbətində bildirdi ki, “quyruqdoğdu” ifadəsi daha çox yerinə düşür.

Xalqımızın uzunmüddətli müşahidəsinə görə, “quyruqlu ulduzlar”ın görünməsi ilə artıq yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da, artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı gəlib çatdığını bilərdilər. Yay yarı olanda, quyruq doğduqda (avqustun 15-i) quzu qırxımına başlayırdılar”.

“Quyruqdoğan”dan sonra pendir də dada gəlir

Tanınmış alim daha sonra bildirdi ki, “nənələrimiz danışırlar ki, yaxşı pendir tutmaq üçün “quyruqdoğdu”dan, yay yarı olandan sonra bu işə başlanılmalıdır. Xalq arasında adı, dadı dillər əzbəri olan arxac, qaşar, axtarma pendirləri daha çox ilin bu dövründən sonra tutular. El arasında bu cür pendirlərə “payız pendiri” deyərlər. Çünki ilin bu dövründə süd yağlı olduğundan ondan hazırlanan pendirlər daha dadlı olur”.

Yay şumuna bu tarixdən başlayırlar

Etnoqrafik-çöl materiallarına görə, ilin bu dövrü əkinçilik təsərrüfatında mühüm yer tutur. Əkinçilik təsərrüfatında bu ulduzların görünməsi yay şumunun başlanmasına işarədir. Torpağı yayda şumlayardılar ki, payız əkininə qədər Günəş şüaları torpağı qovursun. Bu zaman məhsul bol olardı. Əkinçilərin dediyinə görə, “quyruq doğana” qədər ot-küləş yığılmazdı. Çünki ot ovulub yerə tökülür, tozu isə otu yığan adama zərər verir. Ancaq “quyruq doğandan” sonra yerə şeh düşər, bu da küləşin, otun yığılıb daşınma işini asanlaşdırar.

Suyun tərkibi də dəyişir

Mövsümi müşahidələrə görə, “quyruq doğanda” sular yerin altına batar. Digər bir inama görə, bu dövrdən etibarən mineral suların tərkibi dəyişər. Sular artıq öz gücünü itirər. Payızda ağacların yarpaqları saraldıqdan sonra sular (mineral) yenidən öz kəsərini bərpa edər.

Həmin vaxtdan etibarən havalar dəyişməyə başlayır, gecələr şeh düşür. Bu durum xalq arasında işlədilən “avqustun on beşi yay, on beşi qış” ifadəsinin doğru olduğunu göstərir. Babək rayonunun Nehrəm kəndindən toplanmış materiallara görə, “quyruqdoğdu”dan sonra əqrəblər çoxalmağa başlayar. Bu da çox güman ki, havaların sərinləşməsi ilə əlaqədardır. İllik turpu isə xalq təqviminə görə, “quyruqdoğdu”dan sonra, arpa-buğdanın yerinə əkərlər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin