“Hirkanda yanğın bilərəkdən törədilib”- EKOLOQ

Hazırda oxunan: “Hirkanda yanğın bilərəkdən törədilib”- EKOLOQ

8830

4 gündür Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın davam edir. Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilsə də yanğının söndürülməsi hələki mümkün olmayıb.

Səbəb yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Bizim.Media-ya açıqlamasında deyib ki, yanğın davam etsə və geniş sahəyə yayılsa, nəinki Mili Parkın flora və faunasına, əhaliyə də ciddi ziyan dəyəcək:
 

MÖVZU İLƏ BAĞLI:

FHN Hirkan Milli Parkındakı yanğınla bağlı video yaydı - VİDEO


“Yanğın baş verən meşədə bütün canlı aləm ya məhv olacaq, ya da oranı tərk edəcək. Milli parkda olan vəhşi heyvanlar əraziyə yaxın yaşayış evlərinə və ev heyvanlarına hücum edəcək. Ola bilər bu yırtıcı heyvanlar insanları da parçalasınlar.Hər hansı meşə zolağında vəhşi heyvanlar mövcuddur. Ayı evlərə hücum etməsə də, tülkü, çaqqal, canavardan isə qorunmaq lazımdır. Ümumiyyətlə bu cür yanğınlar istər flora, istərsə də faunaya təsirsiz ötüşmür və “”ciddi iqtisadi itki ilə nəticələnir”.

Telman Zeynalovun iddiasına görə Azərbaycanda meşə özbaşına yanmır, yanğın bilərəkdən, yaşıllığın məhv edilməsi məqsədilə törədilib:

“Qış dövrüdür və temperatur 7, 8 və ya 10 dərəcədən yuxarı qalxmır. Hansı qlobal istiləşmədən danışmaq olar? İldırım isə heç vaxt meşəni yandırmır. Nə qədər meşə qırılır? Meşəni yandırırlar, sonra da deyirlər ki, yanğın baş verib. Təki öz iqtisadi amillərini və çirkin əməllərini həyata keçirsinlər”. 

Hirkan Milli Parkında 450 növ ağac və kol cinslərinin 174-növü mövcuddur. Burada əsas meşə əmələ gətirən edifikatorlar:

Şərq fıstıqı, Şabalıdyarpaq palıd, Qafqaz vələsi, Şuşa vələsi, Şərq vələsi, dəmirağacı növləridir. Milli Parkın bir hissəsini qarışıq meşələr təşkil edir. Burada 1 km2 ərazidə 35-ə yaxın növdə ağac və kol növlərinə rast gəlmək olur.

Onların arasında əsasən şabalıdyarpaq palıd, fıstıq, vələs, dəmirağac, qızılağac, azat ağacı, Qafqaz xurması və s. ağac növləri xüsusi yer tutur. Bu ağacların orta yaşı 120-150 ildir. Meşələrin orta boniteti II-III, orta sıxlığı, 0,57-0,51-dir.

Hirkan Milli Parkının ərazisində məskunlaşmış fauna da növ baxımından çox zəngindir.

Burada Ön Asiya bəbiri, qonur ayı, zolaqlı kaftar, canavar, su samuru, vaşaq, cüyür, çöl donuzu, tirəndaz, çaqqal, porsuq, meşə pişiyi, tülkü və s. növlərə rast gəlinir. Həmçinin, Milli Parkın ərazisində Ussuriya xallı maralı da məskunlaşıb və yerli şəraitə uyğunlaşıb.

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş çox nadir herpetofauna və entomofauna növləri də burada özünün müxtəlifliyi ilə diqqəti cəlb edir.

Milli Parkın ərazisində 117 növdə quş nümünələrinə rast gəlmək mümkündür ki, onların da 68 növü Milli Park ərazisində məskunlaşmış növlərdir.

Ön Asiya bəbiri, vaşaq, meşə pişiyi Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına, zolaqlı kaftar Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin siyahısına, su samuru Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin siyahısına daxil edilib və qanunla qorunur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin