Xəbər verdiyimiz kimi, dünən ölkənin əsas internet provayderləri “Aztelekom” və “Baktelekom” tərəfindən yeni tariflər müştərilərə təqdim edilib.
Belə ki, şirkətlər GPON texnologiyası ilə fiber-optik internet xidməti üçün bu addımın atıldığını bildiriblər.
Yeni tariflərə əsasən, əvvəlki 4 Mb/s və 10 Mb/s sürətlər ləğv edilib və müvafiq olaraq 15 və 30 Mb/s sürətlər təklif edilib. Eyni zamanda təklif olunan tariflərin qiymətləri də artıb. Belə ki, 4 Mb/s üçün 10 manat ödəyən müştərilər, indi ən aşağı tariflə 15 Mb/s üçün 15 manat ödəyəcəklər. 10Mb/s üçün 12.5 manat ödəyənlərdə 30 Mb/s üçün 18 manat ödəyəcəklər.
Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüzün fikrincə, bütün bunlar təqdirəlayiq olsa da, birdən-birə hamı üçün yüksək sürətlər təklif etmək və buna uyğun olaraq əvvəlki aşağı sürətə uyğun qiymətdən xeyli yüksək ödəniş tələb etmək doğru yanaşma deyil:
MÖVZU İLƏ BAĞLI:
Telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edildi
“Heç bir investisiya yatırımı, böyük sürətlərə ehtiyacı olmayan məhdud bir təbəqəni yüksək ödənişlə yüksək də sürət əldə etməyə məcbur edə bilməz. Bu, doğru olmazdı. Xüsusən də, bazarda hökmran mövqe tutan, dövlətə məxsus operatorlar üçün bu, yolverilməzdir. Düşünürəm ki, indiki şəraitdə, internetə əlçatanlığın insanların əsas fundamental hüquqlarından biri hesab olunduğu bir vaxtda, yüksək sürətə ehtiyacı olmayanlar üçün, əvvəlki ödəniş səviyyəsində, təxminən 10-12 manat civarında bəlli bir internet sürəti təklif oluna bilərdi”.
Osman Gündüz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hələlik bu məsələyə müdaxilə etmədiyini də vurğulayıb:
“Qiyməti operatorlar qaldırıb. Düşünürəm ki, bunun özü də doğru bir yanaşma deyil. Nazirlik hazırda həm də tənzimləyicidir. Təəssüf ki, hələlik bu funksiyanı yerinə yetirməli olan, Prezident fərmanı əsasında yaradılan İKT Dövlət Agentliyi də formalaşmayıb. Nizamnaməsi hələ də yoxdur, rəhbərliyi də həmçinin. Düşünürəm ki, Nazirlik tabeliyindəki dövlət operatorlarının qiymət siyasətinə müdaxilə etməlidir.
Qısa bir araşdırma ilə görmək olar ki, dövlət operatorlarının təklif etdiyi yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderdən də bahadır. Hansı ki, normalda bu tərsinə olmalıdır. Düşünürəm ki, bu məsələni, Nazirlik və operatorlarla birlikdə İctimai Şurada da müzakirə etmək faydalı olardı”.
Murad Əhmədov, Bizim.Media