“Kontakt Home”da FİLM kimi OLAY – Alıcı başqasının məhsuluna görə pul ÖDƏYİR və CƏRİMƏLƏNİR

Hazırda oxunan: “Kontakt Home”da FİLM kimi OLAY – Alıcı başqasının məhsuluna görə pul ÖDƏYİR və CƏRİMƏLƏNİR

87871

“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlərin sayı bitib-tükənmək bilmir. Aldıqları məhsula görə müxtəlif problemlərlə üzləşən müştərilər mağaza filiallarının əlində girinc vəziyyətdə qalıblar. Nə keyfiyyətli məhsul sahibi ola bilirlər, nə də onlara sırınan yararsız məhsulu geri qaytara bilirlər. Üstəlik onlara aid olmayan məhsula görə haqsız yerə pul da ödəyirlər. 

Bu dəfə “Kontakt Home” mağazalar şəbəkəsindən Nizami rayon sakini Aygün Ələsgərova şikayətçidir.

İstehlakçının sözlərinə görə sözügedən şirkət başına olmazın müsibətlər gətirib. Haqlı səsini isə heç bir aidiyyəti qurum eşitmək istəmir.  

Aygün Ələsgərovanın sözlərinə görə 10.01.2020 ci il tarixdə “Kontakt Home” dükanlar şəbəkəsinin “Xalqlar dostluğu” metrosu yaxınlığında yerləşən Q.Qarayev prospekti 125B filalından kreditə dəyəri 1576 AZN-ə olan soyuducu alıb. Aylıq ödənişi 87 manat 60 qəpik olmaqla kredit müqaviləsi bağlanıb. Bir həftə sonra soyuducunu evə gətirsələr də qüsurlu və yararsız olduğu üçün heç 7 gün belə işlədə bilməyib.

Bu azmış kimi 2 ildən sonra şirkət tərəfindən məhkəməyə verilib. Həm ona aid olmayan soyuducunun tam pulu tələb olunub, həm də guya məhsula ziyan verdiyi üçün 700 AZN cərimələnib:

“Soyuducunu evə gətirəndə  tapşırdılar ki, şəbəkəyə qoşmaq olmaz. Mən də 4 gün sonra qoşdum. Qoşan kimi soyducudan yüksək səs gəldi. Təzə olduğunu fikirləşərək 3 gün gözlədim, səs kəsmədi. Soyducunu şəbəkədən ayırdım və problem barədə dükana bildirərək, geri qaytarmaq istədiyimi dedim. Çoxsaylı zəng və tələblərimdən sonra 27.01.2020-ci il tarixdə “Kontakt Home”dan usta göndərildi. Soyuducunu şəbəkəyə qoşub səsə qulaq asdılar. Təzə çıxan “Samsung” soyuducular belədir. Biz bir şey edə bilmərik”, deyib getdilər. Soyuducu yüksək səslə işləməyə davam edirdi. Səsdən bezib, şəbəkədən ayırdım və üstünü örtdüm”.

Şikayətçi qeyd edib ki, 11.02.2020-ci il tarixdə “Kontakt Home”nin əməkdaşları malı diqqətlə yoxlayıb salamat geri götürdükləri barədə 5427 sayli “Təhvil-Təslim” aktı veriblər:

“Ustalardan soruşdum ki, indi mən nə etməliyəm. “Dükana gedin və müqaviləni akt əsasında ləğv etdir”. Səhəri gün 12.02.2020-ci il tarıxdə dükana gedib satıcıya aktı göstərdim. Satıcı kompüterə baxıb onlara bu barədə məlumat gəlmədiyini, gözləməli olduğumu və mənə zəng gələcəyini bildirdi. Başqa krediti ödəmək üçün hər dəfə dükana gedəndə, “bəs soyuducunun kreditini ödəmirsiz?” Mən isə “akti rəhbərinizə göstərin, müqaviləni ləğv etsin” deyə tələb edirdim. “Baş üstə” deyib, məni yola verirdilər. Ağlıma da gəlməzdi ki, olmayan mal ücün mənə borc yazırlar.

Nəhayət 23.08.2021-ci ildə poçtdan mənə rəsmi məktub gəldi ki, “Kontakt Home” məni 700 AZN cərimə edib. Dərhal dükana gedib səbəbi ilə maraqlandım. “Sistemdə görünür, bizlik bir şey yoxdu”, deyə bildirdilər və “Kontakt Home”un hüquq şöbəsinə yönəldildim. Akta baxıldı və mənə bildirildi ki, guya şirkət soyuducunu geri götürəndə cızıq aşkar edib. “O zaman məndən təhvil alınanda aktda niyə cızıq olunduğu qeyd edilməyib” deyə soruşdum. Anladım ki, haqsız yerə məndən pul qoparmaq ücün atılmış böhtandır.

Soyuducunun göstərilməsini tələb etdim. Satıldığı bildirildi və tələb olundu ki, 700 AZN borcu ödəməliyəm. Hətta yan otaqda əyləşən bir şəxs öz kartının şəklini göndərib, “bura ödə” dedi. 100 AZN ödədim (qəbz saxlanılır), amma bu pulun hara getdiyini bilmədim. Anlamıram ki, mənim olmayan, qaytarılan və satılan soyuducunun pulunu niyə ödəyirəm?”
 

İstehlakçı vurğulayıb ki, 3 aylıq başqa ölkəyə getməli olub. 30.09.2021-ci il tarixdə “Kontakt Home”nin hüquqşünası növbəti dəfə ona zəng edərək borcunu ödəməsini tələb edib. Vəziyyəti hüquqşünasa dəfələrlə izah etsə də heç nə dəyişməyib. 


Aygün Ələsgərova problemi ilə bağlı İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Xidmət rəisi Məmməd Abbasbəylinin imzasıyla ona 05.01.2022-ci il tarıxli cavab məktubu gəlib.

Hansı ki, dövlət qurumu “Kontakt Home”nin tələbini təsdiqləyib. İstehlakçı bu qərarın haqsız olduğunu iddia edir:

“Dövlət qurumu bu böhtanı necə təsdiqləyə bilir? Axı hər şeyi sübut edəcək sənədlər və faktlar təqdim etmişəm. Deyirlər, bu şəbəkənin sahibi deputat Elnur Allahverdiyevdir. Baxın, Milli Məclisin üzvü xalqa belə xidmət edir!”, deyə şikayətçi əlavə edib. 

Qeyd edək ki, çarəsi kəsilən şikayətçi həm də hüquqlarının bərpası üçün Azad İstehlakçılar Birliyinə müraciət edib.

Məsələ ilə bağlı “Kontakt Home”a müraciət etsək də, zənglərimizə cavab verən olmayıb. Şirkətin mövqeyini də dərc etməyə hazırıq.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin