Azərbaycanda 1992-ci il təvəllüdlü Əkbər Cəfərov özünü “Seyid” kimi təqdim edərək iki nəfərə qarşı dələduzluq edib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Əkbərin ilk dələduzluq etdiyi şəxs tanışı Ləman (adlar şərti verilib – red.) olub.
Əkbər tanışı Ləmanın etibarından sui-istifiadə edərək onu bəxtinin bağlandığına inandırıb. O, 900 manat müqabilində onu bəd dualardan azad edəcəyini vəd edib. Aldatma yolu ilə 2019-cu il oktyabrın əvvəllərində kirayə yaşadığı Masazır qəsəbəsindəki evində Ləmandan 600 manat alıb.
Bundan başqa, Əkbər Ləmanı Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslərlə geniş əlaqələrinin olduğuna inandırıb və onu məktəbdə direktor müavini vəzifəsində müqavilə müddətinin uzadılmasında köməklik edəcəyinə, sonra onu ayrı bir məktəbə direktor vəzifəsinə təyin edilməsinə köməklik edəcəyinə yalan vəd verib.
O, həmin ilin oktyabrın birinci on günlüyündə 10.000 manat, həmin ayın ikinci on günlüyündə 6550 manat və oktyabrın sonlarında isə 1000 manat alıb.
Daha sonra Əkbər tanışı Məhərrəmə özünü Seyid kimi təqdim edib və “dua” yazmaqla Memarlıq və İnşaat universitetində qabiliyyət imtahanından keçirəcəyini vəd edib. O, bunun üçün Xırdalan şəhəri H.Əliyev parkının qarşısında 5500 manat məbləğində pul alıb.
Əkbər aldığı bu pulları narkotik vasitələrə xərcləyib.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunan zaman ondan narkotik vasitə götürülüb.
İstintaq orqanı tərəfindən Əkbərin barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Əkbərin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə ittihama xitam verilib. Buna səbəb isə onun zərərçəkmişlərlə barışması olub.
Məhkəmənin hökmünə əsasən Əkbər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib və o, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin ərazi üzrə Narkoloji Dispanserdə qeydiyyata alınması barədə qərar qəbul edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:44 / 09.08.2022
Özünü “Seyid” kimi təqdim edən gəncin dələduzluğunun “qurbanları” - TƏFƏRRÜAT
Hazırda oxunan: Özünü “Seyid” kimi təqdim edən gəncin dələduzluğunun “qurbanları” - TƏFƏRRÜAT
Hazırda oxunan: Özünü “Seyid” kimi təqdim edən gəncin dələduzluğunun “qurbanları” - TƏFƏRRÜAT
87723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.