İşə qəbul zamanı nəyə görə yaş məhdudiyyəti qoyulur? - TƏHLİL

Hazırda oxunan: İşə qəbul zamanı nəyə görə yaş məhdudiyyəti qoyulur? - TƏHLİL

87665

Azərbaycanda iş üzrə vakansiya elanı verildikdə əksər hallarda namizədlərə yaş məhdudiyyəti qoyulur. Bu məhdudiyyət daha çox 25-35 yaş aralığını əhatə edir. Bu barədə ƏƏSMN Dövlət Məşğulluq Agentliyinin yaydığı məlumatda deyilir. Təbii ki, bu da sosial ədaləti pozur. Əhali arasında haqlı narazılıq yaradır.

Əslində işəqəbulda qeyri-rəsmi müəyyən edilmiş yaş senzinin heç bir ciddi əsasları yoxdur. Çünki, 40-45 yaşlı insanlar öz sahəsində daha çox peşəkar olur. Amma nədənsə təşkilatlar daha yaradıcı və peşəkar işçilərlərlə deyil, həvəskar və yaxşı icraçılarla işləməyə üstünlük verirlər.

Ən pisi də odur ki, yaş məsələsindəki bu trend dövlət təşkilatlarında da var. Hazırda dövlət qurumları 50 yaşdan yuxarı işçilərdən səbəbsiz yerə qaçırlar. Amma unuduruq ki, ölkəmizdə kişilər üçün pensiya yaşı 65-dir.
 

MÖVZU İLƏ BAĞLI:

20 il sonra Azərbaycanı demoqrafik fəlakət gözləyir – ÇIXIŞ YOLU nədir?


Bəs, 35 yaşdan sonra aktiv iş həyatından uzaq düşən insanlar sonrakı 30 ili necə keçirməlidir?

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış sosioloq Əhməd Qəşəmoğlu bunun tək səbəbini plansızlıqda görür: 

“Konkret olaraq əmək bazarındakı plansızlıq bu acı mənzərəni yaradır. Çünki, əksər sahibkarlar menecmentlik və marketinq işini bilmir. Onlar müəssisəni daha çox şəxsi iddiaları ilə idarə edirlər. Bu da sonda ona gətirib çıxarır ki, müəssisələrin çoxu uzunömürlü olmur. Nəticədə ixtisarlar ortaya çıxır. Bu isə əmək bazarında zehni cəhətdən deyil, fiziki cəhətdən daha çevik adamlara tələbat yaradır. Bu da əlbəttə ki, doğru deyil”.

Agentliyin yaydığı məlumatda diqqət çəkən məqamlardan biri də odur ki, aqrar sahəyə, xüsusən iri fermer təsərrüfatlarına ali təhsilli kadrlar – zootexnik, aqronom və s. lazımdır.

Bu tələbatımızı, əsasən, xarici ölkələrdən, o cümlədən Türkiyədən dəvət olunmuş peşəkar kadrların hesabına ödəyirik. Turizm, yüksək texnologiyalar sahəsində də ciddi kadr çatışmazlığı müşahidə edilir. Real mənzərə ondan ibarətdir ki, xaricdən dəvət olunan kadrların yaş həddi 35-dən yuxarıdır.

Bəs, elə isə niyə yerli kadrlara münasibətdə yaş həddi xeyli önə çəkilir?

Əhməd Qəşəmoğlu xaricdən dəvət olunan kadrların dövlət qurumlarında da yer almasını yaxşı hal olmadığını bildirdi: 

“Hazırda iş yerlərinin açılmasında qaydalar yoxdur. Yoxsulluğu ortadan götürmək, indikindən 10 dəfədən artıq iş yeri açmaqla bağlı bizim konsepsiyamız var. Çox təəssüf ki, bu layihəmiz ortada qalıb. İndi əhalinin güzəranına xidmət edən sahələr yaranmalıdır.
Xeyli sosial işçilər olmalıdır. Asudə vaxtın təşkili ilə bağlı işçilər olmalıdır. Xidmət sahələri inkişaf etməlidir ki, əhalinin güzaranı yaxşılaşsın deyə... Burda da 40-50 və daha yuxarı yaş həddində olan işçilərə ehtiyac var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin