Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində müəllim işləyən Rəvanə Asiman məktəbdə qanunsuz halların olması, şagirdlərə dərman paylanılması, işlədiyi dövrdə haqsızlıqlarla üzləşməsi ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşım böyük ajiotaja səbəb olub.
Belə ki, müəllim qeyd edir ki, şagirdlərə narkotik tərkibli dərmanlar paylanılır və bu məsələ məktəb rəhbərliyini heç narahat etmir:
“Kitabxana kartları pulla satılır və kitabxana açılmır. Gündə sadəcə 15 dəqiqə açıq olurdu. Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir. Müəllim dərsə içkili halda girir. Şagirdlərə dərman paylanılır və bu heç kəsi narahat etmir.
Əlbət, vəzifəm deyildi, lakin hamısının işinə qarışdım. Reaksiya verdim, lazım gəldi dalaşdım”, - deyən R.Asiman bildirir ki, 10 dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətini bildirsə də demək olar ki, hamısı nəticəsiz qalıb.
“Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, məktəb ailədir, ailənin sirri kənara çıxmaz. Bu gün istefa ərizəmi yazdım, çətin də olsa”.
Bizim.Media-ya məsələ ilə bağlı Təhsil Nazirliyindən verilən məlumata görə, müəlliməninın məktəbdəki nöqsanlarla bağlı müraciəti Quba-Xaçmaz RTİ rəhbərliyi tərəfindən araşdırılıb və müvafiq addımlar atılıb və məktəbin təsərrüfat işləri üzrə direktor müavini və direktor əvəzi işdən azad ediliblər:
“Monitorinq zamanı məktəbin direktor əvəzi Nuriyyə Nurməmmədova və təşkilati işlər üzrə direktor müavini Rəşad İsayevin işlərində müəyyən nöqsanlar (aşkarlanan nöqsanlara görə həmin şəxslər haqqında intizam tənbeh tədbirləri görülüb) aşkarlansa da iddia edilən fikirlər təsdiqini tapmayıb.
Belə ki, kitabxanada oxucu kartlarının pulla satılması, kitabxananın gündə 15 dəqiqə açılması, ocaqçının sobaları yandırmaması, müəllimlərin içkili dərsə gəlməsi, şagirdlərə dərman preparatlarının paylanılması fakları təsdiqlənməyib.
2022-ci ilin iyununda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri İnqilab Musayev adıçəkilən məktəbdə olublar.
Həmin zaman aşkarlanan nöqsanlara görə və daha öncəki nöqsanlar da aradan qaldırılmadığı üçün məktəbin təsərrüfat işləri üzrə direktor müavini və direktor əvəzi işdən azad ediliblər. Nuriyyə Nurməmmədova məktəbdə müəllim kimi saxlanılıb”.
Müəllimənin istefa ərizəsinin aqibəti və onun yenidən işə qaytarılması məsələsinə isə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev aydınlıq gətirib.
Onun sözlərinə görə, bu artıq müəllimənin öz seçimidir:
“Heç bir məktəb rəhbərinin müəllimlərə ögey münasibət bildirməyə ixtiyarı yoxdur. Gənc müəllimlərə dəstək bizim üçün hər zaman prioritet olub və olacaqdır.
Bu yolda çalışan, zəhmət çəkən təhsil işçilərinə mane olmaq yolverilməz və qəbuledilməzdir, kimliyindən asılı olmayaraq belə hallara yol verənlər cəzalanacaqlar. İşdən ayrılmaq müəllimin seçimidir. Amma arzu edirsə, yenidən gəlib işləyə bilər”, - deyə R.Hacıyev bildirib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:01 / 08.08.2022
Xaçmaz məktəbində baş verən HADİSƏNİN NƏTİCƏSİ - Şikayətçi müəllim işə qaytarılacaqmı? – Rəsmi CAVAB
Hazırda oxunan: Xaçmaz məktəbində baş verən HADİSƏNİN NƏTİCƏSİ - Şikayətçi müəllim işə qaytarılacaqmı? – Rəsmi CAVAB
Hazırda oxunan: Xaçmaz məktəbində baş verən HADİSƏNİN NƏTİCƏSİ - Şikayətçi müəllim işə qaytarılacaqmı? – Rəsmi CAVAB
87512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.