R.Muradlı: "Abbas Lisani Güneyin Azadlıq hərəkatında simgəyə çevrilib"

Hazırda oxunan: R.Muradlı: "Abbas Lisani Güneyin Azadlıq hərəkatında simgəyə çevrilib"

87359

Məlum olduğu kimi son günlər Güney Azərbaycanın Ərdəbil şəhərində tanınmış milli fəal Abbas Lisani İran təhlükəsizlik qüvvələri tərəfindən növbəti dəfə həbs olunaraq zindana köçürülüb. Güneyli qaynaqların məlumatına görə o, Urmu gölü etirazları ilə əlaqədar dosye ilə bağlı məhkum olunduğu bir illik həbs cəzasını çəkmək üçün saxlanılıb.Moderator.az  baş verən olay haqda Ümid Partiyasının sədr müavini Rüfət Muradlının fikirlərini öyrənib:

" Abbas Lisani artıq Güney Azərbaycan Milli Azadlıq Hərəkatının simgəsinə çevrilmiş bir şəxsdir. O, bir an belə Güneydə Ana dili, mədəni haqlarımızla bağlı mübarizədən geri çəkilməyən biridir. Səhv etmirəmsə Abbas bəy son dəfə 2011-ci il sentyabrın 9-da Urmu gölü etirazları zamanı Ərdəbildə tutulmuş və 55 gün Ərdəbilin ETTELAAT idarəsində saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdı. O, Babək Qalası, Urmu Gölü etirazları, türkcə dərgilərin nəşr edilib və yayılması, Səttarxanın məzarı üstündəki mərasimdə və digər yığıncaqlarda aktiv iştirakçılardan olub və bu kimi fəaliyyətlərinə görə, uzun illərdir İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb. Beynəlxalq Amnistiya Təşkilatı da zamanında A.Lisani ilə bağlı bəyanatlar yayıb və azərbaycanlı fəalın vəziyyəti ilə bağlı öz nigarançılıqlarını bildiriblər. Məncə rejim onun azadlıqda qalması ilə barışa bilmir. Aldığım məlumata görə onun ailəsini dolandırdığı iş yeri də bağlanıb. Onun ailə üzvlərinin, uşaqlarının yeganə ümid yeri olan dükanı bağlamaqla Tehran rejimi özünün insanlığa zidd mahiyyətini bir daha ortaya qoydu. Amma bu aqressiv metodlarla bir millətin haqq səsini susdurmaq olmaz. Düşünürəm ki, qərblə anlaşmaya varıldığı bir dönəmdə İran hakimiyyətinin qeyri-fars millətlərin nümayəndələrinə qarşı bu şəkildə davranışı beynəlxalq dairələrin nəzərindən qaçmayacaq. Bundan ötrü bizim də əlimizdən nə gəlirsə etməliyik"- R. Muradlı dedi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin