Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun Qarabağda bir sıra strateji nöqtələri nəzarətə götürməsilə bağlı açıqlama verilib.
Belə ki, bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı (2374 m) və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Bəs, bu yüksəkliklərin nəzarətə götürülməsinin strateji əhəmiyyəti nədir?
MÖVZU İLƏ BAĞLI:
Buzdux dağı və ətrafındakı yüksəkliklərə bayrağımız SANCILDI - VİDEO
Sualı Bizim.Media üçün cavablandıran hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Buzdux dağı və ətrafındakı yüskəkliklərin nəzarətə götürülməsi qəhrəman hərbçilərimizin növbəti uğurudur:
“Bu dağın və ətrafındakı yüksəkliklərin ordumuzun nəzarətində olması Ağdaban-Suqovuşan, Sərsəng su anbarı və Vəng istiqamətində atəş, müşahidə imkanlarımızı kifayət qədər genişləndirir. Eyni zamanda, Ordumuzun birbaşa olaraq Murovdağ istiqamətində çıxışını təmin edir. Bu əməliyyatın ən üstün cəhətlərindən biri də ondan ibarətdir ki, ordumuz belə bir strateji yüksəkliyi heç bir itki vermədən əldə edib.
Bu, Azərbaycan Ordusunun mənəvi-psixoloji vəziyyətinə də kifayət qədər müsbət təsir edən amillərdən biridir. Hesab edirəm ki, bundan sonra da qəhrəman ordumuz düşmənin bütün təxribatlarına layiqincə və minimal itkilərlə cavab verə biləcək”.
Ekspert əlavə edib ki, Buzduxun nəzarətə götürülməsi sadalanan ərazilərlə yanaşı, ordumuzun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yeni ərazilərdə yerləşməsi üçün münbit şərait yaradacaq.
Murad Əhmədov, Bizim.Media