Bakıda 52 yaşlı kişi arvadı ilə dalaşdı, oğlunun qolunu sındırdı - TƏFƏRRÜAT  

Hazırda oxunan: Bakıda 52 yaşlı kişi arvadı ilə dalaşdı, oğlunun qolunu sındırdı - TƏFƏRRÜAT  

87131

Bakının Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Nəcəf Nağıyev yetkinlik yaşına çatmayan oğlu Adilə (adlar şərti verilib – red.) xəsarət yetirib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 24-də rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində baş verib.  

Nəcəf həmin gün saat 18.00-da arvadı Səbinə ilə ailə-məişət zəminində mübahisə edib. Bu zaman araya girən Adili itələyərək yerə yıxıb, sonra yumruqla bir neçə dəfə ona ardıcıl zərbələr vurub.  

İstintaq orqanı tərəfindən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi üzrə ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, noyabrın 24-də saat 17 radələrində yaşadığı evə gəlib:  

“Evdə olarkən yemək yedim, bir qədər spirtli içki qəbul etdim. Mətbəxdə olan zaman həyat yoldaşım Səbinə ilə söhbət etdik. Söhbət zamanı Səbinə mənim keçmişdə münasibətdə olduğum qadın barədə söhbət açdı. Bu zəmində Səbinə ilə aramızda mübahisə yarandı”.

Nəcəf qeyd edib ki, arvadı ilə mübahisə edən zaman onların olduğu yerə oğlu Adil gəlib:

“Oğlum əlində olan qaz borusu üçün olan açarla sağ qoluma və bədənimə vurdu. Buna görə də oğlumu özündən kənarlaşdırmaq üçün kənara itələdim. Oğlum Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdikdən sonra evə polis əməkdaşları gəldilər”. 

Nəcəf bildirib ki, oğlu onun barəsində doğru ifadə verməyib. O, deyib ki, Adilin onu vurarkən öz zərbəsinin təsirindən qolu sınıb.  

Zərərçəkmiş Adilin sözlərinə görə, ailələrində tez-tez atası ilə anası məişət zəminində mübahisələr ediblər:

“Buna səbəb atamın mütəmadi olaraq spirtli içki qəbul etməsi, evə sərxoş vəziyyətdə gələrək mübahisə yaratması olub”.  

Adil qeyd edib ki, sonuncu hadisə zamanı da atası ilə anasının səs-küyünə gəlib:  

“Atam anamın boğazından tutaraq boğurdu. Onları ayırmağa başladım. Bu zaman atam mənə dedu ki, müdaxilə etmə. Əli ilə məni kənara itələdi. Nəticədə yerə yıxıldım. Sonra atam yumruqla bir neçə dəfə mənə zərbələr vurdu. Hadisə nəticəsində sağ qolum sındı”.  

Adil qeyd edib ki, atasının ərizə ilə müraciət edərək, o və anası tərəfindən döyülməsini bildirməsi yalandır.  
Binəqədi rayon Məhkəməsinin hökmü ilə Nəcəfin əməli Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib.  

O, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin