Siyəzən rayonunda 1989-cu il təvəllüdlü Cəmilə Səlimova şəxsi münasibətlər zəminində keçmiş qaynanası Lətifəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu il iyunun 12-də rayonunun Yenikənd kəndində baş verib.
Cəmilə həmin gün saat 21.30-da yaşadıqları evdə keçmiş qaynanası Lətifə ilə ailə münaqişəsi zəminində mübahisə edib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmilə elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
O bildirib ki, iyunun 12-də saat 21.30-da keçmiş qaynanası ilə yaşadıqları evdə televizora görə aralarında mübahisə yaranıb:
“Övladlarım ilə həmin evdən köçmək ərəfəsində olduğumdan bir neçə ilə əvvəl aldığımız və evin zalında quraşdırılmış televizoru çıxardıq. Televizori aparmaq məqsədilə yaşadığım otağa keçirdim. Həmin vaxt uşaqlarım Rasim, Sədi və Səlimə ilə yaşadığım otaqda olarkən qaynatam Kərim və qaynanam Lətifə otağa daxil oldular. Məndən televizorun yerini soruşdular, həmçinin hansı səbəbdən yerindən çıxartmağım ilə maraqlandılar. Televizorun mənə məxsus olduğunu bildirdim. Buna görə də götürdüyümü dedim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu zaman keçmiş qaynanası onun saçından tutub və nalayiq ifadələrlə təhqir etməyə başlayıb:
“Bundan sonra özümü müdafiə etmək məqsədilə paltar şkafının üzərində olan qazan qapağı ilə Lətifənin baş nahiyəsinin orta hissəsindən bir dəfə vurdum. Bu vaxt Lətifə başını tutdu, otaqdan çıxdı. Kərim isə qolumdan tutaraq məni tərəf, bu tərəfə dartışdırdı”.
Zərərçəkmiş Lətifənin sözlərinə görə, oğlu Natiqlə gəlini Cəmilənin nikahları pozulsa da, keçmiş gəlininə güldən ağır söz belə deməyib:
“Hadisə günü keçmiş gəlinimin nəvələrimlə yaşadığı otağa daxil oldum, ondan hansı səbəbdən televizoru yerindən çıxartması ilə maraqlandım. Cəmilə isə televizorun sahibinin özü olduğunu bildirdi, televizorun ona aid olmadığını, 10 il əvvəl dəyərini hissə-hissə ödəməklə özünün aldığını qeyd etdi. Cəmilə götürməyək deyə televizoru gizlətmişdi. Bu zaman Cəmilədən televizoru qaytarmasını istədim. O, məni itələdi, otaqdan çıxmağımı tələb etdi”.
Lətifə qeyd edib ki, evdən götürülmüş əşyalara görə ona heç bir şey demədiyini, yalnız televizoru qaytarmalı olduğunu xatırladıb:
“Bu zaman Cəmilə otaqda olan qazanın qapağını götürdü və həmin qapaqla baş nahiyəmdən 4 dəfə vurdu. Nəticədə, başımdan qan gəldi. Bu vaxt səs-küy yarandı, xəstə ərim də həmin otağa gəldi. Qazan qapağını Cəmilənin əlindən özüm aldım. Ərimin köməkliyi ilə otaqdan bayıra qaçdım”.
Lətifə qeyd edib ki, ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib. Lətifənin sözlərinə görə, hadisə zamanı gəlini onu öldürməklə hədələyib:
“Mübahisə vaxtı Cəmilə mənə dedi ki, sənin ölümün mənim əlimdədir, sənin yaşamağa haqqın yoxdur, yerin qəbiristanlıqdır. Ondan şikayətçiyəm”.
Siyəzən rayon Məhkəməsinin hökmü ilə Cəmilə 300 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:07 / 05.08.2022
Siyəzəndə qaynana ilə gəlin arasında qanlı dava – TƏFƏRRÜAT
Hazırda oxunan: Siyəzəndə qaynana ilə gəlin arasında qanlı dava – TƏFƏRRÜAT
Hazırda oxunan: Siyəzəndə qaynana ilə gəlin arasında qanlı dava – TƏFƏRRÜAT
87057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.