Səhiyyə Nazirliyindən Əmlak Komitəsinə TƏNQİD – “Hərracın dayandırılması barədə məktub göndərdik”

Hazırda oxunan: Səhiyyə Nazirliyindən Əmlak Komitəsinə TƏNQİD – “Hərracın dayandırılması barədə məktub göndərdik”

86993

Göygölün məşhur Kardiorevmotoloji Sanatoriyasının qanunsuz olaraq hərraca çıxarılaraq satıldığını xəbər vermişdik. Sanatoriyanın baş həkimi və rəhbəri Kamil Hüseynovun Bizim.Media-ya müraciəti ilə ictimailəşən məsələ hələ də aktual olaraq qalır. Şikayətçi iddia edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ölkə başçısının 2016-cı ildəki 1003-cü fərmanının 4.2 bəndini ciddi surətdə pozaraq, sanatoriyanı qanunsuz olaraq hərraca çıxarıb.

Qeyd edib ki, sanatoriya Əmlak Məsələləri Dövlət Komitəsinin rəis müavini Elçin Yusubovun tapşırığı ilə 2020-ci il noyabrın 7-də saxta imzalarla Asim Şahpələng oğlu Ağaliyev adlı şəxsə 267 min manata satılıb.
Buna etiraz edən Kamil Hüseynov Göyçay Rayon Məhkəməsində iddia qaldırıb və hərracın ləğv edilməsini tələb edib. Beləliklə Gəncə İnzibati Məhkəməsi iyunun 2-də hərracın ləğv edilməsi ilə bağlı yekun qərar çıxarıb və protokolu etibarsız hesab edib. Amma məhkəmə prosesi yekunlaşmayıb.

Qarşı tərəf bu dəfə apelyasiya şikayəti verib və iş hazırda Gəncə Apelyasiya Məhkəməsinin icraatında baxış mərhələsindədir. Məsələyə təxminən 10 gün sonra baxılacaq.  

Bu barədə Bizim.Media-ya danışan Kamil Hüseynovun vəkili Yolçu Abbasovun sözlərinə görə Əmlak Məsələləri Dövlət Komitəsi öz maraqları çərçivəsində qanunsuz addım atıb:

“Prezidentin müvafiq sərəncamındakı siyahıda məhz Göygöl Kardiorevmotoloji Sanatoriyasının hərraca çıxarılması yalnız investisiya yolu ilə mümkündür. İnvestisiya yolu ilə hərrac odur ki, hansısa investor gəlir və plan tərtib edir. Maliyyə qoyub, müəssisənin inkişafını təmin edir.

İnvestisiyanın bir hissəsini dövlətə keçirir, bir hissəsini isə həmin müəssisənin inkişafına xərcləyir. Müəyyən müddətdən sonra müəssisə onun adına keçsə də təyinatı üzrə fəaliyyət göstərir. Hərrac bu qaydada olmalı idi. Amma Əmlak Məsələləri Dövlət Komitəsi investisiya hissəsinə toxunmamaqla özbaşına, qanunsuz və dəyərindən də az məbləğdə sanatoriyanı satıb.

Hərrac yolu ilə satışda bütün sanatoriyanın təyinatı ləğv olunur, işçilər çölə atılır, müəssisəni alan şəxs oranı istədiyi şəkildə idarə edir. Bu qanun pozuntusuna isə Əmlak Məsələləri Dövlət Komitəsi yol verir”. 
Vəkilin sözlərinə görə Əmlak Məsələləri Dövlət Komitəsi əsassız yerə çıxışlar edərək guya özəlləşdirmə proqramına uyğun olaraq hərrac həyata keçirdiklərini bildirirlər:

“Guya dövlət büdcəsinə pul keçirirlər. Amma burada əks mövqe, şəxsi maraq və iqtisadi sabotajlıq var. Gəncə İnzibati Məhkəməsi düz olaraq qərar qəbul edib  və hərracı ləğv edib. Növbəti prosesdə Gəncə Apelyasiya Məhkəməsi onların şikayətini təmin edib, bizim qərarı ləğv edə bilər. Yaxud şikayətlərini rədd edər, təmin etməz və Gəncə Rayon Məhkəməsinin qərarını qüvvədə saxlaya bilər”.

Vəkil bu məsələdə Səhiyyə Nazirliyinə də irad bildirib. O, deyib ki, əslində Səhiyyə Naziliyi hərracın baş tutması barədə məlumat alan kimi prezidentə müraciət etməli idi və bildirməliydi ki, sözügedən müəssisə əmlaklar üzrə özəlləşdirmə siyahısından çıxarılsın. 
Qeyd edək ki, Göygöl Kardiorevmotoloji Sanatoriya Səhiyyə Nazirliyinin balansındadır.

Qanunsuz hərracın keçirilməsi ilə bağlı məsələyə nazirlikdən də mövqe bildirilib:

“Sanatoriyanın hərraca çıxarılması ilə bağlı Səhiyyə Nazirliyinə hər hansı məlumat daxil olmayıb. Məlumat nazirliyə yalnız hərrac keçiridikdən sonra daxil olub və dərhal nazirlik tərəfindən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə hərracın dayandırılması barədə məktub göndərilib”, -deyə Bizim.Media-nın sorğusuna cavab olaraq nazirlikdən bildirilib. 

Məlumat üçün bildirək ki, hazırda sanatoriyada onlarla qazi reablitasiya keçir və müalicə olunur. Belə bir şəraitdə dövlət müəssisənin hansısa işbazların əlinə keçməsi etiraza səbəb olub. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin