“Qaraheybət qəzası”na görə sığorta ödənişləri niyə verilmir? - Şəhid atasından ŞİKAYƏT

Hazırda oxunan: “Qaraheybət qəzası”na görə sığorta ödənişləri niyə verilmir? - Şəhid atasından ŞİKAYƏT

86794

“Sığorta ödənişi ilə bağlı müraciət etdikdə dedilər ki, hələlik sərəncam, tapşırıq gözləyirik. Belə-belə vaxt indiyə qədər uzandı, hələ də sığorta pulundan xəbər yoxdur”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) tibb xidməti kapitanı, noyabrın 30-da hərbi helikopter qəzasında şəhid olan Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanov bildirib. 

Şəhid atasının sözlərinə görə, faciəvi hadisədən artıq 9 aya yaxın müddət keçsə də, onlar hələ də ailəyə çatacaq sığorta ödənişini (11 min manat) ala bilməyiblər: 

“6-7 ay bundan öncə bütün lazımi sənədləri yığıb Sosial Sığorta Agentliyinə təqdim etmişəm. Ondan bir müddət sonra yenidən müraciətimin cavabını öyrənmək istədim, dedilər ki, sənədləri göndərmişik “DOST” mərkəzinə onlar verəcəklər. Biz “DOST” agentliyində şəhidlik "knijkası", Prezidentin ayırdığı 500 manat təqaüd üçün sənədləşmə işlərini həll etmişik və bütün prosedurlardan keçmişik. Lakin bircə sığorta məsələmiz hələ də uzadılır, gecikdirilir”.

Şəhid atası əlavə olaraq bildirib ki, sözügedən mövzuda problem yaşayan təkcə Əhmədxanov ailəsi deyil, digər şəhid ailələrinin də müraciəti hələlik cavabsızdır:

“Şəhid polkovnik Elçin Nəbiyevin oğlu ilə əlaqə saxladım. O dedi ki, aidiyyatı qurumlar onları da çətinliyə salıb. Bir sözlə adamı incidirlər, məsələni həll edə bilmirlər, həmçinin etmək də istəmirlər. 14 şəhid ailəsindən 2, ya da 3 nəfərinin ailəsi hazırda sığorta ödənişi ilə təmin olunub. Digərlərimiz isə hələ də almamışıq.  Tez-tez biz şəhid ailələri ilə əlaqə saxlayırıq. Elə Mayor Elbrus Əhmədovun da ailəsi, polkovnik Elçin Nəbiyev yəni, demək olar ki, 11 şəhid ailəsinə hələ də bu ödəniş təqdim olunmayıb”.

X.Əhmədxanov ödənişin gecikdirilməsinin səbəbi haqqında onlara heç bir məlumat verilmədiyini də qeyd edib. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq. O sorğumuza əsasən müvafiq araşdırmaların aparılacağını və bu barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.
 

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.


Mövzunu diqqətdə saxlayacağıq.

Səkinə Yusibli, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin