İstehlakçı hər zaman haqlıdır. Bu bütün dünyada qəbul olunmuş və müzakirəyə qapalı olan məsələdir. Amma bizim cəmiyyətdə istehlakçı hər zaman haqlı olsa da çox zaman haqsız duruma düşür. Və düşdüyü haqsızlıq labirintindən də heç cür qurtula bilmir.
Bizim.Media haqlı ikən haqsız duruma düşən bir vətəndaşın başına gələn film kimi olayı təqdim edir.
Bir ətək pul verib abunə kodu alıb
Redaksiyamıza müraciət edən Almaz Ağayeva 2021-ci ilin payızında Suraxanı rayonunun Hövsan qəsəbəsində fərdi mənzil alıb. Onlar evi alana qədər mənzildə təbii qaz olmayıb. Ona görə də mövcud qanunvericiliyə uyğun olaraq “ASAN Komunal”a müraciət edib. Müraciətə əsasən Suraxanı rayonunun Qaz İstismarı İdarəsindən gəlib baxış keçiriblər. Smeta tutulub. 600 manat ödəniş edildikdən sonra Almaz xanımın evinə təbii qaz xətti çəkilib, onun adına abonent kodu açılıb, mənzilin girişində mexaniki sayğac quraşdırlıb. Amma abonentin rahatçılığı 2022- ci ilin iyununa qədər davam edib.
Xəbərdarlıq edilmədən sayğac dəyişdirilir
Beləki, bir gün evə dönən xanım mənzilin həyətindəki sayğacın dəyişdiyini görür. Yeni sayğacın yanında isə BİLDİRİŞ var. Bəlli olur ki, Suraxanı Qaz İstismar idarəsi mənzilə smart tipli sayğac quraşdırıb. Ən qəribəsi də odur ki, yeni sayğac və abunə kodu onun yox, əvvəlki ev sahibinin adınadır. Əlacsız qalan abonent Suraxanı Qİİ-yə gedir. İdarədən ona absurd bir qərar açıqlayırlar. Bildirirlər ki, “sizdən əvvəlki ev sahibi qaz xəttinə icazəsiz qoşulub. Ona görə də əvvəlki ev sahibi 850 manat cərimə olunub. Biz də ona görə sayğacı dəyişdirmişik”.
Eşitdiklərinə xeyli təəccüblənən Almaz xanım irad bildirib ki, “axı, belə bir hal var idisə mənə abunə kodu verəndə, smeta tutanda niyə bildirmədiniz?”. İdarədəkilər soyuqqannılıqla “anlaşılmazlıq olub” deyib. Sonda isə idarədən şikayətçiyə bildiriblər ki, “ya 850 manatı ödə, ya da qazın verilişi dayandırılacaq”.
“Azəriqaz” İB-dən gələn başdansovdu məktub
Əli hər yerdən üzülən abonent”Azəriqaz” İB-yə üz tutur. Birliyin baş direktoru Ruslan Əliyevin adına ərizə yazır. Məsələnin aydınlaşdırılmasını xahiş edir. Bir müddət sonra şikayətçiyə Bakı şəhəri Qaz Satışı Departamentinin rəis müavini Hicran Abbasovun adından rəsmi məktub gəlir.
Məktubda deyilir: “Sizin 26.06.2022-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, fərdi mənzilin yeni istehlakçısının qeydiyyata alınmaq məqsədi ilə sayğacın quraşdırılması üçün mülkiyyət sənədi ilə “ASAN Kommunal”a müraciət etməniz tövsiyyə olunur”.
Əlbəttə ki, belə bir cavabı heç Afrikanın cəngəlliyində yaşaya birisi yazmağa cəsarət etməz. Amma neyniyək ki, “Azəriqaz” İB -nin məsul şəxsləri şikayət ərizəsini oxuyub tanış olmadan, problemi öyrənmədən şikayətçini başdan eləmək üçün belə bir məktub yazıb.
Ədalətsizliklə üzləşən, haqlı ikən haqsız duruma düşən abonent indi nə edəcəyini bilmir. Çünki, “Azəriqaz” İB-nin abonentlərə küçə qanunları ilə davranmasının qarşısında abonent üçün seçim variantı qalmır.
Problemə aydınlıq gətirmək üçün “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevlə əlaqə saxladıq. O tez bir zamanda şikayətçinin problem ilə məşğul olacaqlarını bildirdi.
Bizsə “Azəriqaz”-ın da cavabını aldıqdan sonra mövzunu davam etdirəcəyik...
Surxay Atakişiyev, Bizim.Media